Yurd həsrətinə son qoyulur
Region

Yurd həsrətinə son qoyulur

Şanlı "Zəfər" bayramını qeyd edəcəyimiz vaxta sayılı günlər qalıb. Bir ildir sevinc içindəyik. İşğaldan azad olunmuş yurd yerlərimiz yenidən qurulur. Füzuli Beynəlxalq Hava Limanı, Zəngilan rayonunun Ağalıkənd kəndində inşa olunan "Ağıllı kənd", Füzuli və Cəbrayıl rayonlarında özülü qoyulan binalar, Qarabağın demək olar ki, bütün istiqamətinə çəkilən yollar, digər infrastruktur layihələri sevinc üstünə sevinc gətirir. Təbii ki, bu sevincdən 30 il qaçqın, məcburi köçkün adlandırılan soydaşlarımıza daha çox pay düşür.

Kürdəmir Peşə Liseyində, rayonun digər tikililərində, yataqxanalarda müvəqqəti məskunlaşan soydaşlarımız bir neçə ildir ki, rayon ərazisində yerləşən müasir tipli, hər cür infrastruktura malik şəhərcikdə yaşayırlar. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qayğı və diqqətinin bariz nümunəsi olan bu yaşayış məkanı insanlara rahatlıq, normal həyat bəxş etmişdir. Görüşüb söhbət etdiyimiz adamlar yaşayışdan razılıq edirlər. Amma hamının ürəyi öz torpaqlarındadır. "Hər şey yaxşıdır, amma öz yurdumuz hamısından yaxşıdır" - deyirlər. Məcburi köçkünlər mənzillə təmin olunduqlarından hədsiz sevinir, bu sevinci onlara bəxş etdiyi üçün Prezident İlham Əliyevə minnətdarlıq edirlər.

Qeyd edək ki, yeni yaşayış məhəlləsi Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən layihələndirilib və tikilib. Yeni yaşayış kompleksində hər biri 4 mərtəbəli olmaqla, 17 yaşayış binası inşa edilib. Kompleksə daxil olan mənzillərdən 44-ü birotaqlı, 236-sı ikiotaqlı, 228-i üçotaqlı, 56-sı dördotaqlıdır. Bundan başqa, yaşayış kompleksində 432 şagird yerlik məktəb, 140 yerlik uşaq bağçası, inzibati bina, klub-icma mərkəzi, ATS binası və həkim məntəqəsi tikilib, müvafiq mühəndis kommunikasiya şəbəkələri yaradılıb, abadlıq və yaşıllaşdırma işləri görülüb.

 Kompleksin elektrik təchizatını təmin etmək məqsədilə "Kürdəmir" yarımstansiyasında yenidənqurma işləri aparılıb.

İçməli su təchizatını təmin etmək üçün 0,366 kilometr uzunluğunda boru kəməri çəkilib, 2 ədəd (içməli su) su anbarı, 2 ədəd yanğın su anbarı, nasosxana və nəzarətçi binası tikilib.

Sosial təyinatlı obyektlərin istilik təchizatı üçün müxtəlif diametrli polad borulardan 0,816 kilometr uzunluğunda istilik xətləri çəkilib. Mənzillərin qızdırılması və isti su üçün mənzillərdə 564 ədəd kombi tipli su qızdırıcıları quraşdırılıb.

Bütün bunlara baxmayaraq, yeni şəhərcikdə məskunlaşan 563 ailə doğma yurda qayıdacaqları günü səbirsizliklə gözləyirlər. Dövlət başçısı, Müzəffər Ali Baş Komandanın dəmir iradəsi, ölkəmizin gündən-günə artan iqtisadi gücü sayəsində bütün arzular tezliklə çin olacaq.

 Tofiq HÜSEYN,

"Respublika".