Zaqatalada Aqrar İnnovasiya Festivalı
Region

Zaqatalada Aqrar İnnovasiya Festivalı

Müasir  dövrdə  innovasiyalar həyatımızın  bütün  sahələrində, o cümlədən kənd  təsərrüfatında geniş  tətbiq  edilməkdədir. Bu sahədə aparılan işin  bir  istiqaməti də innovativ  yenilikləri təbliğ  etməkdir. Zaqatalada Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə keçirilən növbəti Aqrar İnnovasiya Festivalının  məqsədi  də  bu  idi.

Özəl fermer təsərrüfatının ərazisində təşkil olunan tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin elmi-tədqiqat institutları, ali təhsil müəssisələri, ölkədə aqrar sahədə fəaliyyət göstərən yerli şirkətlər öz innovativ layihələrini, texnoloji avadanlıqlarını fermerlərə nümayiş etdiriblər.

Festivalda bağ və əkin sahələrində məhsuldarlığı artıran yeni suvarma sistemi metodları, kənd təsərrüfatı və qida sənayesi üçün ölçü alətləri və laboratoriya avadanlıqları, heyvandarlıq sahəsi üçün tibbi və sanitar avadanlıq və dərmanlar, yanacağın idarəolunması ilə bağlı sensor və cihazlar, kənd təsərrüfatı təyinatlı texnikalar, alternativ enerji mənbələri, "Smart" sistemə əsaslanan arı yeşikləri, müxtəlif yem bitkiləri və tərəvəz şitilləri nümayiş olunub.

Nazirliyin  mətbuat  xidməti  bildirir ki, festivalda "Teknofest Aerokosmik və Texnologiya Festivalı"nın qaliblərinin, həmçinin Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələrinin hazırladıqları prototiplər də təqdim olunub.

Tədbirdə Kənd Təsərrüfatı Nazirliyininin tabeli qurumlarının iştirakı ilə aqrar sahə məhsul istehsalçılarına növbəli əkin, yay şumu barədə geniş məlumat verilib.

Qeyd edək ki, Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə bu il ərzində Quba, Ucar, Qobustan və Ağstafa rayonlarında silsilə tədbirlər həyata keçirilib. Bu festivallarda  indiyədək 2 min  nəfərdən artıq fermer iştirak iştirak edib.

Nəriman CAVADOV,

"Respublika".