Zəfər Günü Ali Məhkəmədə qeyd edilib
Sosial həyat

Zəfər Günü Ali Məhkəmədə qeyd edilib

Noyabrın 5-də Azərbaycan Respublikası Ali Məhkəməsində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

Ali Məhkəmənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizə aparan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Sonra Ali Məhkəmənin sədri Ramiz Rzayev çıxış edərək 30 il işğal altında qalan əzəli torpaqlarımızın Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun şücaəti, xalqımızın birliyi nəticəsində azad olunaraq ərazi bütövlüyümüzün bərpa edildiyini vurğulayıb.

Ali Məhkəmənin sədri qeyd edib ki, XX əsrin 80-ci illərinin sonu - 90-cı illərinin əvvəlində Ermənistan Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları ilə çıxış edib və ölkəmizə qarşı hərbi təcavüzə başlayıb. Həmin dövrdə Azərbaycanda hökm sürən hərc-mərclikdən istifadə edən Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağı və ətraf yeddi rayonu işğal edib, həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində bir milyondan çox azərbaycanlını öz doğma yurd-yuvasından didərgin salıb. 

Ermənistan 30 ilə yaxın müddətdə BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə və digər aparıcı beynəlxalq təşkilatların qərarlarına məhəl qoymayaraq işğal altında saxladığı torpaqlarımızı viran qoyub. 1994-cü ildə atəşkəs rejimi əldə edildikdən sonra münaqişənin sülh yolu ilə həlli istiqamətində vasitəçilik missiyası - ATƏT-in Minsk qrupuna həvalə edilib. Lakin sülh danışıqları zamanı Ermənistan qeyri-konstruktiv mövqe sərgiləyərək münaqişənin sülh yolu ilə həllini uzadaraq ona sərf edən status-kvonu davam etdirib. Nəticədə ötən illərdə ATƏT-in Minsk qrupu münaqişənin sülh yolu ilə həllinə nail ola bilməyib.

Münaqişənin pik həddi isə 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin hərbi mövqelərimizi, yaşayış məntəqələrimizi və mülki əhalini qəsdən və məqsədyönlü şəkildə atəşə tutaraq təmas xətti boyunca Azərbaycana qarşı geniş miqyaslı hərbi təxribatlara başlaması olub.

BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin tələblərini təkbaşına yerinə yetirmək məcburiyyətində qalan Azərbaycan ədaləti bərpa etmək, uzun illər düşmən tapdağında olan torpaqlarımızı azad etmək uğrunda Vətən müharibəsinə başlayıb. Qırx dörd gün davam edən hərbi əməliyyatlar nəticəsində Müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri də daxil olmaqla, ümumilikdə 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad edib.

Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynayıb, Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələnib. Ermənistan Kəlbəcər, Ağdam və Laçın rayonlarını hərbi-siyasi yolla Azərbaycana qaytarmağa məcbur edilib.

Qeyd olunub ki, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin müdrik və uzaqgörən ideyaları, müzəffər Ordunun Ali Baş Komandanı İlham Əliyevin strateji düşüncəsi və sərkərdə qətiyyəti, Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin Qələbəsini təmin edən mühüm amillər oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə güclü Azərbaycan Ordusu dünya hərb tarixində şanlı qəhrəmanlıq salnaməsi yazaraq, qalib xalq olduğunu sübut etdi və düşmən üzərində tarixi Zəfər çaldı.

AZƏRTAC