Yurd həsrətinə son qoyulacaq
Digər xəbərlər

Yurd həsrətinə son qoyulacaq

İndiki Ermənistan dövləti tarixi Azərbaycan torpağında formalaşıb. Azərbaycan Xalq Cümhuriyyəti rəhbərliyinin 1918-ci ildə İrəvan şəhərini Ermənistana hədiyyə etməsi böyük yanlış idi.  İrəvan xanlığı əzəli Azərbaycan torpağıdır. Ermənilər bu bölgəyə sonradan gəlmişlər.

Bu dövlətin ideologiyası faşizm üzərində qurulmuşdur.

Qərbi Azərbaycan ərazisi bütöv Azərbaycanın tarixində ən qədim, strateji coğrafi-siyasi mövqeyə malik zəngin  bölgələrdən biridir.  Bunu həmin ərazidəki saysız-hesabsız  yeraltı və yerüstü  maddi mədəniyyət  nümunələri - qədim yaşayış məskənləri, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, məscid, pir və ocaqlar da təsdiq edir.

1918-ci ilin mart-iyul  aylarında erməni quldur dəstələri Qərbi Azərbaycanın İrəvan şəhərində, Göyçə mahalında, Zəngəzurda,  Amasiyada, Dərələyəzdə Vedibasarda, Zəngibasarda və digər ərazilərdə analoqu olmayan vəhşiliklər törətmiş, dinc əhali amansızlıqla  qətlə yetirilmiş, kəndlər xarabalığa çevrilmişdir. Bütün bu soyqırımı hadisələri Stepan Şaumyanın xüsusi göstərişi ilə həyata keçirilmişdir.

1918-1920-ci illərdə Qərbi Azərbaycandakı soydaşlarımız deportasiyaya məruz qalmış, köməksiz qalmış insanlar  zülmdən yaxa qurtarmaq üçün Türkiyə, İran, Gürcüstan və digər ərazilərə   üz tutmuşlar.  Ermənilər Göyçə gölünün sahillərində kütləvi  qırğınlar törətmişlər. Nəhayət polkovnik Silikyanın  başçılıq etdiyi quldur dəstəsi Səməd ağanın göstərişi ilə darmadağın edilmiş və bu acı xəbər S.Şaumyanı şok vəziyyətinə salmışdı.

Beləliklə, 1918-ci il mayın 29-da Azərbaycan ərazisində erməni dövləti yaradıldı. Ertəsi gün - mayın 30-da  bu barədə  bəyannamə elan olundu. Get-gedə ermənilər Qərbi Azərbaycanda öz mənfur  niyyətlərini reallaşdırmağa nail oldular.

XX əsrdə Qərbi azərbaycanlılara qarşı  məqsədyönlü şəkildə həyata keçirilmiş  etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində soydaşlarımız ağır məhrumiyyətlərə,  milli faciə və məşəqqətlərə məruz qalmışlar. Mərhələ-mərhələ gerçəkləşdirilən  qeyri-insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan  ərazidən - min illər yaşadıqları öz doğma tarixi-etnik torpaqlarından didərgin salınmışlar.

SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli 4083 nömrəli və 1948-ci il 10 mart tarixli 754  nömrəli qərarları Azərbaycan xalqına qarşı  növbəti tarixi cinayət aktı olmuşdur.  Bu qərarlar əsasında 1948-1953-cü illərdə 150 mindən çox  azərbaycanlı Ermənistan SSR ərazisindəki ata-baba  yurdlarından "könüllülük" adı altında kütləvi surətdə və zorakılıqla  sürgün olunmuşlar.  Hüquq normalarına zidd olan bu qərarların  icrası zamanı  avtoritar-totalitar rejimin mövcud repressiya qaydaları geniş tətbiq edilmiş, minlərlə insan, o cümlədən  qocalar və körpələr ağır köçürülmə şəraitinə, kəskin iqlim dəyişikliyinə, fiziki sarsıntılara dözməyərək  həlak olmuşlar. Bu işdə erməni şovinist  dairələrinin və başda İ.Stalin olmaqla SSRİ  rəhbərliyinin siyasəti ilə yanaşı, ovaxtkı Azərbaycan rəhbərliyinin öz xalqının taleyinə  zidd mövqeyi, soydaşlarımıza qarşı  törədilən cinayətlərin təşkilində və həyata keçirilməsində iştirakı da  az rol oynamamışdır.

Nəhayət, 1980-ci ilin  sonlarında  sovet hökuməti xalqımıza  qarşı növbəti cinayət törətdi. Bu dəfə ulu öndər  Heydər Əliyevin hakimiyyətdən getməsindən istifadə edən erməni millətçiləri və onların  sovet hökumətindəki havadarları,  xüsusilə ermənipərəst Mixail Qorbaçov dərhal hərəkətə gəldi. Belə ki, Heydər Əliyev 1987-ci ilin noyabrında vəzifəsindən uzaqlaşdırılandan iki həftə sonra  erməni millətçiləri baş qaldırdılar. 300 mindən çox Qərbi azərbaycanlı tarixi torpaqlarından qovuldu.

İndi 35 ildir ki, Qərbi azərbaycanlılar ata-baba yurdlarından, qədim Oğuz ellərindən  qaçqın düşmüşlər. Hamı yurd həsrəti ilə yaşayır...

24 dekabr 2022-ci ildə Prezident İlham Əliyevin bir qrup Qərbi Azərbaycan ziyalıları ilə görüşü dünyanın bir çox ölkələrinə səpələnmiş vətən həsrətli Qərbi azərbaycanlıların ürəyincə oldu. Həmin toplantıda Prezident İlham Əliyev demişdir: "Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır,  şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki,   indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb, indi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin.  Artıq bu istiqamətdə işlər başlanmışdır".

Azərbaycan xalqı Prezident, müzəffər sərkərdə İlham Əliyevin qətiyyəti ilə 44 günlük Vətən müharibəsində  tarixi qələbə qazandı. Torpaqlarımız işğaldan azad olundu. İndi isə ən böyük hədəfimiz ata-baba  torpaqlarımız olan  Qərbi Azərbaycana qayıdışı  reallaşdırmaqdır.

Qalib İMANOV,

Tibb Universitetinin Tədris-Cərrahiyyə

Klinikasının Kardiologiya şöbəsinin

müdiri, dosent.