YEVLAXDA SU NASOS STANSİYASININ MƏHSULDARLIĞI ARTIRILIB
Region

YEVLAXDA SU NASOS STANSİYASININ MƏHSULDARLIĞI ARTIRILIB

Prezident cənab İlham Əliyevin müvafiq fərman və sərəncamları ilə təsdiqlınmiş regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarında, Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsində meliorasiya və su təsərrüfatı  sahəsi üzrə geniş tədbirlər nəzərdə tutulmuşdur və uğurla icra olunur. Bu tədbirlərin həyata keçirilməsi ilə suvarılan torpaqların su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılmasına geniş imkanlar yaradır.

Dünyada baş verən iqlim dəyişmələri Azərbaycandan da yan keçməmişdir. Belə ki, mütəxəssislər son 40 ili Azərbaycanın ən isti dövrü kimi dəyərləndirirlər. Bu baxımdan suya tələbat artmışdır. Təcrübəli melioratorlar bu işin öhdəsindən gəlmək üçün müvafiq addımlar atırlar.

Yevlax rayonunun Qaroğlan kəndi ərazisində Kür çayının sol sahilində mövcud olan 1 aqreqatlı Qaroğlan nasos stansiyası Qaroğlan  və Yuxarı Qarxun kəndlərindəki əkin sahələrini suvarma suyu ilə təmin edir. Son illər havaların quraqlıq keçməsi ilə əlaqədar bu nasos stansiyası qeyd edilən kəndlərdə yaşayan sakinlərin sahələrini suvarmağa kifayət etmirdi. Nəticədə kənd sakinləri əkin sahələrini suvarmaqda çətinlik çəkirdilər. Bu da istər-istəməz insanların narazılığına səbəb olurdu.

Yevlax Şəhər İcra Hakimiyyətinin tövsiyəsi ilə Yevlax Suvarma Sistemləri İdarəsi tərəfindən Qaroğlan nasos stansiyasında növbəti ikinci aqreqatı quraşdırıldı. Nasos stansiyasında yeni elektrik avadanlıqları, 80 metr uzunluğunda boru xətti quraşdırılaraq, nasos stansiyanın məhsuldarlığı  saniyədə 550 litr artırıldı. Bununla da Yuxarı Qarxun kəndində 300 hektara, Qaroğlan kəndində də 500 hektara yaxın sahənin suvarma suyu ilə təminatındakı problem aradan qaldırılaraq, sakinlərin ehtiyaclarının tam ödənilməsinə və minnətdarlığına səbəb oldu. 

Zabit XƏLİLOV,

 “Respublika”.