YEVLAX: ŞƏHİDLƏRƏ HƏSR EDİLMİŞ KİTABIN TƏQDİMATI
Region

YEVLAX: ŞƏHİDLƏRƏ HƏSR EDİLMİŞ KİTABIN TƏQDİMATI

Vətən müharibəsi günlərində Yevlax rayonundan şəhid olanlara həsr edilən “ZƏFƏR FƏDAİLƏRİ. Yevlax şəhidləri” kitabının təqdimat mərasimi keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə Şəhidlər Xiyabanını ziyarət edərək məzarların üzərinə qərənfillər düzərək ruhlarına dualar oxumuşdur. Heydər Əliyev Sarayında davam edən mərasimdə dövlət himninin səslənməsindən sonra  şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.

Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev bildirmişdir ki, möhtərəm Prezidentimiz İlham Əliyevin dediyi kimi, Zəfərimizi şəhidlərimiz öz qəhrəmanlıqları ilə təmin etdi və xalqımız onların unudulmaz xatirəsini əbədi yaşadacaq. Yevlax rayonundan Vətən müharibəsində 65 şəhid olanların hər biri böyük itkidir. Amma əsas odur ki, onların qanı yerdə qalmadı. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən «Dəmir Yumruq» əməliyyatı zamanı Azərbaycan Ordusu düşmənin belini qırdı, başını əzdi və şəhidlərin qisası lazımınca alındı. Şəhid igidlərimizin ruhu bu gün çox rahatdır. Bu da  hamımızın ən böyük təskinliyidir. Bir qədər sonra bir illiyi qeyd ediləcək Vətən Savaşında Yevlaxın yüzlərlə qəhrəman övladı döyüşə atıldı. Bu müharibədə 193 nəfər yaralandı. Onların hər birinin döyüş yolu bir qəhrəmanlıq məktəbidir. Vətənpərvərlik örnəyidir. Bizim borcumuz isə bu qəhrəmanlıqları yazılı tarixə çevirmək, onu yeni nəslə konkret faktların timsalında çatdırmaqdır. Bu gün təqdimatına yığışdığımız «ZƏFƏR FƏDAİLƏRİ. Yevlax şəhidləri» kitabı da məhz bu amalın, bu niyyətin nəticəsində meydana çıxıb.

Sonra Vətən müharibəsini əks etdirən videoçarx nümayiş etdirilmişdir. Daha sonra Yevlaxdan olan ilk şəhid Kazımov Emin Fərman oğlunun atası Fərman Kazımov, millət vəkili İlham Məmmədov və Vətən müharibəsi qazisi Orxan Hüseynov birmənalı olaraq, ölkə Prezidentinin fikirlərini xatırlatdılar:-“İkinci Qarabağ müharibəsi bir daha Azərbaycan xalqının əzmini, bwtwn dwnyaya iradəsini göstərdi və bu şanlı qələbə tarixdə əbədi qalacaqdır. Bundan sonra Azərbaycan dövləti qalib dövlət kimi inkişaf edəcək. Azərbaycan xalqı müzəffər xalq kimi yaşayacaq, qürur hissilə yaşayacaq. Sonda «ZƏFƏR FƏDAİLƏRİ. Yevlax şəhidləri» kitabı şəhid ailələrinə təqdim olundu.

Zabit XƏLİLOV,

“Respublika”.