Zəfər yolu haqq yoludur
Siyasət

Zəfər yolu haqq yoludur

2020-ci il 8 noyabr... Həmin gün Azərbaycan Ordusu Şuşa üzərində nəzarəti öz üzərinə götürdü. Bu, Vətən müharibəsinin dönüş nöqtəsi idi... Elə həmin gün Şəhidlər Xiyabanından xalqa müraciətində Prezident İlham Əliyev demişdir: "Bizim zəfər yürüşümüz davam edir. Hələ də işğal altında torpaqlar var, hələ də döyüşlər gedir. Əgər Ermənistan rəhbərliyi mənim tələblərimə cavab verməsə, sona qədər gedəcəyik".

Dövlət başçısı doğma torpaqların azadlığı və sərhədlərimizin toxunulmazlığı uğrunda canlarından keçən qəhrəman döyüşçülərimizin xatirəsini də yad etdi, onlara Tanrıdan rəhmət, yaralılarımıza şəfa dilədi: "...Biz bu Qələbəyə görə onlara borcluyuq. Onlar torpaqlarımızı işğalçılardan qarış-qarış azad edib, onlar bizim bayrağımızı işğal edilmiş və işğaldan azad edilmiş torpaqlarda qaldırıb, bayrağımızı orada dalğalandırıb. Bu, bizim hamımızın qələbəsidir, bütün Azərbaycan xalqının".

2020-ci il noyabrın 10-da Ermənistan təslim aktına imza atdı. Bu, bizim şanlı hərbi qələbəmiz idi... Şuşanın işğaldan azad edilməsi Azərbaycan Ordusunun peşəkarlığını, hərbçilərimizin qəhrəmanlığını göstərdi. Babaların yüz üç il öncə Gəncədən Bakıya istiqlalı gətirən Zəfər yolu nəvələrin sayəsində Qarabağdan da keçdi... Azərbaycan əsgəri Zəfər salnaməsi yazdı.

Erməninin də, onun havadarlarının da dərsini sən verdin, Azərbaycan əsgəri, dönmədin,  qələbəyədək getdin. Bunu səndən Ali Baş Komandan və xalqımız istədi. O, arxada kar olan qulaqları, kor olan gözləri açdıqca, cəbhədə Zəfərə doğru yol açdı, dönmədi, sıldırım qayaları dırmaşa-dırmaşa, dişi, dırnağı ilə aldı Şuşanın azadlığını Azərbaycan əsgəri. Elə əziz Şuşamızın azad olunması ilə də yazdıq qalibiyyətimizi!.. O günlərdə bizi bu mübarizədən çəkindirmək istəyənlər də tapıldı, yenə də haqqı görmək istəmədilər. Ancaq dost, qardaş ölkələr bu haqq savaşımızı dəstəklədilər. Müharibənin ilk saatlarından Azərbaycanın yanında olduğunu bildirən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan torpaqlarımızın ermənilər tərəfindən işğalını hər zaman pisləyir, ən mötəbər tədbirlərdə, yüksək kürsülərdə Ermənistanı işğala son qoymağa səsləyirdi: "Azərbaycan torpaqlarını 30 il ərzində işğal altında saxlayan, insanları öz evlərindən didərgin salan və kütləvi qırğınlar törədən Ermənistanın hərəkətləri bəşər tarixində qara ləkədir" - deyirdi.

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Şefik Caferoviçin dəstək xarakterli məktubunda da dost fikri, dost sözü vardı: "Dağlıq Qarabağ bölgəsində münaqişənin gərginləşməsinə səbəb olan Ermənistanın artilleriya hücumlarını kəskin şəkildə pislədiyimi bildirmək istəyirəm. Azərbaycan Respublikası ilə çox sıx dostluq münasibətləri olan Bosniya və Herseqovina dövləti Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət edir".

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyev: "Bu Vətən müharibəsində biz Azərbaycanın yanındayıq. Türk dünyası və Türk Şurasının Azərbaycanın işğal altındakı torpaqlarını qeyd-şərtsiz geri almaq məsələsində qanuni haqqı barədə dəstəyini ifadə etdim. Münaqişənin yalnız və yalnız Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq birliyin tanıdığı sərhədlərinin toxunulmazlığı əsasında həlli lazımdır, deyirik".

Daha bir qardaş ölkədən dəstək. Pakistan İslam Respublikasının Baş naziri İmran Xan: "Azərbaycan Silahlı Qüvvələri nümunəvi şücaət göstərib. Qarabağ mübahisəli ərazi deyil. Bütün dünya Qarabağın Azərbaycana məxsus olduğunu qəbul edir və onu bu ölkənin ərazisi kimi tanıyır. Azərbaycanlılar öz əzəli torpaqlarını geri qaytardılar".

Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin münasibəti də maraqlıdır. O deyir: "...Heç kim, hətta Ermənistan belə Qarabağın müstəqilliyini tanımadı. Bu, beynəlxalq hüquq baxımından nə deməkdir? Azərbaycan nəinki özü, hətta bütün dünya birliyinin Azərbaycan ərazisi hesab etdiyi əraziləri geri qaytardı".

Erməni faşizmi məğlub oldu, bədnam qonşumuz üçtərəfli Bəyanata imza atmağa məcbur edildi. Digər rayonlarımızın qaytarılacağı barədə öhdəlik götürdü.

Kapitulyasiya aktından sonra da intizar içində gözləyirdi xalq. Axı, döyüşlər boyu özü ona-buna yalvara-yalvara əldə etdiyi üç atəşkəsi kobud şəkildə pozan ermənilərdən çox şey gözləmək olardı. Nəhayət, bu intizara da son qoyuldu. Noyabrın 20-də Ağdam geri qaytarıldı. Ağdama daxil olan Azərbaycan hərbçiləri dəhşətli mənzərə ilə üzləşdilər: şəhərdə bir dənə də olsun salamat bina qalmamışdı. Xarabalıqlar kilometrlərlə uzanırdı. Silahlı Qüvvələrin Ali Baş Komandanı Ağdamda Azərbaycanın üçrəngli bayrağını qaldırdı. Sonra Prezident və birinci xanım Ağdam məscidini ziyarət etdilər. Məscidin binası da vəhşicəsinə dağıdılmışdı. Dövlət başçısı Məkkədən gətirdiyi "Qurani-Kərim"i Ağdam məscidinə bağışlayaraq dedi ki, biz şanlı qələbəmizi qeyd edirik. Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik.

Noyabrın 25-də isə düşmən Kəlbəcəri geri qaytardı. Bu münasibətlə xalqa müraciətində ölkə başçısı dedi: "Kəlbəcər rayonunda 24 min hektar meşə ərazisi var. Bu, böyük sərvətimizdir. Mənfur düşmən bu meşələri qırıb, talayıb, satıb.

Ermənistanın işğal etdiyi ərazilər arasında Laçın irimiqyaslı köçürülmə proqramının həyata keçirdiyi az qala yeganə rayon idi. Orada təqribən 10 min erməni, yəni qondarma "Dağlıq Qarabağ respublikası" əhalisinin altıdabir hissəsi yaşayırdı. Lakin Ermənistan insan resurslarına malik olmadığı üçün erməni köçkünlər digər ölkələrdən gətirilirdi. Cenevrə konvensiyasına zidd olan bu qanunsuz məskunlaşdırma mahiyyət etibarilə hərbi cinayət idi. Lakin erməni liderlər bu cinayəti qəsdən törədir, Laçının qaytarılacağı barədə qətiyyən düşünmürdülər".

Xalqa müraciətində dövlət başçısı onu da demişdi ki, Laçın rayonunun zəngin təbiəti, tarixi abidələri, yeraltı sərvətləri bizim milli sərvətimizdir. Laçın rayonunun Azərbaycanın gələcək iqtisadi inkişafında mühüm rolu olacaqdır. İlk növbədə, biz Laçına laçınlıları qaytaracağıq.

İkinci Qarabağ müharibəsində qələbəni təmin edən başlıca amil Azərbaycan əsgər və zabitlərinin rəşadəti, Vətənin azadlığı və müstəqilliyi, onun ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı uğrunda fədakarlığa hazır olması idi. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin üç minə yaxın hərbi qulluqçusu bu döyüşlərdə həlak oldu, 94 dinc sakin erməni işğalçılarının raket və artilleriya zərbələri nəticəsində həyatını itirdi.

Bax, bu qurbanlar hesabına Azərbaycan xalqı, Azərbaycan Ordusu ədaləti bərpa etdi. Ölkə başçısı dekabrın 10-da Azadlıq meydanında Zəfər paradındakı çıxışında dedi ki, Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala, haqsızlığa son qoyulsun, ədalət zəfər çalsın, və buna nail olduq.

"İndi bizim üçün yeni dövr başlayır - quruculuq dövrü". Bunu da Azərbaycan Prezidenti deyib: "Biz düşmən tərəfindən dağıdılmış şəhər və kəndlərimizi birlikdə bərpa edəcəyik. Bizim iradəmiz də var, imkanlarımız da var" - deyə vəd də verdi Azərbaycan Prezidenti. Bu vədinə də əməl edir. İndi Qarabağ dirçəlir, ora həyat qayıdır. İllərin torpaq həsrətliləri doğma yurda dönür. Zəngilanın Ağalı kəndinin sakinlərinin bir qrupunun geri dönməsi isə dünyaya mesajdır: düşmənin xaraba qoyduğu torpaqlar əsl sahiblərinə qovuşur!.. Zəfər yolu bizi o yerlərə aparır, çünki bu yol haqq yoludur!..

Zümrüd QURBANQIZI,

"Respublika".