Zəfər Günü Ədliyyə Nazirliyində təntənəli qeyd olunub
Digər xəbərlər

Zəfər Günü Ədliyyə Nazirliyində təntənəli qeyd olunub

Şanlı tariximiz olan Vətən müharibəsində qazanılmış misilsiz Qələbənin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə təsis edilmiş 8 Noyabr - Zəfər Günü ölkəmizin hər yerində, o cümlədən azad edilmiş ərazilərimizdə təntənəli şəkildə geniş qeyd olunur.

Bu münasibətlə Ədliyyə Nazirliyində və struktur qurumlarda silsilə tədbirlər təşkil edilib, nazirliyin rəhbərliyi və kollektivi tərəfindən İkinci Fəxri xiyabanda Vətən müharibəsi qəhrəmanlarının əziz xatirəsi anılıb. Şəhid ədliyyə işçisi Ruhin Xəlilovun məzarı ziyarət olunaraq önünə gül dəstələri qoyulub, nazirlikdə çalışdığı xidməti otaqların qarşısında xatirə lövhələri quraşdırılıb.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, böyük Qələbənin ildönümü ilə bağlı ədliyyə orqanlarında çalışan Vətən müharibəsi veteranları və ailə üzvü şəhid olmuş işçilər mükafatlandırılıb, habelə ailələrinə və döyüşlərdə yaralanmış əməkdaşlara baş çəkilərək qayğı göstərilib, Qarabağ Dirçəliş Fonduna könüllü ianələr edilib.

Noyabrın 5-də Ədliyyə Nazirliyində Zəfər Gününə həsr olunan təntənəli yığıncaq keçirilib.

Tədbirdə ədliyyə naziri Fikrət Məmmədov, nazirliyin rəhbər heyəti və əməkdaşları, o cümlədən müharibə veteranları və kollektivin üzvü şəhid ədliyyə işçisinin həyat yoldaşı və qonaqlar iştirak ediblər.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin nazirlikdəki büstü önünə gül dəstələri qoyularaq əziz xatirəsi dərin ehtiramla yad edilib. Zəfər muzeyinin qarşısında şəhid ədliyyə işçisi R.Xəlilovun barelyefinin açılışı olub.

Sonra keçirilən yığıncaq Vətən uğrunda canını fəda edən şəhidlərimizin işıqlı xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb, Vətən müharibəsində Zəfər yolundan bəhs olunaraq bayram münasibətilə hazırlanmış film nümayiş etdirilib.

Ədliyyə naziri çıxış edərək Zəfər Günü münasibətilə kollektivi təbrik edib, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yenilməz sərkərdəliyi ilə Vətən müharibəsində qazanılmış böyük Qələbədən danışıb, ulu öndər Heydər Əliyevin ən ümdə vəsiyyətinin və hər bir azərbaycanlının arzusunun reallığa çevrilərək müqəddəs torpaqlarımızın düşmən tapdağından azad olunması ilə xalqımızın Zəfər salnaməsinin yazıldığını vurğulayıb.

Bildirib ki, Ümummilli Liderin milli müstəqilliyimizin rəmzi olaraq qəbul etdiyi üçrəngli bayrağımıza hörmət və ehtiram əlaməti olaraq təsis edilmiş Dövlət Bayrağı Günü yaxınlaşır və milli qürur mənbəyimiz olan bayrağımız Azərbaycan Prezidenti tərəfindən azad edilmiş ərazilərimizdə ucaldılaraq vüqarla dalğalanır.

Dövlət başçısının rəhbərliyi ilə doğma torpaqlarımız nəhəng quruculuq işləri aparılmaqla sürətlə bərpa olunur, soydaşlarımız artıq öz dədə-baba yurdlarına dönürlər. Bu sahədə respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbəri olduğu Heydər Əliyev Fondu tərəfindən mühüm layihələr reallaşdırılır. Qarabağın tacı, mədəniyyət paytaxtımız Şuşa şəhərinin əvvəlki siması və şöhrəti özünə qaytarılaraq mötəbər tədbirlərə uğurla ev sahibliyi edir.

Yığıncaqda müharibə başlanan andan Ədliyyə Nazirliyinin ordumuzla həmrəylik nümayiş etdirərək, hərbçilərimizə, yaralananlara və şəhid ailələrinə öz dəstəyini əsirgəmədiyi qeyd olunub, ədliyyə və məhkəmə işçilərinin döyüşlərdə igidlik və mərdliklə iştirak edərək əsl vətəndaşlıq nümunəsi və fədakarlıq göstərdiyi vurğulanaraq onların çoxsaylı dövlət medallarına layiq görüldüyü bildirilib. Nazirliyin növbəti böyük qrup əməkdaşlarına dövlət təltifləri, eləcə də müharibə veteranı vəsiqələri təqdim olunub.

Təltif olunan əməkdaşlar çıxış edərək müharibə iştirakçılarının və şəhid ailələrinin hərtərəfli dövlət qayğısı ilə əhatə olunmalarına görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını ifadə edib, Ali Baş Komandanın əmrinə müntəzir olduqlarını söyləyiblər.

Tədbirə dəvət olunmuş Müdafiə Nazirliyinin qurum rəhbəri, müharibə veteranı polkovnik Elşad Əbilov çıxış edərək Azərbaycan Ordusunun ərazi bütövlüyümüzün bərpası ilə bağlı qarşıya qoyulmuş döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunələrindən bəhs edib, Silahlı Qüvvələrimizdə gənclərimizin milli və dövlətçilik maraqlarını hər şeydən üstün tutaraq Vətənə, xalqa, dövlətə sədaqətli xidmətlərini bu gün də şərəflə davam etdirdiyini vurğulayıb.

Bayram tədbirləri çərçivəsində ədliyyə işçiləri və könüllüləri xalqımızın parlaq Zəfərinin və ordumuzun qəhrəmanlığının təcəssümü olan Hərbi Qənimətlər Parkı ilə tanış olublar. Nazirliyin Vətən müharibəsinə həsr olunmuş muzeyi yeni və maraqlı ekspozisiyalarla zənginləşdirilib, videoçarxlar, slaydlar nümayiş etdirilib.

Eyni zamanda, ədliyyə orqanları arasında futzal turniri keçirilir, ədliyyə işçiləri və hakimlər tərəfindən mətbuatda çıxışlar edilir, nazirliyin internet saytında, o cümlədən "Qarabağ Azərbaycandır" elektron platformasında və sosial media hesablarında məlumatlar paylaşılır.

AZƏRTAC