Zəfər Günü münasibətilə qəbul olunan amnistiya aktının icrası uğurla davam etdirilir
Sosial həyat

Zəfər Günü münasibətilə qəbul olunan amnistiya aktının icrası uğurla davam etdirilir

Bu gün daha 133 məhkum azadlığa qovuşub

8 Noyabr - Zəfər Günü münasibətilə elan olunan amnistiya aktının icrası Ədliyyə Nazirliyi tərəfindən uğurla davam edir.

AZƏRTAC xəbər verir ki, dekabrın 3-də amnistiya aktı Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1, 2, 15, 16 və 17 saylı cəzaçəkmə müəssisələrində icra olunub.

Tədbirdə Ədliyyə Nazirliyinin, Baş Prokurorluğun əməkdaşları, ictimaiyyətin təmsilçiləri və mətbuat nümayəndələri iştirak ediblər.

Amnistiya aktı 1 saylı cəzaçəkmə müəssisəsində 7 nəfərə şamil edilib. Belə ki, 6 məhkum azadlığa buraxılıb. Bir nəfər isə narkomaniyadan məcburi müalicə tədbiri ləğv edildikdən sonra azad olunacaq. Penitensiar Xidmətin 2 saylı cəzaçəkmə müəssisəsində amnistiya aktı 7 nəfərə tətbiq olunub. Həmin şəxslər cəzalarının çəkilməmiş hissəsindən azad ediliblər. Onlardan 6-sı azadlığa buraxılıb. Bir nəfər isə narkomaniya ilə mübarizə tədbirləri çərçivəsində cəlb olunduğu məcburi müalicə prosesi başa çatdıqdan sonra azadlığa buraxılacaq. Penitensiar Xidmətin 15 saylı cəzaçəkmə müəssisəsindən 7, 16 saylı cəzaçəkmə müəssisəsindən isə 14 məhkum azadlığa buraxılıb. Aktın icrası istiqamətində 17 saylı cəzaçəkmə müəssisəsindən 49 nəfər azadlığa buraxılıb. Daha əvvəl bu müəssisədən 73 məhkum azad edilib. Amnistiya aktı bu cəzaçəkmə müəssisəsində ümumilikdə 122 nəfərə şamil olunub.

Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə qəbul olunan amnistiya aktı nəticəsində minlərlə ailəyə sevinc bəxş edildiyini diqqətə çatdıraraq bildirib: "Vətən müharibəsində tarixi Qələbənin birinci ildönümü ərəfəsində qəbul olunan "8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" qərarın icrası çərçivəsində dekabrın 1-dək Penitensiar müəssisələrdə cəza çəkən 1787 məhkum barəsində amnistiya aktı tətbiq edilib. Onlardan 34-ü qadın, 2-si yetkinlik yaşına çatmayan, 60-ı isə yaşı 60-dan yuxarı olan şəxslərdir. Artıq 1391 məhkum azad olunub. Onlardan 1023 nəfər cəzaçəkmə, 368 nəfər isə məntəqə tipli cəzaçəkmə müəssisələrindən azadlığa buraxılıblar. Həmçinin 359 məhkum narkomaniyadan məcburi müalicə tədbiri ləğv edildikdən sonra azad olunacaq. Bundan başqa, 64 məhkumun cəza müddəti altı ay azaldılıb".

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov jurnalistlərə müsahibəsində bildirib: "Amnistiya aktının icrası üzrə bu gün Penitensiar müəssisələrdə 133 məhkum azadlığa qovuşur. Həm azad edilən məhkumlar, həm də ailə üzvləri onlara bəxş etdikləri bu sonsuz sevinc hissinə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya ürəkdən təşəkkür edirlər. Amnistiya aktına uyğun olaraq, narkomaniya və digər xəstəliklərdən əziyyət çəkən məhkumlar isə məhkəmələr tərəfindən təyin edilən müalicə müddəti başa çatdıqdan sonra azadlığa buraxılacaqlar".

Azad edilən məhkumların bir qrupu - Rzamin Həşimov, Zahid Həmdəmov, Xalid Yusifzadə, Ruslan İsmayılov və digərləri onlara azadlığa qovuşmaq sevincini bəxş edən dövlətimizin başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya sonsuz minnətdarlıqlarını bildiriblər. Onlar törətdikləri əməllərə görə peşman olduqlarını bildirib, bundan sonra nümunəvi vətəndaşlar kimi yaşayacaqlarına söz veriblər.

Xatırladaq ki, Milli Məclisin noyabrın 5-də keçirilən iclasında 8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərar qəbul edilib. Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul olunan amnistiya aktının icrasının dörd ay ərzində başa çatdırılması nəzərdə tutulur.

Nazirlikdə hazırkı Amnistiya qərarı üzrə ədliyyə orqanlarının üzərinə düşən mühüm vəzifələrin vaxtında icrasını təmin etmək məqsədilə nazir Fikrət Məmmədov tərəfindən dərhal, noyabrın 5-də əmr imzalanıb. Əmrə əsasən, Amnistiya Aktının dürüst və mütəşəkkil icrasına gündəlik nəzarətin təmin olunması, habelə amnistiyanın tətbiqi ilə bağlı şikayətlərin operativ, hərtərəfli və prinsipial araşdırılıb qanunamüvafiq tədbirlər görülməsi məqsədilə məsul əməkdaşlardan ibarət Monitorinq qrupu yaradılıb.

Həmçinin COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması üzrə tətbiq olunan karantin rejimi qaydalarına riayət etməklə kütləvi informasiya vasitələrinin, vətəndaş cəmiyyəti institutlarının, o cümlədən İctimai Komitənin, Əfv Məsələləri Komissiyasının, Ombudsmanın nümayəndələri və deputatlar dəvət edilməklə amnistiyanın tətbiqi mərasimlərinin təşkili, amnistiyanın humanist mahiyyəti və əhəmiyyətinin məhkumlara, onların yaxınlarına, həmçinin ictimaiyyətə çatdırılması üçün geniş maarifləndirmə işləri aparılması nəzərdə tutulub.

AZƏRTAC