YEVLAX: QƏHRƏMANLARA NÖVBƏTİ MEDALLARIN TƏQDİMATI
Region

YEVLAX: QƏHRƏMANLARA NÖVBƏTİ MEDALLARIN TƏQDİMATI

Torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərək, igidlik və rəşadət göstərmiş yevlaxlı Vətən müharibəsi iştirakçılarına və qazilərə “Vətən müharibəsi iştirakçısı” medalları təqdim edilib. Bu münasibətlə keçirilən tədbirdə Yevlax Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Xaliq Əliyev, Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin rəisi Samir Qurbanov, qazilər, Qarabağ müharibəsi veteranları iştirak ediblər.

YAP Yevlax rayon təşkilatının inzibati binasında keçirilən tədbirdə əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbirdə çıxış edənlər Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin peşəkar rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində möhtəşəm Qələbəmizi təmin edib, adlarını hərb tariximizin səhifələrinə qızıl hərflərlə yazdıran Azərbaycan Ordusunun şücaətindən, onların şərəfli həyat və döyüş yolundan geniş söhbət açıblar. Vətən müharibəsində şəhidlərin qanının yerdə qalmadığı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyi, böyük Qələbənin tarixi əhəmiyyəti xüsusi qeyd edilib. Bildirilib ki, öz qanları, canları bahasına tarixə şanlı Zəfər gününü yazan Vətən oğulları heç zaman unudulmayacaq.

Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhid ailələrinə, həmçinin müharibə əlillərinə dövlət tərəfindən hər zaman böyük diqqət və qayğı göstərilir. Sağlamlıqlarını torpaq vətən uğrunda itirən Qarabağ əlillərinin mənzil-məişət şəraitləri yaxşılaşdırılır. Şəhid ailələri və əlillərə mütəmadi olaraq  yeni mənzillər, avtomobillər verilir. Onların müalicəsi üçün reabilitasiya mərkəzləri açılır və lazım gələndə isə müalicə olunmaq üçün xarici ölkələrə göndərilir.

Vətən müharibəsi iştirakçıları və qazilər onlara göstərilən dövlət qayğısına görə ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

Zabit XƏLİLOV,

“Respublika”.