ZƏFƏRİMİZİN MEMARLARI ƏBƏDİ YAŞAYACAQ
Region

ZƏFƏRİMİZİN MEMARLARI ƏBƏDİ YAŞAYACAQ

Anım Günü ilə əlaqədar Yardımlı şəhərinin Heydər Əliyev Mərkəzində "Zəfərimizin memarları” adlı tədbir keçirilib. Tədbirdə Yardımlı Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri,  Heydər Əliyev Mərkəzinin, Yardımlı Rayon Gənclər və İdman İdarəsinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin əməkdaşları və gənc könüllülər iştirak ediblər.

Əvvəl Şəhidlər xiyabanı abidə kompleksinin önünə gül dəstələri düzülüb. Heydər Əliyev Mərkəzində Azərbaycan dövlətinin qurucusu və memarı, ümummilli lider Heydər Əliyevin və ölkəmizin suverenliyi, ərazi bütövlüyü yolunda canlarını qurban vermiş igidlərin parlaq xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rayon Gənclər və İdman İdarəsinin rəisi Anar Alışov Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində güclü, qüdrətli Azərbaycan ordusunun şanlı qələbəsindən, sarsılmaz xalq-iqtidar birliyindən, şəhidlərin xatirəsinin daim əziz tutulmasından, gənclərin vətənpərvərlik ruhunun yüksək olmasından ətraflı söhbət açıb.

Yardımlı Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, Vətən müharibəsi iştirakçısı, ehtiyatda olan baş leytenant Rövşən Süleymanov Zəfər yolunun mərhələlərindən söhbət açaraq bildirib ki, bir il əvvəl minlərlə gənc Vətənin çağırışına səs verərək  könüllü müharibəyə yollandı. Mən döyüşlərdə Azərbaycan gəncinin hünərinin, vətənpərvərliyinin, igidliyinin canlı şahidiyəm. Döyüşçülərimiz ölümün gözünə dik baxaraq qorxmadan, çəkinmədən düşmənin illərlə qurduğu istehkamları dağıdır, onun canlı qüvvəsini, texnikasını məhv edir, inamla irəli gedirdi. Şəhər, qəsəbə və kəndlərimiz işğaldan azad edildikcə böyük Zəfər, tarixi Qələbə yaxınlaşırdı. Şəhidlərimizin canı-qanı bahasına, qazilərimizin, döyüşçülərimizin şücaəti, qəhrəmanlığı hesabına əldə etdiyimiz qələbə, böyük zəfər  üzərimizə həm də məsuliyyət qoyur, -deyə R. Süleymanov bildirib. Bu gün hər birimiz cənab Prezidentin, Müzəffər Ali Baş Komandanın ərtafında sıx birləşib apardığı uğurlu siyasətə, Qarabağda başlanan böyük tikinti, quruculuq işlərinə, Azərbaycanın inkişafına, tərəqqisinə dəstək olmalıyıq.

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Yardımlı rayon nümayəndəliyinin direktor əvəzi Səfail İbişli müharibədə gənclərin igidliyini, qəhrəmanlığını ölkəmizdə aparılan uğurlu gənclər siyasətinin nəticəsi kimi qiymətləndirib, gənclərin hərbi vətənpərvərlik tərbiyəsi sahəsində görülən işlərdən danışıb.

Əlisəfa HƏSƏNOV,

                                                                                                     “Respublika”.