Cəbrayıl sakinlərinin müvəqqəti yerləşdiyi 6 saylı qəsəbədə Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin kəşfiyyatçısı, Şəhid Elxan Maarif oğlu Hüseynovun ildönümü münasibətilə anım günü keçirildi.
Tədbirdə Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, aparatın məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının əməkdaşları, Şəhidin döyüş yoldaşları, müharibə əlilləri, veteranlar, şəhid ailələri, təhsil aldığı X.Rüstəmov adına Yuxarı Mərcanlı kənd tam orta məktəbinin müəllim və şagird kollektivi, ictimaiyyət nümayəndələri iştirak etdilər.
Şəhidlər xiyabanında şəhidin məzarı ziyarət olundu, məzarı önünə gül dəstələri düzüldü. Abidə kompleksinin açılışı ilə davam edən tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Açılış mərasimində rayon icra hakimiyyətinin başçısı Kamal Həsənov və başqaları çıxış edərək şəhidin keçdiyi döyüş yolundan söhbət açdılar. Qeyd olundu ki, bizlərə böyük tarixi Qələbəni bəxş edən şəhidlərimizin xatirəsi hər zaman əziz tutulacaq. Onların qəlblərdə əbədi yaşayacaqlarını dilə gətirib, ailə üzvlərinə səbir diləyib belə qəhrəman övlad böyütdükləri üçün minnətdarlıqlarını bildirdilər.
Şəhidin anası Sevil Xəlilova övladının qəhrəmanlığı ilə fəxr etdiyini, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə minnətdarlığını vurğuladı. Sonda X.Rüstəmov adına Yuxarı Mərcanlı kənd tam orta məktəbinin şagirdlərinin ifasında şəhid Elxan Hüseynova həsr olunmuş kompozisiya səsləndi.
Tofiq HÜSEYN,
“Respublika”.