Zəlzələ bölgəsində əsl insanlıq dramı
Digər xəbərlər

Zəlzələ bölgəsində əsl insanlıq dramı

Dərdin, faciənin gücü insanları birləşdirdiyi kimi, millətləri, xalqları da bir araya gətirir. Soyuqluğu, laqeydliyi aradan götürür. Bu gün Türkiyədə eyni vəziyyət yaşanır. Dünya bu məkanda birləşir, yaxınlaşır, bir az da mehribanlaşır.

Məlumdur ki, fevral ayının 6-da episentri Kahramanmaraş vilayətinin Pazarcıq rayonu olan və 9 vilayətində - Qaziantep, Malatya, Diyarbəkir, Kilis, Şanlıurfa, Adıyaman, Hatay, Osmaniyə və Adanada güclü zəlzələ baş vermişdir. Təbii fəlakət nəticəsində minlərlə ev dağılmış, on minlərlə insan dağıntılar altında can vermiş, bir o qədər də vətəndaş çadırlarda çarəsiz, pərişan qalmışdır.

Faciənin ağırlığı o qədər böyükdür ki, hətta Türkiyə ilə bəzi ölkələr arasında müəyyən səbəblərdən yaranmış soyuqluq da faciənin fonunda ərimişdi. Zəlzələ baş verən ilk andan Azərbaycan qardaş, dost ölkə kimi özünü fəlakət bölgəsinə yetirdi. Qardaş ölkənin bu dar günündə bütün varlığı ilə yanında olan dövlətimiz mümkün olan bütün vasitələrdən istifadə etdi. Prezident İlham Əliyevin tapşırığına əsasən, zəlzələ bölgəsinə yardım göstərilməsi ilə bağlı dərhal tədbirlər həyata keçirildi. İlkin olaraq Fövqəladə Hallar Nazirliyinin 420 nəfərdən ibarət çevik xilasetmə qüvvələri zəlzələ bölgəsinə yola salındı.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva da faciədən çox kədərləndiyini və Azərbaycan dövlətinin hər zaman Türkiyənin yanında olduğunu bildirdi. Heydər Əliyev Fondunun xətti ilə zəlzələdən zərər çəkmiş insanların ehtiyaclarını təmin etmək məqsədilə yardım kampaniyalarına başlandı.

Bəli, bu gün xalqımız, millətimiz qardaş Türkiyə dövlətində baş verən təbii fəlakətlə bağlı məyusluğunu bildirir. Kimliyindən asılı olmayaraq hər bir vətəndaşımız bu ağrını, itkini öz içində, qəlbində hiss edir. Bunu yardıma tələsən insanların münasibətində də gördük. Uşaqlar öz oyuncaqlarını, isti geyimlərini faciə yaşayan həmyaşıdlarına göndərir, ürək sözlərini onlara məktub yazaraq bildirirlər. Bir azərbaycanlı ana göndərdiyi isti gödəkçənin ciblərinə çərəz, konfet doldurur. Şəhid anası zəlzələdən zərərçəkən türkiyəli şəhid anasına bağlama göndərir. Bir ata öz qız övladına aldığı cehizlik əşyaları evləri dağılmış, çadırlarda gecələyən insanlara yola salır. Bütün bunlar nə hansısa hekayənin bir hissəsi, nə də bir filmin maraqlı kadrlarıdır. Yaşananlar bir insanlıq dramı, insanlıq əməlidir.

Görülən işlərdə, edilən yardımlarda Azərbaycanla bərabər, bir çox ölkələr canla-başla iştirak etdi. Kömək etməyə, haradasa bir can qurtarmağa, bir könül sevindirməyə tələsdi. Bu gün Türkiyə barışığın, paylaşımın, dost, humanist hisslərin mərkəzinə, dünyanın insanlıq üzərində bərqərar olduğu məkana çevrilmişdir. Dövlətlər, millətlər kini, davanı bir kənara atıb, insanlıq, humanistlik nümayiş etdirirlər. Hətta, bəzi ölkələrdən olan xilasedicilər işlərinin başa çatması səbəbindən ölkələrinə geri dönməli olduqları halda belə, qayıtmaq istəmirlər. Hər ana, dəqiqəyə ümidlə yanaşırlar. Dağıntılar altından bir can da qurtara bilərik deyə düşünürlər.

Yaxın günlərdə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu vəziyyətlə bağlı açıqlama verərək bildirmişdir ki, zəlzələ bölgəsində 77 ölkənin xilasediciləri əməliyyatlarını başa çatdıraraq ölkələrinə geri dönüblər. 13 ölkədən olan xilasedicilər isə axtarış əməliyyatlarını davam etdirirlər. Bölgəyə xilasedicilərlə yanaşı, bəzi ölkələrin rəsmi şəxsləri, nazirləri də səfər ediblər. Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov bu məqsədlə qardaş Türkiyədə səfərdə olub. Yunanıstan Xarici İşlər naziri Nikos Dendias da zəlzələ bölgəsinə gələrək həmkarı Mövlud Çavuşoğlunun müşayiəti ilə dağıntılara məruz qalan ərazilərdə fəaliyyət göstərən Yunanıstan Yardım Missiyasının üzvləri ilə görüşüb. ABŞ dövlət katibi Entoni Blinken də Türkiyənin cənubunda baş verən təbii fəlakət zonasına səfər edib. Gördüyü mənzərədən təsirlənərək deyib: "Türkiyədə baş verən zəlzələnin törətdiyi dağıntıları öz gözlərimlə görmək məni çox kədərləndirdi. Birləşmiş Ştatlar xilasetmə və bərpa səylərinə kömək etmək üçün əlindən gələni etməyə hazırdır". Bir ildir ki, müharibə şəraitində yaşamasına baxmayaraq, Ukrayna da Türkiyəyə yardım təklifi ilə müraciət edib.

Bəli, bu gün dünyanın nəhəng və güc sahibi olan ölkələr Türkiyəyə köməyini əsirgəmir. Demək ki, hələ dünyada insanlıq, ədalət var...

Ramidə YAQUBQIZI ,

"Respublika".