Zəfər Gününə həsr edilmiş tədbir
Region

Zəfər Gününə həsr edilmiş tədbir

Bakı Dövlət Universitetinin Qazax filialında Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə filialın məzunu olmuş şəhid leytenant Məhəmməd Məmmədovun, eləcə də Qazax rayonundan olan Vətən müharibəsi şəhidlərinin xatirəsinin əbədiləşdirildiyi guşələrin açılışı olub. Eyni zamanda, şəhid məzuna həsr olunmuş "Adını tarixə yazdı" adlı kitabın təqdimatı keçirilib.

Tədbirdə Milli Məclisin deputatı Səməd Seyidov, şəhid ailələri, qazilər, filialın professor-müəllim heyəti, tələbələr iştirak edib. Torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra tədbir iştirakçıları 8 Noyabr - Zəfər Günü ilə əlaqədar tələbələrin hazırladıqları əl işlərindən ibarət sərgi ilə tanış olublar.   

BDU-nun Qazax filialının direktoru Arif Rüstəmov tədbiri giriş sözü ilə açaraq ölümündən sonra "Vətən uğrunda", "Laçının azad olunmasına görə", "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunmuş M.Məmmədovun keçdiyi şərəfli ömür və döyüş yolundan danışıb.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbirdə çıxış edərək filialda şəhid məzunun xatirəsi əbədiləşdirilən guşənin yaradılmasını yüksək qiymətləndirib.

Millət vəkili Səməd Seyidov çıxışında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şəhidlərimizin qanı, canı bahasına 44 günlük Vətən müharibəsində qələbə qazanan Azərbaycanın qalib ölkə kimi bundan sonra da böyük zirvələr fəth edəcəyini söyləyib.

Şair-publisist Elçin İsmayıl şəhid leytenant M.Məmmədovun xatirəsinə həsr etdiyi "Adını tarixə yazdı" kitabından söz açıb. 

Şəhidin atası Zakir Məmmədov göstərilən diqqət və qayğıya görə ailəsi adından tədbirin təşkilatçılarına dərin minnətdarlığını bildirib.   

Vəli VƏLİYEV,

"Respublika".