“Zəfər Salnaməsi”: Azərbaycan reallığını əks etdirən kitab
Mədəniyyət

“Zəfər Salnaməsi”: Azərbaycan reallığını əks etdirən kitab

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şərəfli bir tarixi var. Bu tarix ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Çünki bugünkü Azərbaycan Ordusunun qurulması, inkişafı və möhkəmləndirilməsi ulu öndərin yorulmaz fəaliyyətinin, dövlətçilik təfəkkürünün, siyasi uzaqgörənliyinin və təşkilatçılıq qabiliyyətinin məntiqi nəticəsidir. Ümummilli liderin bu sahədə də siyasi kursunu uğurla davam etdirən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrini təkmilləşdirməklə, gücləndirməklə qalib orduya çevirdi. Ordumuz 44 günlük Vətən müharibəsində öz tarixi missiyasını uğurla reallaşdırdı və ölkəmizin ərazi bütövlüyünü təmin etdi. Məhz Vətən müharibəsi dövründə Azərbaycan hərbçisinin nümayiş etdirdiyi cəsarət, rəşadət, qarşısına qoyulan bütün tapşırıqları şərəflə, dəqiqliklə yerinə yetirməsi nəticəsində bu gün qalib ordu obrazından, yeni əsrin müharibəsini aparmış Azərbaycan Ordusunun qüdrətindən danışılmaqdadır. İnanırıq ki, Böyük Qələbədən, ordumuzun qalibiyyətindən çox danışılıb, çox yazılacaq...

“Zəfər Salnaməsi”. Azərbaycanın İkinci Qarabağ müharibəsindəki şanlı qələbəsinə həsr olunmuş ilk irihəcmli, dəyərli kitab belə adlanır. Kitab Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ön sözü ilə başlayır.

Kitabın əsasını təşkil edən sənədlərdə dövlətin və onun başçısı - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyət xətti aydın izlənilir. Məhz onun iradəsi və liderlik keyfiyyətləri, strateji məqsədlərlə düşünmək və onlara çatmaq bacarığı, möhkəm siyasi və mənəvi mövqeyi ölkənin inkişaf sürətini müəyyən etmiş, onun dünya miqyasında tanınmasını, Vətən müharibəsində qələbəsini təmin etmişdir.

“Zəfər Salnaməsi”nin əsas ideyası Vətən müharibəsinin gedişini, həmin ərəfədə baş verən prosesləri, müharibədən sonrakı işğaldan azad olunmuş ərazilərə qayıdışı xroniki qaydada oxucuya çatdırmaqdan ibarətdir və tərtibçilər qarşıya qoyulan məqsədə demək olar ki, çata biliblər. Kitabı vərəqləyən hər kəs Böyük Qələbənin əsas formulu kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dönməz siyasi iradəsini, proseslərə strateji baxışı və sistemli yanaşmasını, son 17 ildə yürütdüyü daxili və xarici siyasət, ölkənin illər ərzində toplanmış iqtisadi gücünün siyasi, diplomatik və hərbi gücə transformasiyasını, erməni işğalı ilə barışmayan xalqımızın və gənc nəslin torpaqlarımızı azad etmək əzmini, Prezident-xalq-ordu birliyinin vahid dəmir yumruq kimi birləşdiyini görür və bununla qürur duyur. Kitab son illər baş vermiş hadisələrin, Azərbaycan Prezidentinin bütün fəaliyyətinin məhz torpaqların işğaldan azad olunmasına yönəldiyini nümayiş etdirir və bu deyilənləri daha müfəssəl təqdim etmək üçün 3 hissəyə bölünmüşdür.

“Ərəfə”. 2016-cı il Aprel döyüşlərindən 2020-ci ilin sentyabrınadək olan dövrü əhatə edən bu müddət ərzində Azərbaycanın şanlı qələbəsinə aparan yolu əks etdirən birinci hissə belə adlanır. Bu hissədə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ordunun möhkəmləndirilməsi, ölkənin iqtisadi gücünün daha da artırılması, beynəlxalq səviyyədə Azərbaycanın haqlı mövqeyinin ortaya qoyulması istiqamətindəki fəaliyyəti əks olunur.

“Vətən müharibəsi” adlı ikinci hissə 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək olan qısa dövr ərzində həm döyüş meydanında, həm arxa cəbhədə, həm diplomatiya müstəvisində və  həm də informasiya məkanında Azərbaycanı qələbəyə aparan mübarizə yolunun məqamlarını təqdim edir. Təbii ki, bu hissədə Ali Baş Komandanın dünya liderləri ilə danışıqlar zamanı, xarici media nümayəndələrinə verilən müsahibələrdə prinsipial mövqeyi öz əksini tapıb.

30 illik işğalın real nəticələri, Ermənistan tərəfindən Azərbaycan torpaqlarında həyata keçirilmiş urbisid, ekosid, mədəniyyət və dini abidələrin məhv edilməsi və digər qanunsuz əməllərinin nəticələri isə oxucuya “Qayıdış” adlı üçüncü hissədə təqdim edilir. Bu hissədə Bakının Azadlıq meydanında qələbəyə həsr olunmuş Zəfər paradına xüsusi yer ayrılır.

Azərbaycan, ingilis və rus dillərində tərtib edilən kitabın nəşrinin davamı nəzərdə tutulur.

Kitabın hazırlanmasında “IRS Publishing House”, Müdafiə Nazirliyi və AZƏRTAC-ın fotoşəkillərindən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Geodeziya və Kartoqrafiya” MMC-nin xəritələrindən istifadə olunub.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, “IRS Publishing House”un birgə səyi  ilə hazırlanan kitab “IRS Publishing House” tərəfindən nəşr edilmiş və “PAŞA Həyat Sığorta” ASC nəşrə yaxından dəstək göstərmişdir.

Zümrüd QURBANQIZI,

“Respublika”.