Zaqatala: Qışa vaxtında ciddi  hazırlıq görülüb
Region

Zaqatala: Qışa vaxtında ciddi  hazırlıq görülüb

Rayonun idarə, müəssisə və təşkilatları tərəfindən qış mövsümünə hazırlıqla əlaqədar yerinə yetiriləcək işlərə dair tədbirlər erkən payızda Zaqatala Rayon İcra Hakimiyyəti başçısının yanında şuranın yığıncağında geniş müzakirə edilmiş və o vaxt aidiyyəti üzrə görüləcək işlər yerlərə göndərilmişdir. İlk öncə ötən qış mövsümündəki çatışmazlıqlara və yol verilən nöqsanlara diqqət yetirilmiş, 2022-2023-cü ilin payız-qış mövsümündə şəhər və yol təsərrüfatı, nəqliyyat, rabitə, təhsil, səhiyyə və mədəniyyət, əhalinin bərk və maye yanacaqla təmin edilməsi sahələri üzrə yerinə yetiriləcək tədbirlər konkret olaraq müəyyən edilmişdir.

Rayon icra hakimiyyətindən verilən məlumata görə, bütün tədbirlərin icrası rayon rəhbərliyinin daim diqqət mərkəzində olmuş, hər həftə xidmət təşkilatlarının iştirakı ilə keçirilən müşavirələrdə qarşıya çıxan problemlərin operativ surətdə aradan qaldırılması üçün aidiyyəti strukturlara müvafiq tövsiyə və tapşırıqlar verilmişdir.

Nəzərdə tutulan tədbirlər çərçivəsində xidmət təşkilatları tərəfindən rayonun yaşayış məntəqələrində əhalinin və digər istehlakçıların elektrik enerjisi, içməli su, təbii qaz, istilik və digər xidmət sahələri ilə təchizatının yaxşılaşdırılması üçün vaxtında müəyyən işlər görülmüşdür.

Güclü külək nəticəsində dam örtüyünün bir hissəsi yararsız hala düşmüş Dövlət Mənzil Fonduna aid binanın dam örtüyünün 750 kvadratmetr hissəsi təmir edilmişdir.  

Şəhərin işıqlandırılmayan küçələrinə baxış keçirilmiş, 54 kilometr uzunluğunda olan küçələrin müasir standartlara uyğun yeni işıqlandırma sistemi ilə təmin edilməsi üçün layihə hazırlanmış və icrasına başlanılmışdır. Xidmət təşkilatları tərəfindən rayonun yaşayış məntəqələrində əhalinin və digər istehlakçıların elektrik enerjisi, içməli su, təbii qaz və istiliklə təchizatı yaxşılaşdırılmışdır. 110/35/10 kV-luq Zaqatala yarımstansiyası yenidən qurulmuş, 2 ədəd 25 MVA transformator quraşdırılmışdır.

Rayonun yaşayış məntəqələrində yararsız hala düşmüş su boruları yenilənmişdir.  Orta və aşağı təzyiqli qaz xətlərində təmir işləri aparılmışdır. Yolların qardan və buzdan təmizlənməsi üçün 2 ədəd təkərli buldozer-traktor və 1 ədəd qartəmizləyən avtomaşın tam hazır vəziyyətə gətirilmiş, lazımi qədər ehtiyat hissə, avadanlıq, alət, texniki duz və qum tədarük edilmişdir. Şəhərin küçələrində su arxlarının, körpü və keçidlərin zibildən, qum və daşlardan təmizlənməsi işləri aparılmış, küçə və meydanların işıqlandırılmasında fasilələrə yol verilməməsi üçün işıq dirəkləri və elektrik xətləri təmir edilmiş, istifadəyə yararsız avtomatlar və elektrik lampaları yenilənmişdir.

Ümumtəhsil məktəblərinə və məktəbdənkənar müəssisələrə tələb olunan odunun tədarük edilməsi, istilik sistemlərinin, qazanxanaların texniki cəhətdən işlək vəziyyətə gətirilməsi, duru və təbii qaz yanacağına olan tələbatın sərfiyyat normasına uyğun təmin edilməsi üçün müvafiq tədbirlər icra olunmuşdur.  Bununla yanaşı, qış mövsümü ilə əlaqədar yaranan bütün problemlərin operativ surətdə aradan qaldırılması üçün lazımi tədbirlərin görülməsi nəzərdə tutulub.

M.NƏRİMANOĞLU,
       “Respublika”.