Zəfərimizin ikinci ildönümünü  qürur hissi ilə qarşılayırıq
Region

Zəfərimizin ikinci ildönümünü  qürur hissi ilə qarşılayırıq

Artıq iki ildir ki,  ömrümüzün ən qürurlu çağlarını yaşayırıq. 44 günlük Vətən müharibəsi iki ildir bizə bir dünyalıq sevinc bəxş edib. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında doğma Qarabağ torpaqlarının geri qaytarılması uğrunda, haqq işimiz uğrunda ölüm-dirim mücadiləsi apardıq. Öz müzəffər yürüşü ilə Azərbaycan Ordusu təkcə məmləkətimizin deyil, dünyanın hərb tarixinə şanlı səhifələr yazdı.

Uşaqdan-böyüyə hamımız sevinc içindəyik. Bu halal sevincdə peşəsindən, tutduğu vəzifəsindən, ictimai mövqeyindən asılı olmayaraq hamının payı var, o cümlədən ömrünü gənc nəslin təlim-tərbiyəsinə həsr edən biz müəllimlərin.  Otuz il düşmən tapdağı altında qalan, iyirmi faiz torpaqları işğal olunan, bir milyondan artıq vətəndaşı məcburi köçkün həyatı yaşamağa vadar edilən diyarımızda haqq savaşının nə vaxt başlayacağı sualı zaman-zaman şagirdlərimizin dilindən eşidilib. Erməni qəsbkarlığını, fitnəkarlığını, bu millətin murdar xislətini illər boyu parta arxasında əyləşən gənc nəslə tarixi faktlarla, aydın, inandırıcı şəkildə izah etmişik. Qeyd-şərtsiz deyirəm, pedaqoji kollektivlərimiz şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında mükəmməl fəaliyyət göstərmişlər. 44 günlük müharibədə gənclərin hərbi çağırış və səfərbərlik xidməti şöbələri qarşısında könüllü olaraq Vətən müharibəsinə yollanmaq istəklərini görəndə zəhmətimizin hədər getmədiyinə şahid olduq.

Düşmənə qalib gəldik. Qısa müddət ərzində işğal altında olan  kəndlərimiz, rayon mərkəzlərimiz azad olundu. 44 gündə Ali Baş Komandan dünyanın ən məşhur informasiya vasitələrinə verdiyi son dərəcə tarixi faktlarla zəngin, arqumentlərlə mükəmməl müsahibələrində bütün dünya xalqlarına Azərbaycanın həqiqətlərini, Ordumuzun haqq yolunda savaş apardığını  çatdırdı. Biz,  həm səngərdə, həm də siyasət meydanında qaliblərik. Müharibə günlərində öz acı məğlubiyyəti ilə barışmaq istəməyən erməni rəhbərliyi  xislətindən doğan, özünə dədə-babadan miras qalan mənfur hərəkətlərini davam etdirdilər. Gəncə, Bərdə, Tərtər, digər şəhər və kəndləri müharibə qanunları ilə qadağan olunan silahlarla vurub mülki şəxsləri, o cümlədən uşaqları qanına qəltan edərkən qəsbkar fərqində deyildi ki, dünya ona necə nifrət edir, illər boyu yaratmaq istədiyi miflər dağılır, erməni siması, erməni mənliyi hamıya əyan olur. Erməni təkcə insanların soyqırımı ilə kifayətlənmir. Kənd və şəhərlər yerlə-yeksan edilib. Belə mənfur xislətə deməyə adam söz də tapa bilmir. Erməni qəsbkarı sona qədər etdiklərinin bədəlini almalı idi və aldı da. Qələbə əzmi ilə yaşadığımız həmin günlərdə ordumuza ən yaxşı kömək-arxa cəbhədə öz vəzifəmizi layiqincə icra edib tapşırılan işin öhdəsindən gələ bilmək oldu.

Yeni dərs ilinə daha böyük həvəslə başlamışıq. Rayonumuzun ən böyük təhsil ocaqlarından biri olan 1 saylı tam orta məktəbin pedaqoji kollektivi təlim-tərbiyə işində uğurlar qazanır. İndi şagirdlərə deməyə sözümüz çoxdur. “Ya Qarabağ, ya Ölüm” istəyi, arzusu ilə Vətən müharibəsinə atılan Azərbaycan əsgəri  üçrəngli bayrağımızı Şuşada,  Zəngilanda,  Qubadlıda,  Laçında,  işğaldan azad olunmuş digər kənd və şəhərlərimizdə  dalğalandırdılar. Zəfərimizin ikinci ildönümünü açıq ürəklə, böyük ruh yüksəkliyi ilə qarşılayırıq.  

                         Vüqar NƏSİROV,

Kürdəmir rayonu Tofiq İsmayılov adına 1 saylı tam orta məktəbin direktoru.