Zəfərimizin tacı, qürur qalası
Digər xəbərlər

Zəfərimizin tacı, qürur qalası

Alınmaz qala sayılan Şuşanı iki il bundan əvvəl erməni işğalından azad edən Azərbaycan Silahlı Qüvvələri şanlı tarix yazdı. Bu şanlı tarix bizimlə əbədi olacaq.

Azərbaycan xalqı, gələcək nəsillər bu şanlı Qələbə ilə haqlı olaraq fəxr edəcəklər.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Müasir Azərbaycan tarixinə qızıl hərflərlə yazılan 8 noyabr 2020-ci il heç zaman unudulmayacaq tarixi bir gündür. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun əsgər və zabitləri tarixdə misli görünməmiş qəhrəmanlıq göstərərək qanları, canları bahasına uzun illər həsrətində olduğumuz Şuşanı bizə qaytardılar. İki il əvvəl rəşadətli Ordumuz Şuşaya daxil oldu və bu qədim şəhəri düşmən işğalından azad etdi. İlk baxışda keçilməsi mümkünsüz görünsə də, qəhrəman əsgərlərimiz sıldırım qayalardan, çətin yollardan keçərək düşmənin müqavimətini qırdı və onu məğlub edərək Qələbə qazandı. Ali Baş Komandan İlham Əliyev Azərbaycanın qeyrət qalası, mədəniyyətimizin beşiyi, 28 il mənfur ermənilərin tapdağı altında qalan dilbər guşəmiz Şuşanın işğaldan azad olunduğunu bəyan etdi: "Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!".

 Bu Zəfərlə biz 20 faiz ərazilərimizin 30 illik işğalına son qoyduq. Torpaqlarımızı azad etməklə həm də bütün dünyada qalib xalq olaraq tanındıq. Dövlət başçısı İlham Əliyevin sərəncamı ilə Qarabağın tacı Şuşamızın işğaldan azad olunduğu tarix Zəfər Günü kimi təsis edildi. Xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə imzalanan bu sərəncam ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılandı. Dövlətimizin qətiyyəti, Azərbaycan xalqının əzmi, iradəsi, iqtisadi qüdrəti, müasir ordu quruculuğu və Prezident-Xalq birliyi İkinci Qarabağ müharibəsində Qələbəmizi təmin edən mühüm amillər oldu. Dünyaya səs salan Zəfərimiz xalqımızın yenilməzliyinin, məğrurluğunun təqdimatıdır.

"Müharibə dövründə çoxsaylı müsahibələrdə mən müharibənin gedişatı ilə bağlı bəzi məqamları açıqlayırdım. Təbii ki, hər şeyi deyə bilmirdim. Xüsusilə gələcək planlar haqqında bir çox şeyləri deyə bilmirdim. Verilən suala cavab olaraq cəmi bir dəfə demişdim ki, Şuşasız bizim qələbəmiz yarımçıq olacaq. Əminəm, Azərbaycan xalqı yaxşı anladı ki, bizim son məqsədimiz, müharibənin son məqsədi Şuşanı işğaldan azad etməkdir. Təkcə ona görə yox ki, Şuşa Qarabağın tacıdır. Ona görə yox ki, Şuşanın strateji yerləşməsi faktiki olaraq onun azad olunmasından sonra müharibənin taleyini həll edirdi. O cümlədən ona görə ki, Şuşa Azərbaycan xalqının ürəyidir, canıdır, hər bir azərbaycanlı üçün müqəddəs yerdir". Bu fikirləri noyabrın 8-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə deyib.

İşğalçılara qarşı aparılan "Dəmir yumruq" əməliyyatı dünyanın qabaqcıl ölkələrinin hərb məktəblərində öyrənilir. Həmin sırada Şuşa uğrunda döyüşlər xüsusi yer tutur. Bu şəhər təbii istehkam olduğundan oraya tank və digər ağır silahlarla girmək mümkün deyildi. Odur ki, alternativ variant kimi əlbəyaxa döyüş taktikası seçildi. Qəhrəman əsgər və zabitlərimiz yüngül silahlarla sıx meşələrdən, dərin dərələrdən keçərək, sıldırım qayalara, dağlara dırmaşaraq düşmənlə üzbəüz döyüşdə şəhəri azad etdilər. Xarici hərbi ekspertlərin də diqqət mərkəzində olan bu döyüşlər Azərbaycan Ordusunun əsgər və zabitlərinin yüksək döyüş taktikası seçməsinin, peşəkarlığının və vətənpərvərliyinin nəticəsi idi. Beləliklə, bizim qəhrəman Xüsusi Təyinatlılarımız əlbəyaxa döyüşdə Şuşanı azad etdilər. Qəhrəman Azərbaycan övladları mükəmməl hərbi əməliyyat keçirib cəsarət, rəşadət, qəhrəmanlıq, güc, milli ruh nümayiş etdirərək Şuşanı işğalçılardan təmizlədilər və uzun fasilədən sonra noyabrın 8-də Şuşada Azərbaycan Bayrağı dalğalandırıldı.

Bir məsələ xüsusi vurğulanmalıdır: Şuşada olan mədəni-tarixi abidələr zərər görməsin deyə şəhərin azad olunması üçün xüsusi əməliyyat icra olundu. Bununla Şuşada bir abidə belə ziyan görmədi. Azərbaycan Ordusu mədəni irsimizi qorumaqla bu tarixi Zəfərə imza atdı. Digər tərəfdən, Şuşa əməliyyatında Azərbaycan Ordusunun fərdi bacarığı önə çıxdı. Belə ki, abidələrə ziyan dəyməməsi ordunun yüksək fərdi hazırlığının göstəricisi idi. Şuşanın Azərbaycan üçün təkcə mədəniyyət paytaxtı deyil, eyni zamanda ölkənin strateji bir üstünlük qazanması amilini ortaya qoyur.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi və yenilməz, rəşadətli Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığı nəticəsində Azərbaycan xalqı 44 gün ərzində ərazi bütövlüyümüzü bərpa etdi. Hər bir azərbaycanlının qəlbində yüksək qürur hissləri yaradan Şanlı və tarixi Qələbəmiz milli oyanışa, dirçəlişə, birliyə səbəb oldu. Vətən müharibəsində Azərbaycan dövləti qətiyyətli qələbə qazandı, işğalçını əzəli torpaqlarımızdan "iti qovan kimi qovdu". Möhtəşəm qələbəmizin qazanılmasında ölkə başçısının da qeyd etdiyi kimi, müstəqillik dövründə doğulub böyümüş gənclər böyük şücaət göstərdilər. Azərbaycan hərbçiləri dünya hərb tarixində analoqu olmayan döyüş əməliyyatları icra edərək çətin relyefli ərazilərdə uğurlu həmlələrlə düşməni darmadağın etdilər. Bu, Azərbaycan gəncliyində olan sonsuz Vətən sevgisi, yurd həsrəti, torpağa bağlılıq hisslərinin təcəssümü idi.

Dövlətimizin başçısının dediyi kimi, Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü göstərdi, Ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi. Şuşanın götürülməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi. Şuşanın işğaldan azad edilməsi bizim şanlı Qələbəmizdir.

Mustafa KAMAL,

"Respublika".