YUNİS NƏCƏFOV
Sosial həyat

YUNİS NƏCƏFOV

Vətən torpaqlarının erməni işğalçılarından müdafiə edilməsində gedən döyüşlərdə qəhrəmanlıqla vuruşaraq göstərdikləri şəxsi igidliyə, şücaətə və vəzifə borclarının yerinə yetirilməsində göstərdikləri misilsiz xidmətlərə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən Vətən övladları heç vaxt unudulmur, xatirələri xalqımız və dövlətimiz tərəfindən daima əziz tutulur. Həyat və döyüş yolları gənclərimiz, eləcə də Vətən əsgərləri üçün nümunə olan Milli qəhrəmanlarımızın xatirə günlərinin, anım mərasimlərinin və yubileylərinin təşkili artıq ənənə halı alıb.

Haqqında söz açacağımız Milli Qəhrəmanımız Nəcəfov Yunis İsa oğlu 31 avqust 1967-ci ildə Kəlbəcər rayonunda anadan olub. 1975-ci ildə Xanlar rayonunun (indiki Göygöl rayonu) Alabaşlı kəndində məktəbə gedib. 1985-ci ildə Goranboy rayonunun Qarqucaq kənd orta məktəbini bitirib. Hərbiyə olan marağı onu Bakı Ali Komandirlər məktəbinə gətirir. Yunis ikinci kursdan təhsilini Çelyabinsk Tank Məktəbində davam etdirir. O, 1989-cu ildə leytenant rütbəsi alır və oradakı hərbi hissələrin birində qulluğa başlayır. 1990-cı ildə 20 Yanvar faciəsi ilə bağlı siyasi çıxışlarına görə hərbi sahədən uzaqlaşdırılır. O, Bakıya qayıdır və Biləcəri Dəmiryolu İdarəsində çalışmağa başlayır. Burada bir müddət mühəndis işləyir. O, idmana da böyük həvəs göstərirdi. Sambo üzrə idman ustalığına namizəd idi. Vətənimizin başını qara buludlar alanda gənc leytenant rahatlıq tapmır. Yunis 1991-ci ildə könüllü olaraq cəbhəyə yollanır və "N" saylı hərbi hissədə bölük komandiri kimi xidməti vəzifəsinə başlayır.

Cəsur döyüşçü Kərkicahan, Malıbəyli kəndləri, Şuşa şəhəri uğrunda döyüşür. Bir müddətdən sonra onu döyüşə yeni əsgərlər hazırlamaq məqsədilə Bakıya göndərirlər. Günü-gündən cəbhədə vəziyyət gərginləşirdi. Şuşa və Laçın rayonları ağır sınaqla üz-üzə qalanda Yunis də yenidən cəbhəyə qayıdır. O, Kəlbəcər kəndlərinin müdafiəsində iştirak edir, bir neçə kəndin geri alınmasında igidlik göstərir. Baş leytenant Yunisin son döyüşü 24 avqust 1992-ci ildə olur. O, Vəng kəndinin azad olunması uğrunda gedən döyüşlərdə böyük rəşadət göstərərək, şəhidlik zirvəsinə yüksəlir. Yunis Goranboy rayonunun Qarqucaq kəndində dəfn edilib.

Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 1992-ci il tarixli fərmanı ilə baş leytenant Nəcəfov Yunis İsa oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir. Goranboy rayonu Qarqucaq kənd orta məktəbi 1994-cü ildən Milli Qəhrəmanın adını daşıyır. Goranboyda və paytaxtın Biləcəri qəsəbəsində büstü qoyulmuşdur.

Onun həyat yolu hər bir gənc üçün örnəkdir və onun xatirəsi həmişə xalqımızın qəlbində əbədi yaşayacaqdır. Belə qəhrəmanlar heç vaxt ölmür, ölümləri ilə ölümsüzlüyə qovuşurlar. Onlar həmişə bizim qəlbimizdə, qan yaddaşımızdadırlar. Qəhrəmanlar mənsub olduğu xalqın, dövlətin və bəşəriyyətin rifahı üçün əlindən gələni edən, bu yolda canından keçməyə hazır olan insanlardır. Azərbaycan xalqı Yunis Nəcəfovun qəhrəmanlığını, döyüşdə göstərdiyi şücaəti heç zaman unutmayacaqdır. Vətənimizin bütövlüyü uğrunda mübarizədə şəhidlik zirvəsinə yüksəlmiş Yunis qısa, lakin çox dəyərli ömür yaşamışdır.

Yunisin canından çox sevdiyi dünyaya göz açdığı Kəlbəcər bir güllə atılmadan belə düşmən işğalından azad edilmişdir. Onun şəhidlik zirvəsinə yüksəldiyi torpaqlarımız bu gün öz sahibinə qovuşub. Yunisin dünyaya göz açdığı bu günü - 55 illik yubileyini ehtiram ilə qeyd edirik.

2020-ci ilin 27 sentyabrı Azərbaycan xalqının yaddaşında uzun illər Qələbənin, Zəfərin başlanğıc tarixi kimi xatırlanacaq. Məhz həmin gün başlayan haqq savaşımız bizi sonda böyük Qələbəyə apardı. 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələri dünyanı heyrətə gətirən taktiki döyüşləri ilə hərb tarixinə adını qızıl hərflərlə yazdı. Prezident İlham Əliyevin qətiyyəti və Azərbaycan Ordusunun gücü, qüdrəti sayəsində Qarabağ savaşı uğurla başa çatdı.

Böyük Qələbə qazanan Azərbaycanın igid övladları işğalçı Ermənistan ordusunu darmadağın edərək döyüşdə göstərdikləri qəhrəmanlıqlarla sübut etdilər ki, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!.

Müşfiq MİRZƏ,

"Respublika".