“Zəfər günü”nə həsr olunur
Region

“Zəfər günü”nə həsr olunur

Yeniyetmələr arasında 8 Noyabr - Zəfər Gününə həsr olunmuş Şirvan Şəhər Uşaq Gənclər İdman-Şahmat Məktəbinin açıq birinciliyi keçirildi. Turnirdə Şirvan, Neftçala,  Hacıqabul, Salyan və Biləsuvar rayonlarının Uşaq Gənclər İdman-Şahmat məktəblərinin direktorları iştirak etdilər. Ümumilikdə 100-dən çox şagird şahmat idman növü üzrə yarışa qatıldı. Şirvan Şəhər Uşaq Gənclər İdman-Şahmat məktəbinin direktoru Ramil Tağıyev yarışı açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Sonra ümummilli lider Heydər Əliyevin və vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların əziz  xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva 44 günlük Vətən müharibəsinin şanlı məqamlarından söz açdı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun zəfər yürüşündən danışdı. 8 Noyabr -Zəfər Gününün Ordumuzun gücü, xalqımızın birlik və həmrəyliyinin bariz nümunəsi olduğu diqqətə çatdırıldı. Gənclərin intellektual bacarıqlarının möhkəmləndirilməsində əhəmiyyətli yeri olan şahmat yarışlarının keçirilməsinin və bu yarışların Zəfər Gününə həsr olunmasının  əhəmiyyəti vurğulandı.

Sonra Şirvan-Salyan Regional Təhsil İdarəsinin rəis müavini Rövşən Allahverdiyev çıxış edərək gənclərin vətənpərvər, sağlam düşüncəli, dünyagörüşlü, intellektual yetişməsi üçün onların idmanın müxtəlif növləri ilə məşğul olmalarının vacibliyindən danışdı. Zəfər tariximizə  həsr olunmuş yarışların bundan sonra da davam etdiriləcəyi vurğulandı.

Turnirdə yer tutan şahmatçılar yaş qrupları üzrə diplom, medal və hədiyyələrlə təltif olundular.

Tofiq HÜSEYN,

“Respublika”.