Yüksək intellektual potensial olan ölkədə sağlam vətəndaş cəmiyyəti formalaşır
Digər xəbərlər

Yüksək intellektual potensial olan ölkədə sağlam vətəndaş cəmiyyəti formalaşır

Milli təhsilimizin böyük qurucusu, təhsil siyasətinə dövlətçiliyin təməl prinsiplərindən biri kimi yanaşan Heydər Əliyev deyirdi: "İnsan təhsilinin əsasını orta məktəbdə alır... Əgər onun fundamental, köklü orta təhsili varsa, o, cəmiyyətdə özünə yer tapacaq, çalışacaq, ... cəmiyyətimizin şüurlu üzvü olacaqdır." Respublikaya rəhbərliyinin bütün dövrlərində ölkədə təhsilin inkişafına, dünya təhsil sisteminə inteqrasiyasına xüsusi önəm verən ulu öndərin bu sahədə apardığı mühüm islahatlarla milli təhsilimizin inkişafının əsası qoyulmuşdur. 1993-cü ildə yenidən hakimiyyətə qayıdan Heydər Əliyevin rəhbərliyi altında qəbul olunan "Təhsil islahatları proqramı" əsasında təhsil sistemində müasir texnologiyaların tətbiqinə və bu istiqamətdə məqsədyönlü fəaliyyətə başlanmışdır. Təhsil sahəsi üçün büdcə vəsaiti ilbəil artırılmış, müəllimlərin sosial müdafiəsi gücləndirilmiş və təhsil müəssisələri şəbəkəsi təkmilləşdirilmişdir. Milli təhsilin məzmunu, mahiyyəti, məqsədi, səmərəli təşkili müəllim əməyinin qiymətləndirilməsi, dərsliklərin təkmilləşdirilməsi, Azərbaycan təhsilinin kökündən dəyişməsinə şərait yaratmışdır.

Beləliklə, ölkəmizdə təhsil siyasətinin inkişafı 1993-cü ildən başlamış, prioritet sahələr müəyyən edilmişdir. Ümummilli liderin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü islahatlar, reallaşdırılan layihələr nəticəsində gənc, müstəqil Azərbaycan Respublikasının təhsil sistemi beynəlxalq təhsil sisteminə nəzərəçarpacaq qədər inteqrasiya edə bilmişdir. Bu, milli təhsil sistemimizin strukturunda, dərs vəsaitlərində, baza təhsil və fənn proqramlarında, tədris planlarında, tədrisin təşkili və idarə olunmasında, müəllim-şagird kontingentinin yaradılmasında, təhsil idarəetmə orqanlarının və tədris müəssisələri strukturlarının təşkilindəki islahatlarda öz əksini tapmışdır. Ulu öndərin 2002-ci ildə "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin müvafiq texniki bazasının möhkəmləndirilməsi haqqında", 2003-cü ildə "Azərbaycan Respublikasında yeni ümumtəhsil məktəblərinin tikintisi, əsaslı təmiri və müasir tədris avadanlıqları ilə təmin olunmasına dair proqramın (2003-2007-ci illər) təsdiq edilməsi haqqında" sərəncamları milli təhsil sahəsində mövcud problemlərin aradan qaldırılması istiqamətində mühüm əhəmiyyət kəsb etmişdir.

Təhsildə mühüm amillərdən sayılan iqtisadi siyasət məsələləri mərhələli şəkildə aparılmış, dövlət büdcəsindən təhsil sahəsinə ayrılan vəsaitin miqdarı artırılmışdır. Bu da öz növbəsində Azərbaycan gəncliyinin inkişafına böyük təkan vermiş, onun cəmiyyətdə özünü təsdiq etməsində önəmli rol oynamışdır.

Azərbaycan dövlət siyasətinin əsas istiqamətlərindən olan milli təhsilin inkişaf məsələləri Heydər Əliyev yolunun layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Belə ki, bu gün Azərbaycanda təhsil islahatı dövlətin siyasətində mühüm yer tutur, ölkədə elm və təhsil problemləri ümumi inkişaf və dövlət siyasəti ilə vəhdət təşkil edir. Azərbaycanda dinamik inkişafın sürətləndirilməsinə, cəmiyyət həyatının bütün sahələrində mütərəqqi islahatların aparılmasına etibarlı təminat yaradan ölkə başçısı İlham Əliyev elm və təhsilin problemlərini də diqqət mərkəzində saxlayaraq ulu öndərin bu sahədə müəyyənləşdirdiyi prioritetlərin varisliyini təmin edir.

Təhsil hər bir ölkənin, xalqın sabit inkişafını təmin edən mühüm amillərdəndir və qloballaşan dünyada milli təhsil sistemi inkişaf etməyən, dünya standartlarına cavab verməyən heç bir ölkə digər sahələrdə müvəffəqiyyət qazana bilməz. Məhz yüksək intellektual potensialı olan ölkədə sağlam vətəndaş cəmiyyətinin yaranması mümkündür.

"İqtisadi inkişaf sürətinə görə Azərbaycan qabaqcıl ölkələr sırasındadır. Biz bu maddi dəyərləri, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik. Çünki insanın savadı, biliyi onun gələcək həyatını müəyyən edir, ölkənin hərtərəfli inkişafına xidmət edir və beləliklə, ölkənin intellektual potensialı da möhkəmlənir. Bu gün vaxt gəlibdir ki, biz məhz bu sahəyə sərmayə qoyaq", -deyən Prezident İlham Əliyev ölkəmizdə genişmiqyaslı təhsil islahatlarını uğurla həyata keçirir. Azərbaycan Prezidenti elm və təhsilin problemlərini diqqət mərkəzində saxlayaraq ulu öndərin bu sahədə müəyyənləşdirdiyi prioritetlərin davamlılığını təmin edir. Bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də mühüm islahatlar aparılır, milli təhsilin normativ-hüquqi bazası möhkəmləndirilir, qabaqcıl texnologiyalara əsaslanan müasir təhsil sisteminin yaradılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Avropa təhsil sisteminə əsaslı şəkildə inteqrasiya edən Azərbaycan təhsil sisteminin forma və məzmunca zənginləşdirilməsi, bu sahədə yeni təlim texnologiyalarının tətbiq olunması intensiv xarakter daşıyır.

Prezident İlham Əliyevin ölkəyə rəhbər seçildiyi ilk vaxtlardan milli təhsil sistemində geniş islahatlar aparılmışdır. Belə ki, 2004-cü ildə "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı" haqqında sərəncam imzalanmış, 2005-ci ildə "Ali təhsil müəssisələrində kredit sistemi ilə tədrisin təşkili barədə nümunəvi əsasnamə", "2005-2009-cu illər üçün ümumtəhsil məktəbləri şəbəkəsində pedaqoji kadr təminatı üzrə inkişaf proqramı" təsdiqlənmişdi. "Xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilinin təşkili ilə əlaqədar proqram" (2005-2009-cu illər) da xüsusi əhəmiyyətə malikdir.

Ölkə başçısının "Ümumtəhsil məktəblərinin dərsliklə təminatı proqramı (2006-2015-ci illər)", "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin avadanlıqlarla təmin olunmasına dair İnkişaf Proqramı (2005-2009-cu illər)", "Azərbaycan Respublikasında texniki-peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)", "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı", "Ən yaxşı ümumtəhsil məktəbi", "Ən yaxşı müəllim" mükafatlarının təsis edilməsi və s. bu kimi fərman və sərəncamları milli təhsilimizin inkişafında mühüm rol oynamışdır. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli sərəncamı ilə "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın təsdiq edilməsi təhsil tariximizdə əhəmiyyətli hadisə kimi qəbul edilmişdir.

Təhsil müəssisələrinin müasir informasiya və elmi-metodiki təminatı, təhsil infrastrukturunun yenilənməsi, dərsliklə təminatının yaxşılaşdırılması, ucqar kənd məktəblərinin pedaqoji kadr təminatı, məktəbəqədər və peşə təhsili xidmətlərinin müasir tələblər səviyyəsində qurulması məqsədilə Dövlət proqramları qəbul edilmiş, layihələr həyata keçirilmişdir. Həyata keçirilən Dövlət proqramları çərçivəsində təhsil təyinatlı yeni binalar inşa edilmiş, ümumtəhsil müəssisələrinin binaları əsaslı təmir olunmuşdur. Təhsildə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi genişlənmiş, bütövlükdə təhsilin infrastrukturu müasirləşmişdir. Bir sözlə, ölkənin modernləşməsi üçün zəruri olan insan kapitalını inkişaf etdirmək və milli təhsil sisteminin beynəlxalq rəqabət qabiliyyətini yüksəltmək istiqamətində bütün zəruri tədbirlər görülmüş, ölkə başçısının "Təbii sərvətlər tükənən dəyərlərdir, ancaq təhsil, bilik, elm əbədi, hər bir ölkənin gücləndirilməsinə töhfə verən amildir", - fikri vacib islahatların reallaşmasında rəhbər tutulmuşdur.

Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra azərbaycanlı gənclərin dünyanın müxtəlif ali məktəblərinə göndərilməsi siyasəti yenidən formalaşmış, müxtəlif ölkələrlə əməkdaşlıq müqavilələri çərçivəsində gənclərimizin müvafiq ölkələrdə ali təhsil almağa göndərilməsinə təkan verilmişdi. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində ümumilikdə 3558 nəfər Azərbaycan gənci dünyanın 32 ölkəsinin 350-dən çox ən nüfuzlu ali təhsil müəssisəsində təhsil almaq hüququ qazanmışdır. "2007-2015-ci illərdə Azərbaycan Respublikası gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın uğurlu davamı olaraq ən qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq, ölkəmizdə yeni nəsil mütəxəssislərin yetişdirilməsi, Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsi, Azərbaycanda insan kapitalının dayanıqlı inkişafının təmin edilməsi, eləcə də, Azərbaycan Respublikası vətəndaşlarına aparıcı ölkələrin ali təhsil standartları çərçivəsində keyfiyyətli təhsil almaq imkanının yaradılması məqsədilə "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı" hazırlanmışdır.

Prezident İlham Əliyev ölkəyə rəhbərlik etdiyi bu illər ərzində hər zaman təhsil işçilərinə xüsusi diqqət və qayğı ilə yanaşmışdır. Ölkə Prezidentinin imzaladığı sərəncamla bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə (12-15) saat, aylıq maaşları orta hesabla 2 dəfə artırılmışdır. "Gələcəyin müəllimi təqaüdü"nün təsis edilməsi də təhsil işçilərinin əməyinin qiymətləndirilməsi, onların nüfuzunun artırılması istiqamətində atılan uğurlu addımlardan biri, Azərbaycan dövlətinin milli təhsilimizin inkişafına diqqət və qayğısının təzahürüdür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında" 2021-ci il 16 oktyabr tarixli sərəncamı ilə təhsil işçilərinin əməkhaqlarının növbəti dəfə artırılması bu qayğının bariz nümunəsidir. Sərəncama əsasən bu il yanvar ayının 1-dən etibarən Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin aylıq vəzifə maaşları orta hesabla 20 faiz, gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin aylıq vəzifə maaşları orta hesabla 40 faiz artırılmışdır.

"Təhsil dövlət siyasətində ən vacib, ən önəmli bir istiqamətdir. Artıq bu gün hamı üçün aydındır ki, hər bir dövlətin ən böyük sərvəti onun intellektual potensialıdır", - deyən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə ölkəmizdə onlarla təhsil müəssisəsi inşa və əsaslı təmir olunaraq müəllim və şagirdlərin ixtiyarına verilmişdir. Fondun uğurla icra olunan layihələrindən biri "Yeniləşən Azərbaycana - yeni məktəb" proqramıdır. 2005-ci ildən həyata keçirilən layihənin əsas məqsədi təhsil sahəsində mövcud olan problemlərin həllinə kömək etmək, ölkə miqyasında müasir standartlara cavab verən təhsil kompleksləri yaratmaq, tədrisin səviyyəsinə bilavasitə təsir edən problemləri aradan qaldırmaqdır.

Göründüyü kimi, ölkəmizdə milli təhsil siyasəti uğurla həyata keçirilir, gənc nəslin yüksək təhsilli, elmli, dünyagörüşlü yetişməsi üçün zəruri addımlar atılır. Cəmiyyətin gələcəyini təmin etmək və gənc nəslin yüksək səviyyədə təhsil alması məqsədilə təhsil sahəsinin inkişaf etdirilən sahəyə çevrilməsi isə dövrün tələbidir.

M.VƏLİQIZI,

"Respublika".