“Zəfərin mübarək, Vətən!” mövzusunda konfrans
Elm və təhsil

“Zəfərin mübarək, Vətən!” mövzusunda konfrans

Zəfər Günü münasibətilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Şamaxı Rayon İcra Hakimiyyəti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının birgə təşkilatçılığı ilə “Zəfərin mübarək, Vətən!” mövzusunda konfrans keçirilib.

Tədbirdə çıxış edən ADPU-nun Şamaxı filialının direktoru, dosent Tünzalə Yusifova 44  günlük Vətən müharibəsində gənclərin ordu sıralarına səfərbər olunmasında SHXÇDX-nin fəaliyyətini xüsusi vurğulayıb.

Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov Zəfər tariximizin yazılmasında böyük rolu olan dövlət-xalq-ordu birliyindən söhbət açıb. Bildirib ki, möhtərəm Prezidentimiz İlham Əliyevin hakimiyyətə gəldiyi ilk gündən  Azərbaycanın müasir inkişaf strategiyasının uğurla reallaşdırılması, milli həmrəyliyə yönəlmiş ardıcıl, məqsədyönlü siyasət milli maraqlarımızın və ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsinə istiqamətlənmişdir.

 Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə rəisi,  polkovnik-leytenant Füzuli İsmayılov 44 günlük Vətən müharibəsi dövründə könüllü olaraq Vətənə xidmət etmək üçün müraciət edən Azərbaycan gənclərindən bəhs edərək bildirib ki, gənclərin vətənpərvər ruhda yetişdirilməsi də məhz Müzəffər Ali Baş Komandanın həyata keçirdiyi məqsədyönlü siyasətinin nəticəsidir. Universitetin şəhid məzunu Orxan Nəbiyevin atası ürək sözlərini, Orxanın cəbhə yoldaşlarının dilindən dinlədiyi qəhrəmanlıqları tədbir iştirakçıları ilə bölüşüb. O, şəhid ailələrinə göstərilən diqqət və qayğıdan bəhs edərək cənab Prezident İlham Əliyevə xüsusi təşəkkürünü bildirib.

Tədbirin sonunda ADPU-nun Şamaxı filialının tələbələri şeir kompozisiyası təqdim ediblər.

                                                                                 M.MİRZƏ, 

                                                                               “Respublika”.