ZƏFƏRDƏN BÖYÜK QAYIDIŞA
Siyasət

ZƏFƏRDƏN BÖYÜK QAYIDIŞA

Xalqımız əsrlər boyu azad, müstəqil yaşamaq kimi nəcib amal uğrunda mübarizə aparıb. Azadlıq eşqi ilə yaşayan xalqımız nəhayət, 1991-ci il oktyabrın 18-də müstəqilliyini bərpa edərək müqəddəs arzusuna qovuşdu. İstər daxili, istərsə də xarici düşmənlərimiz öz çirkin planlarını işə salaraq yenicə müstəqilliyini bərpa etmiş ölkəmizdə xaos və anarxiya yaratdılar. Mənfur düşmən vəziyyətdən məharətlə istifadə edib Azərbaycanın ayrılmaz hissəsi olan doğma Qarabağı işğal etdi.

1993-cü ildə ümummilli lider Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə gəlişi ölkəni xaosdan, məhvolma təhlükəsindən xilas etdi. 1994-cü ilin mayında Ermənistanla cəbhədə atəşkəs elan olundu.

Ulu öndərin rəhbərliyi ilə dövlət müstəqilliyinin möhkəmləndirilməsi, qanunçuluq bazasının təkmilləşdirilməsi istiqamətində mühüm işlər görüldü. Ölkənin iqtisadi potensialının düzgün istiqamətləndirilməsi, xarici investisiyaların cəlb edilməsi, uğurlu iqtisadi islahatların aparılması Azərbaycanın sürətli inkişafına stimul yaratdı. Ölkəmizin beynəlxalq aləmdə nüfuzu artdı.

 Azərbaycan Prezidenti cənab İlham Əliyev ümummilli liderin siyasi kursunu uğurla davam etdirərək iqtisadiyyatın daha da möhkəmləndirilməsinə, sürətli inkişafa, tərəqqiyə nail oldu. Hərbi sahəyə göstərilən dövlət qayğısı sayəsində ordunun maddi-texniki bazası möhkəmləndirildi, yeni və müasir silahlar alındı, ölkənin hərbi qüdrəti durmadan yüksəldi. Milli Ordumuz regionda güclü döyüş hazırlığına, zəngin təcrübəyə və peşəkarlığa malik qüdrətli ordu kimi tanındı. Yeni vətənpərvər, sağlam gənc nəsil yetişdirildi. 30 ilə yaxın işğal altında olan ərazilərin azad edilməsi üçün ciddi hazırlıq işləri aparıldı.

Dövlətimizin başçısı cənab İlham Əliyev işğalın sona çatması üçün bütün imkanlardan istifadə etsə də Ermənistanın siyasi rəhbərliyi hər vəchlə danışıqlar prosesini uzadır, cəbhə boyu çoxlu təxribatlar törədirdi.

2020-ci il sentyabrın 27-də düşmənin növbəti təxribatlarına cavab olaraq Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında başlanan əks-hücum əməliyyatı uğurla nəticələndi. Azərbaycan ordusu cəmi 44 günə misli görülməmiş qələbə qazandı. "Dəmir yumruq"la erməni faşizminin başı əzildi. İşğal altında olan 5 şəhər, 4 qəsəbə və 286 kənd öz azadlığına qovuşdu.

Vətən müharibəsi dövründə Prezidentin xalqa müraciətləri, dərin məzmunlu nitqləri, dünyanın aparıcı televiziya kanallarına müsahibələri, söylədiyi hər söz, fikir xalqın ürəyindən xəbər verirdi. Düşmənə ünvanladığı tutarlı cavablar milyonlarla insanın dilində əzbər oldu.

2020-ci il noyabr ayının 8-də Azərbaycanın mədəniyyət beşiyi sayılan qədim Şuşa şəhərinin işğaldan azad edilməsi xalqımızın sonsuz sevincinə səbəb oldu. Məhz bu uğurun nəticəsi idi ki, Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu. Noyabrın 10-da Azərbaycan Respublikasının və Rusiya Federasiyasının prezidentləri və Ermənistan Respublikasının baş naziri məlum bəyanatı imzaladılar. Bu bəyanata əsasən münaqişə zonasında hərbi əməliyyatlar tam dayandırıldı. 2020-ci il noyabrın 20-də Ağdam və 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonu bir güllə belə atılmadan, qan tökülmədən işğaldan azad edildi. Bu yenilməz sərkərdə, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin həm də böyük diplomatik qələbəsi idi.

Möhtərəm Prezidentimizin dünyanın aparıcı kütləvi informasiya vasitələrinə verdiyi müsahibələrdə Azərbaycan həqiqətlərini, xalqımızın öz əzəli torpaqları uğrunda haqq savaşına qalxmasını beynəlxalq ictimaiyyətə çatdırması qəti qələbənin təmin olunmasında əvəzsiz rol oynadı.

Uzun illər işğal altında olan torpaqlarımız erməni vandalizminə məruz qalmış, qədim yurd yerlərimiz, təbii sərvətlərimiz talan edilmiş, yaşayış məntəqələrimiz yerlə-yeksan edilmişdir. Bu gün sevinclə deyə bilərik ki, Qarabağın şəhər, qəsəbə və kəndləri yenidən qurulur, bu əzəli yurd yerimizdə həyat canlanır. Həmin ərazilərdə müasir yaşayış məntəqələri salınır, böyük logistika və digər infrastruktur layihələr icra olunur. Artıq soydaşlarımız böyük qayıdışın astanasındadırlar.

Füzuli Beynəlxalq Hava Limanının qısa zaman ərzində inşa edilməsi dünya təcrübəsində nadir hadisələrdəndir. Oktyabrın 26-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı gətirən təyyarənin birbaşa Füzuli Beynəlxalq Hava Limanına enməsi hər birimizdə qürur, fəxarət hissi yaratdı.

İki qardaş ölkənin prezidentlərinin iştirakı ilə bütövlükdə regionun inkişafında mühüm rol oynayacaq Zəngəzur dəhlizinin təməlinin qoyulması Azərbaycanın uğurlarına qısqanclıqla yanaşan dövlətlərə tutarlı cavab oldu. Bütün bunlar dövlətimizin müdrik rəhbəri cənab İlham Əliyevin yürütdüyü düzgün, uğurlu, uzaqgörən siyasətinin parlaq nəticəsidir.

Hüseyn HÜSEYNOV,

Lerik şəhər sakini.