YEVLAXDA VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDLƏRİNİN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ FUTBOL TURNİRİ
İdman

YEVLAXDA VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDLƏRİNİN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ FUTBOL TURNİRİ

Şəhidlərimizin xatirəsini əbədiləşdirmək, yeniyetmələr arasında vətənpərvərlik hissini  daha da gücləndirmək, ümumtəhsil məktəblərində təhsil alan şagirdləri sağlam həyat tərzinə istiqamətləndirmək, onların asudə vaxtının səmərəli təşkili, idmana olan marağının artırılması, ümumtəhsil məktəblərinin idman sahəsində sinifdənxaric və məktəbdənkənar fəaliyyətlərinin qiymətləndirilməsi məqsədilə Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında respublika turniri keçirilir. Yevlaxda  da Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş futbol turnirinə start verilib.

Şəhər stadionunda düzənlənən açılış mərasimində Yevlax Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Xaliq Əliyev, Yevlax rayon Gənclər və İdman İdarəsinin rəis əvəzi Samir Kərimov, YAP Yevlax rayon təşkilatının aparat rəhbəri Rafiq Əliyev, Yevlax Gənclər Evi Sosial Xidmət Müəssisəsinin direktoru Elgün Əzizov,  şəhid ailələri və rayon idmansevərləri iştirak ediblər.

Tədbir iştirakçıları Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla anıb, onların ruhuna dualar oxuyublar. Sonra yarışın təşkilati işləri barədə iştirakçılara ətraflı məlumat verilib.

Qeyd edək ki, turnirdə 16 komanda iştirak edir. Dairəvi sistem üzrə keçirilən yarış iyul ayının 23-də bitəcək. Qaliblərə kubok, medal və diplomlar təqdim olunacaq.

Zabit XƏLİLOV,

“Respublika”.