YUNESKO-nun Ümumdünya İrs Komitəsinə sədrlik etməklə Azərbaycan   dünya mədəniyyəti tarixində müsbət iz qoydu
Mədəniyyət

YUNESKO-nun Ümumdünya İrs Komitəsinə sədrlik etməklə Azərbaycan   dünya mədəniyyəti tarixində müsbət iz qoydu

Mədəniyyət anlayışına verilən bütün təriflər forma fərqindən asılı olmayaraq yekunda bir məzmun üzərində qərar tutur: insanların əldə etmiş olduqları bütün maddi və mənəvi nailiyyətlərin məcmusu. Bu nailiyyətlər yalnız dünən əldə edilməyib və bu gün də qazanılmır. Böyük insan toplumlarının taleyindən yalnız xırdaca elementlər götürən bu nailiyyətlərin arxasında min illərin zəhmət və iztirabları dayanır. Bu nailiyyətləri qazanmaq dünən insanlar üçün nə qədər çətin idisə,  bu gün onun ən gözəl nümunələrini seçib ayırd etmək, göz bəbəyi kimi qorumaq və bəşər mədəniyyətinin ardıcıllığının təminatı naminə gələcək nəsillərə ötürmək də bir o qədər məsuliyyətli və şərəfli işdir.

Mədəniyyətlər və sivilizasiyalar, keçmişlə bu gün arasında əlaqə yaratmaq işində dövlətlərə, xalqlara YUNESKO ilə əməkdaşlıq geniş imkanlar yaradır. Təşkilat məqsədini proqramının birinci maddəsində belə açıqlayır: “YUNESKO beynəlxalq əməkdaşlığa söykənən, elm, mədəniyyət və təhsil yolu ilə dünyamızın sülh və təhlükəsizliyini qorumaq məqsədilə qurulmuşdur”.

YUNESKO millətlərarası qarşılıqlı əlaqələri inkişaf etdirərək, anlaşmanı təmin etmək, insanları bir-birinə yaxınlaşdırmaq, habelə dünyanın geri qalmış ölkələrində kütləvi savadsızlığın aradan qaldırılması kimi prioritet istiqamətləri özünün əsas fəaliyyəti hesab edir. Yeni nəslə sülh və insanlıq sevgisi vermək şübhəsiz ki, mədəniyyət və elm yolu ilə mümkündür. Cəhalət pis və qaranlıq düşüncələri bəslədiyi halda, mədəniyyət və elm insanlığa doğru yol göstərir.

Azərbaycan Respublikası 1992-ci  il iyunun 3-də YUNESKO-ya üzv qəbul edilmiş, qurumun bir çox konvensiyalarına qoşulmuşdur. Son 10 il ərzində isə əməkdaşlıq daha da genişləndirilmişdir. 2013-cü il iyulun 18-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə YUNESKO arasında “Azərbaycan hökuməti ilə YUNESKO arasında təhsil, elm, mədəniyyət və kommunikasiya sahələrində əməkdaşlıq üzrə çərçivə sazişi” imzalanmışdır. Sazişdə nəzərdə tutulmuş və Azərbaycanın təşkilat üçün ayıracağı 5 milyon ABŞ dolları məbləğindəki maliyyə töhfəsi qeyri-maddi mədəni irs, qızların təhsili, elm və innovasiya texnologiyalarının inkişafı sahəsində YUNESKO-nun işini möhkəmləndirməli, eyni zamanda azərbaycanlı mütəxəssislərin təşkilatda daimi işlə təmin olunmasına və Azərbaycan maraqlarının təşkilatda qorunmasına şərait yaratmalı idi.

2014-cü il yanvarın 24-də imzalanan “Azərbaycan Respublikası Hökumət və BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı arasında Gənc Peşəkar Əməkdaş (GPƏ) Proqramının təşkili haqqında Saziş”ə əsasən, ölkəmizdən iki gənc mütəxəssis YUNESKO-da işlə təmin olunmuşdur. Saziş ölkəmizlə təşkilat arasında olan ikitərəfli münasibətlərin inkişaf istiqamətlərini genişləndirməklə  Azərbaycanın təşkilatda daha aktiv mövqe tutmasına, qərarların qəbul olunmasında yaxından iştirakına və ölkəmizin təşkilatla gələcək əməkdaşlıq imkanlarının artırılmasına imkan yaratdı.

2014-cü il iyunun 2-də YUNESKO-nun baş qərargahında Heydər Əliyev Fondunun dəstəyi ilə “Əsrlərdən bəri qorunub saxlanılan ənənəvi təamlar” adlı Azərbaycan mətbəxi həftəsi təşkil olundu.

YUNESKO-nun baş qərargahında Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycanın YUNESKO yanında daimi nümayəndəliyinin təşkilatçılığı ilə Qobustan həftəsi də 2014-cü ilin sentyabrında təşkil olunmuş, Qobustanın YUNESKO-da tanıtımı çərçivəsində bəstəkar Fərəc Quliyevin “Qobustan kölgələri”  baleti nümayiş etdirilmiş və Qobustanın qayaüstü rəsmlərinin fotoşəkillərindən ibarət sərginin açılışı olmuşdur.

Heydər Əliyev Fondunun dəstəyi ilə YUNESKO-da 2015-ci il noyabrın 17-də təşkil olunan “Azərbaycan mədəniyyəti günləri” çərçivəsində YUNESKO-nun Təcili Qorunmaya Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrs Siyahısına salınmış Azərbaycanın çövkən oyununa həsr edilən sərgi təşkil olunmuş, fransız yazıçısı Jan Lui Quronun “Qarabağ atları” kitabının təqdimatı keçirilmiş, “Azərbaycan: Ənənədən müasirliyə” adlı sərgi açılmış və “Yeni caz nəsli” qrupunun konserti təşkil olunmuşdur.

YUNESKO Baş Konfransının 2015-ci il noyabrın 17-də 38-ci sessiyası çərçivəsində keçirilən Liderlər Forumunda iştirak etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Parisdə səfərdə olmuşlar.

2016-cı il 29-30 sentyabr tarixlərində V Bakı Beynəlxalq Humanitar Forumu keçirilmiş və YUNESKO-nun baş direktorunun müavini Getaçyu Engida və YUNESKO-nun İcraiyyə Şurasının rəhbəri Maykl Vorbs forumun işində iştirak etmişdir. 2017-ci il 4-6 may tarixlərində IV Ümumdünya Mədəniyyətlərarası  Dialoq Forumu çərçivəsində YUNESKO-nun 2 tədbiri--YUNESKO-nun Mədəniyyətlərarası və dinlərarası kafedralarının 2-ci akademik forumu və YUNESKO İpək Yolu “Onlayn” Platformasının Beynəlxalq Şəbəkəsinin 3-cü toplantısı keçirilmişdir.

Onu da qeyd edək ki, YUNESKO-nun Ümumdünya İrs Komitəsinin  43-cü sessiyasına isə 2019-cu ildə Bakı ev sahibliyi edib. Bəhreyn Krallığının Manama şəhərində keçirilən YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 42-ci sessiyasında  YUNESKO-nun Ümumdünya mədəni və təbii irsin qorunması haqqında Konvensiyasına aid məsələlər müzakirə olunub, eyni zamanda müxtəlif ölkələrin maddi irs nümunələri Ümumdünya İrs Siyahısına daxil edilib. Həmçinin burada növbəti üç il üçün Komitənin sədri və 43-cü  sessiyaya   ev sahibliyi edəcək ölkə ilə bağlı müzakirələr aparılıb. Yekun qərara əsasən komitəyə sədrlik də Azərbaycana verilib. Eyni zamanda 43-cü sessiyaya Azərbaycanın ev sahibliyi  etməsi barədə də qərar qəbul edilib.

Ümumiyyətlə, Ümumdünya İrs Komitəsinin sessiyası dünya mədəni irsinə töhfə verən ən nüfuzlu tədbirlərdən biridir. Ümumdünya İrs Komitəsi dünya xalqlarının kimliyini və tarixi yaddaşını ifadə edən maddi və təbii irs nümunələrinə, ən dəyərli abidələrə dair qərarlar qəbul edir. Bu tədbirə ev sahibliyi etmək və eyni zamanda Komitəyə sədrlik etməklə Azərbaycan dünya xalqlarının mədəniyyət tarixində öz müsbət izini qoya bildi.

Ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən belə bir qərarın qəbul olunması Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan uğurlu xarici siyasət, Birinci vitse-prezident, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın dəstəyi və qayğısı, Xarici İşlər və Mədəniyyət nazirliklərinin birgə fəaliyyəti nəticəsində ölkəmizin YUNESKO ilə tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə inkişafını göstərir.

YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında Azərbaycanın “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmişdir. Bununla əlaqədar Azərbaycan Prezidenti demişdir: “Son illər Azərbaycanın mədəni irsinin dünya səviyyəsində tanıdılması və qorunması istiqamətində çoxsaylı layihələr həyata keçirilmişdir.  Qeyd edilməlidir ki, bu fəaliyyətlər beynəlxalq təşkilatlarla, xüsusən dünya mədəniyyəti, təhsili və elminə məsul olan YUNESKO ilə sıx əməkdaşlıq şəraitində gerçəkləşdirilir. Təsadüfi deyil ki, “İçərişəhər, Qız qalası və Şirvanşahlar saray Kompleksi”, “ Qobustan Qaya Sənəti Mədəni Landşaftı”, YUNESKO-nun Ümumdünya İrs Siyahısında, həmçinin xalqımızın qeyri-maddi mədəni irsinin 13 nümunəsi YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısında yer alır. Bu hadisələr Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə verdiyi töhfənin beynəlxalq  miqyasda bir daha etirafıdır”.

Sessiyada üzv dövlətlərlə məşvərət qrupları arasında dialoqun gücləndirilməsi məsələsi müzakirə edilmiş, bildirilmişdir ki, dialoq işin ardıcıllığına  xidmət etməli, nəticələri dəyişməyə meyilli olmalıdır. Çünki sistemli gələcək və qloballaşma prosesinə mənfi halların aradan qaldırılması məhz dialoq vasitəsilə reallaşa bilər.

Çıxış edənlər Ümumdünya İrs Komitəsinin son illər gördüyü işlərdən və dünyada mədəni irsin qorunması istiqamətində reallaşan layihələrdən də danışıb, həmçinin Azərbaycanın təklif etdiyi “Nominasiya prosesində ilkin siyahıların hazırlanması, reaktiv monitorinqin aparılmasında səmərəli və konstruktiv dialoqun qurulması” bəndi hesabata əlavə edilib, Azərbaycanın təklifi ilə üzv dövlətlərin iştirakçıları tərəfindən qəbul olunub. Daha sonra hesabatdakı müxtəlif bəndlərlə bağlı qərar layihələri müzakirə edilib.

Sonra YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində keçirilən Abidə Menecerləri Forumuna həsr edilmiş hesabat dinlənilmiş, bildirilmişdir ki, Abidə Menecerləri Forumu YUNESKO-nun Mədəni İrs Siyahısında  yer alan abidələrin idarə edilməsi ilə məşğul olan mütəxəssisləri bir araya gətirmək baxımından böyük əhəmiyyət kəsb edir. Forum Abidə menecmenti üçün təcrübə ən son yeniliklərlə bağlı məlumat mübadiləsi baxımından da vacib platformadır. Bununla bağlı bəyanat da qəbul edilib.

Ümumdünya İrs Komitəsinin sədri xanım Mitxel Rossler hesabatdakı 7-ci bəndlə bağlı məlumatları da diqqətə çatdırıb, bildirib ki, bu bənddə səmərəli və konstruktiv yanaşma məsələləri, idarəçilik planları, turizmin düzgün idarə olunması və dünya mədəni irsinə turizmin təsiri haqqında fikirlər yer alıb.

Əminliklə demək olar ki, Azərbaycanla YUNESKO arasında əməkdaşlıq bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcək, xalqımızın digər mədəniyyət nümunələri də  YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısında yer alacaqdır.

Zümrüd QURBANQIZI,

“Respublika”.