Zaqatalada sel   suları   və  daşqınlara    qarşı   mübarizə  tədbirləri   
Region

Zaqatalada sel   suları   və  daşqınlara    qarşı   mübarizə  tədbirləri   

Mərkəzi  Aran   bölgəsində  əkin   sahələrinin  suvarılması   mövsümü  başa   çatıb, lakin dağlıq   və   dağətəyi   bölgələrdə  sel  suları  və  çay  daşqınlarına    qarşı   mübarizə   tədbirləri   davam   etdirilir. Azərbaycan  Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti       bildirir ki, Zaqatala rayonunda  əkin sahələrinin suvarılmasını təmin etmək, o cümlədən sel sularına və daşqınlara qarşı mübarizəni gücləndirmək məqsədilə təxirəsalınmaz işlər görülür. Suvarılan torpaq sahələrinə vaxtında suyu çatdırmaq üçün torpaq məcralı kanallar lildən təmizlənir, su itkisinin qarşısını almaq üçün isə kanallara beton üzlük çəkilir. Bütün bu işlər Zaqatala Suvarma Sistemləri İdarəsi tərəfindən həyata keçirilir.

Cari ildə suvarma kanallarının 425 min kubmetr  hissəsinin lildən təmizlənməsi nəzərdə tutulub. Qobu çay suvarma kanalının davamı olaraq 2,3 kilometr   torpaq məcralı Qandax kanalının 1 kilometr  uzunluğunda beton üzlüklə əvəzlənməsi və üzərindəki qurğularla  birlikdə təmir edilməsi  planlaşdırılıb. Hazırda kanalda işlər sürətlə davam edir.

Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 2022 – ci  il  üçün təsdiqlənmiş istismar tədbirləri planına uyğun olaraq Zaqatala Suvarma Sistemləri İdarəsi cari il  ərzində rayon ərazisindən axan mövcud çaylarda selə qarşı mübarizə tədbirləri ilə əlaqədar, çay yatağının təmizlənməsi və sahilbərkitmə işlərinin görülməsini də həyata keçirir.

Muxax çay sistemi üzrə  304  min, Tala çay üzrə 188   min, Katex çay üzrə 15  min, Bəkməz çay üzrə 17 min, Micqar çay üzrə 14 min kubmetr olmaqla  çaylarda ümumilikdə   538  min kubmetr məcra təmizləmə işləri yerinə yetirilib. Suvarmanın təşkilində əhəmiyyətli yerə malik olan suvarma kanallarında isə 290  min kubmetr iş görülüb.

Qeyd edək ki, Zaqatala Suvarma Sistemləri İdarəsi balansında olan 15560 hektardan artıq əkin sahəsinin suvarılmasına xidmət edir. Hər il bu sahələrdə müxtəlif növ kənd təsərrüfatı bitkiləri əkilir və suvarılması tam olaraq həyata keçirilir. İndi  suvarma  mövsümü  başa  çatıb, lakin sel  suları və  daşqınlara  qarşı  mübarizə   tədbirləri həmişə  aktualdır  və  bu   sahədə   işlər  uğurla davam  etdirilir.

Nəriman  CAVADOV,

“Respublika”.