Yuri Ratas: Estoniya Azərbaycanla münasibətlərin inkişafında maraqlıdır
SİYASƏT

Yuri Ratas: Estoniya Azərbaycanla münasibətlərin inkişafında maraqlıdır

Mayın 23-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə rəsmi səfərdə olan Estoniya parlamentinin sədri Yuri Ratasın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Milli Məclisin sədri Azərbaycan və Estoniyanın dost və tərəfdaş ölkələr olduqlarını diqqətə çatdırıb. Bu il Azərbaycan ilə Estoniya arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün qeyd olunduğunu xatırladan Sahibə Qafarova ötən müddət ərzində münasibətlərimizin tərəfdaşlıq səviyyəsinədək inkişaf etdiyini deyib.

Yüksək səviyyəli qarşılıqlı səfərləri Azərbaycanla Estoniya arasında ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafında müsbət amil kimi dəyərləndirən Milli Məclisin sədri ölkələrimiz arasında siyasi, iqtisadi, ticarət, humanitar və digər əməkdaşlıq sahələrini əhatə edən bir sıra sənədlər imzalandığını, onların sayının artırılması üçün geniş imkanlar olduğunu vurğulayıb.

Bu ilin fevralında Estoniyaya rəsmi səfərindən danışan S.Qafarova Azərbaycanın Avropa İttifaqı ilə yeni tərəfdaşlıq sazişi imzalamaq ərəfəsində olmasından, ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolundan, Estoniyanın Aİ-nin üzvü kimi təqdirəlayiq fəaliyyətindən danışıb. Qeyd edib ki, hazırda Azərbaycan neftlə yanaşı, Avropaya etibarlı qaz tədarükçüsünə çevrilib və bu, "Köhnə qitə"nin enerji təhlükəsizliyinə əhəmiyyətli töhfədir.

Milli Məclisin sədri diqqətə çatdırıb ki, iki ölkə arasında münasibətlərin inkişafında parlamentlərin qarşılıqlı fəaliyyətinin də özünəməxsus rolu var. Bu gün ölkələrimizin qanunverici orqanları arasında əməkdaşlığı daha da dərinləşdirmək üçün yaxşı imkanlar mövcuddur. Parlament sədrlərinin və deputatların qarşılıqlı səfərləri, parlament dostluq qruplarının fəaliyyəti bu əməkdaşlığın inkişafına mühüm təkan verir.

Parlamentlərimizin beynəlxalq təşkilatlar çərçivəsində birgə əməkdaşlığının daha da gücləndirilməsi üçün yaxşı imkanlar olduğunu deyən Milli Məclisin sədri Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Qələbədən bəhs edib. Bildirilib ki, bu Qələbə ilə Azərbaycan beynəlxalq təşkilatlar, xüsusilə də BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunan qətnamələrin icrasını təmin edib. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın sonuncu Brüssel görüşünə toxunan parlamentin sədri tezliklə iki ölkə arasında sülh müqaviləsinin imzalanacağına inamını ifadə edib.

Estoniya parlamentinin sədri Yuri Ratas öz növbəsində Estoniya nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirib. O, Estoniya-Azərbaycan münasibətlərinin dostluq məcrasında inkişaf etdiyini və yaxşı səviyyədə olduğunu deyib. Həmçinin Estoniyanın Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıdığını və dəstəklədiyini qeyd edib. Şuşa şəhərinə səfər edəcəklərini vurğulayan estoniyalı parlamentari bundan məmnunluğunu ifadə edib.

Estoniya parlamentinin sədri nümayəndə heyətinə daxil olan biznesmenlərin də Azərbaycanda bir sıra görüşlər keçirəcəklərini və ikitərəfli əlaqələrin müxtəlif sahələrinin inkişafına çalışacaqlarını diqqətə çatdırıb.

Milli Məclis sədrinin Estoniyaya səfərini xatırlayan qonaq ümidvar olduğunu bildirib ki, onun bu səfəri çərçivəsində keçiriləcək görüşlər və aparılacaq müzakirələr də ikitərəfli əlaqələrin, həmçinin parlamentlərarası münasibətlərin inkişafına öz töhfəsini verəcək.

Yuri Ratas diqqətə çatdırıb ki, Estoniya Azərbaycanla təhsil, ekologiya, kənd təsərrüfatı və digər sahələrdə münasibətlərin inkişafında maraqlıdır. O, Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin inkişafını yüksək qiymətləndirib.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Görüşdə Milli Məclisin Estoniya ilə parlamentlərarası işçi qrupunun rəhbəri Jalə Əhmədova, qrupun üzvləri Musa Qasımlı, Rəşad Mahmudov, Azər Kərimli, Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev, ölkəmizin Estoniyadakı səfiri Anar Məhərrəmov və digər rəsmi şəxslər iştirak ediblər.

AZƏRTAC