YEVLAX: Onlar iftixarımızdır
Region

YEVLAX: Onlar iftixarımızdır

"Kainat" istirahət mərkəzində, Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, Milli Məclisin deputatı İlham Məmmədov, Rayon Ağsaqqallar Şurasının sədri Minnət Mürsəlov Vətən müharibəsi qaziləri ilə görüşüb.

Çay süfrəsi ətrafında keçirilən səmimi görüşdə, şəhər icra hakimiyyətinin başçısı onlarla görüşdən məmnunluq duyduqlarını dilə gətirərək bildirdi ki, 44 günlük Vətən müharibəsində ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında, şanlı Azərbaycan Ordusunun döyüş meydanında əldə etdiyi Zəfər tarixi bir salnamədir. Bəli, bu Qələbə şəhidlərimizin canı, qazilərimizin qanı bahasına qazanılmışdır. Bu gün ölkəmizdə şəhid ailələrinin, müharibə əlillərinin, veteranların, hərbi qulluqçuların sosial müdafiəsinin təmin edilməsi, onların rifah halının yaxşılaşdırılması və problemlərinin həlli dövlət siyasətinin mühüm tərkib hissəsini təşkil edir.

Bu baxımdan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun ("YAŞAT" Fondu) yaradılması haqqında" imzaladığı Fərman böyük əhəmiyyət kəsb edir. Bu gün şəhid ailələri və qazilər həyatlarının hər bir anında ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısını hiss edirlər. Tariximizə qızıl hərflərlə yazılmış Vətən müharibəsindən sonrakı bərpa tədbirləri ilə yanaşı, hərbi əməliyyatlardan zərərçəkmiş insanlara, xüsusən də şəhid ailələrinə, qazilərə hərtərəfli qayğı Azərbaycan dövlətinin sosial siyasətinin əsas istiqamətlərindən biridir. Tarixi zəfərin qazanılmasında Yevlaxdan olan hərbçilərimiz də cəsarətlə iştirak edib, yüksək iradə, döyüş əzmi göstəriblər. Vətən uğrunda qəhrəmanlıqla vuruşaraq şəhid olanlara və döyüşlərdən qəhrəman kimi ayrılan, cəsur, igid, qorxmaz Azərbaycan oğullarına xalqımız daim minnətdardırlar.

Milli Məclisin deputatı İlham Məmmədov, Rayon Ağsaqqallar Şurasının sədri Minnət Mürsəlov çıxışlarında 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə tarixi qələbə qazanmasından, zəfərlə sona çatan Vətən müharibəsində ölkəmizin igid oğullarının qəhrəmanlıqlarından geniş söhbət açaraq müharibə əlillərinə göstərilən dövlət qayğısından, onların sosial müdafiəsinin təmin olunması istiqamətində görülən işlərdən əhatəli danışıblar.

Qazilərdən Telman Mehtiyev, Elşad Həsənzadə, Ceyhun Salmanzadə, Duman Qəmbərov çıxışlarında, Vətən müharibəsində Azərbaycanın əldə etdiyi şərəfli qələbədən, ordumuzun göstərdiyi şücaətlərdən danışmış, vətənimizin bütövlüyü uğrunda canlarını fəda edən igidlərimizin şəhadətin uca məqamında olduğunu qeyd edərək, ölkəmizdə şəhid ailələrinə və qazilərə dövlət səviyyəsində diqqət və qayğının göstərildiyini vurğulayıblar. Qazilər son günlər Ordumuzun bölmələrinə qarşı törədilən terror-təxribat əməllərindən hiddətləndiklərini bildirərək, səhhətlərində problem olmasına baxmayaraq, yenə Müzəffər Ali Baş Komandanın əmrinə hazır olduqlarını diqqətə çatdırıblar.

Sonda, Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən qazilərə xatirə hədiyyələri təqdim olunub. Qazilər göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Zabit XƏLİLOV,

"Respublika".