Yüksək döyüş hazırlıqlı Vətən fədailəri
Siyasət

Yüksək döyüş hazırlıqlı Vətən fədailəri

Azərbaycanın tarixinə qızıl hərflərlə həkk olunan Vətən müharibəsində qazanılan Qələbənin və Zəfərin ildönümünə sayılı günlər qalıb. Bu bir il xalqımızın qürur və şərəf duyduğu il kimi yaddaşlara həkk olunub. Misli görünməyən, dünyanı heyrətə salan, düşmənlərimizə gözdağı olan parlaq Qələbə şəhidlərimizin qanı ilə daha da müqəddəsləşib.

Vətən müharibəsi Azərbaycan Silahlı Qüvvələrinin yüksək peşəkarlığını, döyüş qabiliyyətini, qəhrəmanlığını, torpaq və bayraq məhəbbətini bütün dünyaya nümayiş etdirdi. 30 ilə yaxın Ermənistanın işğalı altında qalan yurd yerlərimizi azad etdi, bu savaşda əsgərlərimiz, zabitlərimiz, generallarımız Prezident, Ali Baş Komandan İlham Əliyevin əmr və göstərişlərini ləyaqətlə yerinə yetirərək düşmən ordusunu darmadağın etdilər. İşğalçıların tör-töküntülərini torpaqlarımızdan qovdular.  Dinc ermənilərə güllə atmadan, erməni qadın və uşaqlarına əl qaldırmadan yalnız döyüş meydanında hünər göstərdilər.

İgidlərimizin döyüş məharəti sayəsində Vətən müharibəsinin ilk günlərindən Ermənistan ordusu,  şəxsi heyəti dərin mənəvi-psixoloji sarsıntı içində idi.  Azərbaycan ordusunun gücü və qüdrəti onların gözünü qorxutmuşdu.

İşğalçılardan azad edilən torpaqlar şəhidlərin qanı ilə suvarılıb, hər qarış Vətən torpağı üçün oğullarımız hünər göstərib, düşmənin keçilməz hesab etdikləri müdafiə xətlərini darmadağın edərək irəliləyiblər. Uzun illər ərzində işğalda qalan torpaqlarda indi üçrəngli Azərbaycan bayrağı dalğalanır.

Vətən müharibəsində qazanılan möhtəşəm Qələbədə Azərbaycan Silahlı Qüvvələrinin xüsusi təyinatlıları cəsarət, fədakarlıq, peşəkarlıq, sözlə ifadə edilə bilməyən igidlik göstəriblər. 

Xüsusi təyinatlı qüvvələrin tarixinə nəzər salanda bir daha aydın olur ki, qısa zaman kəsiyində Azərbaycanda  peşəkar ordu hissələri yaradılıb. 1999-cu ilin aprel ayında Müdafiə Nazirliyinin nəzdində ilk xüsusi təyinatlı dəstələr qurulub. Dəstələrin yaradılmasında Birinci Qarabağ müharibəsi iştirakçısı olmuş zabit və gizirlər iştirak edib. İllər keçdikcə xüsusi təyinatlı qüvvələr təkmilləşdirilib.   Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin formalaşmasında qardaş Türkiyə hərbçilərinin əməyi çox olub. 2020-ci ilin iyun ayında isə yeni xüsusi təyinatlı birlik yaradılıb.

Yüksək döyüş qabiliyyətinə malik olan xüsusi təyinatlıların şüarı belədir: sədaqətim şərəfimdir! Qəhrəman xüsusi təyinatlılarımız İraq, Əfqanıstan müharibələrində,  dünyadakı münaqişə zonalarında sülh yaratma missiyasında şərəflə iştirak ediblər. İkinci Qarabağ müharibəsi zamanı xüsusi təyinatlı qüvvələrin şəxsi heyəti Cəbrayıl şəhərini və ətrafdakı doqquz kəndi işğaldan azad edib. Ötən il noyabrın 8-də Prezident İlham Əliyev xüsusi təyinatlıların komandanı Hikmət Mirzəyevi Şuşa şəhərinin işğaldan azad edilməsi münasibətilə təbrik edib.

Xarici hərbi mütəxəssislərin gəldiyi qənaətə görə ilk növbədə,  vahid komandanlığın olması, Qalib Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və apardığı uğurlu ordu quruculuğu siyasəti Vətən müharibəsində qələbənin əsasını təşkil edib. Eyni zamanda  mükəmməl hərbi kadr potensialının formalaşması,  müasir hərbi silahlanma-bir sözlə,  sarsılmaz hərbi qüdrətimiz, xüsusilə ciddi nizam-intizam,  ordunun tam püxtələşməsi,  zabit və əsgərlərimizin həm psixoloji,  həm də döyüş hazırlığının yüksək səviyyədə olması şanlı Qələbəni və Zəfəri xalqımıza yaşatdı.

Vətən müharibəsində xüsusi təyinatlılar keçilməz sədləri aşıb, dağları, dərələri keçərək düşmənə sarsıdıcı zərbələr endirib. Dəstənin hər bir üzvü qəhrəmanlıq və cəsurluq nümayiş etdirib. Onlar qorxu nə olduğunu bilməyiblər. Şuşa şəhərini işğalçılardan azad edən xüsusi təyinatlı qüvvələrin qəhrəmanlığı xalqımıza sonsuz sevinc bəxş etdi.  Bu Vətən, bu xalq Sizə minnətdardır!

Salman ALIOĞLU,

"Respublika".