Zaqatala: “Şuşa İli
Region

Zaqatala: “Şuşa İli" çərçivəsində Aşağı Tala kəndində tədbir

Ölkəmizdə 2022-ci ilin "Şuşa İli" elan olunması ilə bağlı keçirilən silsilə tədbirlər geniş ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır. Növbəti belə tədbirlərdən biri də Zaqatala rayonunun Aşağı Tala kəndində "Şuşa böyük qayıdışın şah əsəridir" devizi ilə təşkil olunub.

Şəhid ailələrinin, qazilərin, Vətən müharibəsi iştirakçılarının və rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən tədbirin iştirakçıları əvvəlcə şəhidlərin xatirəsinə ucaldılmış abidə-kompleksini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə çıxış edərək ölkə başçısı İlham Əliyevin 2022-ci ilin Azərbaycanda "Şuşa İli" elan edilməsi haqqında imzaladığı Sərəncamın xalqımız üçün müstəsna əhəmiyyət kəsb edən tarixi sənəd olduğunu vurğulayıb. Bildirilib ki, Şuşa şəhəri tarixən Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olub. Diqqətə çatdırılıb ki, hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə, o cümlədən Şuşa şəhərində çox böyük bərpa və quruculuq işləri həyata keçirilir.

Tədbirdə qeyd olunub ki, bu qədim şəhər Azərbaycanın mədəniyyət paytaxtı elan olunub, musiqi, ədəbiyyat və xalçaçılığın mərkəzi, təbiət gözəllikləri və tarixi-mədəni irsin vəhdət tapdığı unikal məkandır.

Sonra məktəblilərin hazırladığı ədəbi-bədii kompozisiya nümayiş etdirilib, torpağa, Vətənə aid şeirlər səsləndirilib, milli rəqslər ifa olunub.

M.NƏRİMANOĞLU,

"Respublika".