YEVLAX YENİ İL ƏRƏFƏSİNDƏ…
Region

YEVLAX YENİ İL ƏRƏFƏSİNDƏ…

Ölkənin iqtisadi uğurlarını hər bir vətəndaş öz gündəlik həyatında, məişətində hiss edir. Azərbaycan artıq təkcə sosial-iqtisadi deyil, siyasi müstəvidə də bir çox problemlərin öhdəsindən uğurla gəlir. "Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Azərbaycan vətəndaşının maraqları bizim üçün hər şeydən üstündür", - deyən ölkə Prezidenti, Azərbaycan vətəndaşının daha yaxşı yaşaması naminə yeni-yeni layihələrin həyata keçirilməsini təmin edir.

Yevlaxda aparılan abadlıq-quruculuq işləri çərçivəsində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir. Belə ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində şəhərin Heydər Əliyev prospektindəki 6 və 8 saylı binaların əhatə etdiyi ərazidə abadlıq, quruculuq işləri başa çatdırılaraq, istifadəyə verilməsi həyət sakinlərinin, balaca fidanların böyük sevincinə səbəb olub. Demək olar ki, bayram bayrama qarışıb…

Qeyd edilən binaların fasadında əsaslı təmir-bərpa işləri aparılıb, binaların giriş bloklarına seyf qapılar qoyulub, pəncərələr yeniləri ilə əvəz olunub, həyətdə işıqlandırma sistemi müasir səviyyədə yenidən qurulub. Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün binanın həyətinə yaraşıqlı söhbətgah və zövqlə hazırlanmış oturacaqlar qoyulub, müxtəlif növ uşaq oyun elementləri və idman qurğuları, 6 ədəd işıq dirəyi quraşdırılıb. Görülmüş işlər çərçivəsində binanın həyətinə 1800 kvadratmetr asfalt örtüyü salınıb, 700 kvadratmetr tamet daşı vurulub, 300 kvadratmetrdən artıq qazon salınıb, 500 metrdən artıq yeni bordürlər qoyulub, tullantılar üçün zibil konteynerləri yerləşdirilib. Yaşıllıqların suvarılması üçün su xətti çəkilib, torpaq işləri görülüb, avtomobillər üçün parklanma yeri yaradılıb. Abadlıq işləri aparılan ərazidəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, məhəllədə yeni yaşıllıq zolağı salınıb, ağaclar əkilib, mövcud yaşıllıqlara və ağaclara aqrotexniki qaydada qulluq olunub.

Yevlaxda aparılan abadlıq-quruculuq və yenidənqurma işlərinə görə sakinlər ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və Birinci vitse-Prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

Zabit XƏLİLOV,

"Respublika".