Yurdumuza bahar gəlir
Region

Yurdumuza bahar gəlir

Ağalıda ilaxır çərşənbə

Yurdumuza allı-güllü bahar gəlir,  təbiət oyanır,  insanların çöhrəsinə sevinc yayılır.  Xalqımızın ən qədim bayramlarından biri olan Novruz evlərin qapısını döyür,  mənşəyi çox qədimlərə söykənən adət-ənənələr bu günümüzə qədər yaşayır.  Təbiətin oyanması ilə eyni vaxtda dostluq və ailə münasibətləri yenilənir, küsülülər barışır.  Xeyirxahlıq,  mərhəmət və sevgi qəlblərə hakim kəsilir.  

Novruzdan əvvəl isə dörd çərşənbə qeyd olunur.  Çərşənbələr əziz bayrama hazırlıq işləri ilə başlayır. Su,  Od,  Yel və Torpaq çərşənbələri yaranışın fəlsəfəsidir,  təbiətin pozulmaz qanunudur.  30 illik həsrətdən sonra bu bayramı öz yurd yerlərində,  doğma evlərində, ocaqlarının başında sevinc və qürurla qeyd edən keçmiş məcburi köçkünlər-ağalılılar ilaxır çərşənbəni də şükranlıqla,  Qalib Ali Baş Komandan İlham Əliyevə,  qəhrəman ordumuza minnətdarlıqla qeyd ediblər. Şəhidlərin əziz xatirəsi anılıb, qazilərə sağlamlıq arzu edilib. “Böyük Qayıdış”ın ilk ünvanı olan Zəngilan rayonunun Ağalı kəndində Novruz bayramının sonuncu Torpaq çərşənbəsi xüsusi coşqu ilə qeyd olunub. Torpağın və xoş duyğuların oyandığı sonuncu çərşənbəni Ağalı sakinləri tonqal ətrafında yığışaraq konsert proqramı,  milli musiqi və rəqslərlə qeyd ediblər.  

Taxtakörpüdə bayram tonqalı

Ağcabədi rayonunun Taxtakörpü ərazisində müvəqqəti məskunlaşan laçınlı məcburi köçkünlər ilaxır çərşənbəni yüksək əhvali-ruhiyyə ilə qeyd ediblər.  Qəsəbədəki Heydər Əliyev adına parkda təşkil edilən bayram şənliyində əvvəlcə milli məişət nümunələrindən ibarət sərgiyə baxış keçirilib. Sərgidə Tarix-Diyarşünaslıq Muzeyinin eksponatları,  qədim məişət əşyaları,  milli mətbəx nümunələri, Novruz bayramının simvollarından olan səmənilər,  həmçinin işğaldan azad olunmuş Laçından gətirilən eksponatlar nümayiş olunub.  Bayram tədbirində müxtəlif əmək məşğuliyyətlərini əks etdirən səhnəciklər təşkil edilib,  milli geyimli qızlar tərəfindən şənlik iştirakçılarına və dəvət olunmuş qonaqlara bayram şirniyyatları paylanılıb.

Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli bahar bayramı münasibətilə rayon sakinlərini təbrik edib,  xalqımızın milli adət-ənənələrinə Prezident İlham Əliyev tərəfindən yüksək diqqət və həssaslıqla yanaşılmasından,  Birinci vitse-prezident Mehriban xanım Əliyevanın milli-mənəvi dəyərlərimizin inkişafına göstərdiyi misilsiz xidmətlərdən söz açıb. Laçınlı köçkünlər Laçın şəhərinə,  rayonun Zabux və Sus kəndlərinə qayıdış anını səbirsizliklə gözləyir,  bayram tonqallarının Laçında,  Şuşada, Ağdamda,  Kəlbəcərdə və digər işğaldan azad edilmiş torpaqlarımızda yandırılmasından qürur duyurlar.

Bayram tonqalı ətrafında “N” saylı hərbi hissənin əsgərlərinin rəqsləri ilə davam edən tədbirdə rayonun mədəniyyət və incəsənət nümayəndələri geniş konsert proqramı ilə çıxış ediblər.

                                         Salman ALIOĞLU,

                                           “Respublika”.