Zəngəzur dəhlizi region ölkələri üçün geniş iqtisadi imkanlar açır
Siyasət

Zəngəzur dəhlizi region ölkələri üçün geniş iqtisadi imkanlar açır

İşğaldan azad edilmiş ərazilərdə qısa müddətdə çox böyük quruculuq işləri həyata keçirilib

Ö tən il Vətən müharibəsinin davam etdiyi,  lakin artıq erməni faşizminin belinin qırıldığı günlərdə xalqımız əmin idi ki, işğaldan azad edilmiş ərazilərin bərpası üçün bütün zəruri tədbirlər qısa müddətdə həyata keçiriləcək. Bu əminlik Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi müddətdə özünü yaradıcı, qurucu dövlət başçısı kimi təsdiq etməsindən, hədəfləri dəqiq müəyyənləşdirməsindən, hər bir vədini yerinə yetirməsindən qaynaqlanırdı. Dünyada misli-bərabəri olmayan hadisə - müasir beynəlxalq hava limanının cəmi səkkiz ayda tikilib istifadəyə verilməsi, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərinin dinamikası və sürətli gedişi xalqın inamının növbəti dəfə doğrulduğunu göstərir.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev ötən il noyabrın 10-da xalqımıza Zəfər müjdəsini verərkən demişdi: "Məcburi köçkünlər yaxşı bilirlər ki, onların öz dədə-baba torpaqlarına qayıtması üçün biz əlimizdən gələni edəcəyik, işğaldan azad edilmiş bu torpaqları yenidən quracağıq. İndi bütün dünya görür ki, mənfur düşmən bu torpaqları hansı vəziyyətə salıb. Bizim bütün binalarımız dağıdılıb, tarixi abidələrimiz dağıdılıb, muzeylərimiz talan edilib, təbiətimizə böyük ziyan vurulub, məscidlərimiz dağıdılıb, təhqir edilib...".  Düşmənin törətdiyi rəzilliklərə cavab olaraq, Azərbaycan Ordusu özünün mətin və qətiyyətli sərkərdəsinin rəhbərliyi ilə  onları torpaqlarımızdan qovdu, ölkəmizin ərazi bütövlüyünü bərpa etdi və bununla da Ermənistanın ərazi iddiaları nəticəsində yaranmış münaqişəyə hərbi-siyasi yolla son qoyuldu.

Döyüş əməliyyatlarının başa çatmasına 11 gün qalmış, oktyabrın 29-da  Prezident İlham Əliyev "Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında" Sərəncam imzaladı. Sərəncamda işğaldan azad edilmiş ərazilərdə dövlət orqanlarının həyata keçirəcəyi mühüm və təxirəsalınmaz vəzifələr müəyyənləşdirilirdi. Bunların arasında bərpa-quruculuq işlərinə başlamaq üçün ilkin şərt  kimi ərazilərin minalardan təmizlənməsi və zərərsizləşdirilməsi barədə tapşırıq da vardı. Dövlətimizin başçısının "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının yaradılması haqqında" 24 noyabr 2020-ci tarixli Sərəncamı isə işğaldan azad edilmiş ərazilərdə sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin həllində, eləcə də bu sahədə fəaliyyətin əlaqələndirilməsində mühüm rol oynadı.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyevin başçılıq etdiyi, ölkənin yüksək vəzifəli şəxslərinin təmsil olunduğu qərargahın İdarələrarası Mərkəzində yaradılmış işçi qrupları yenidənqurma və bərpa işlərini əlaqələndirir, həmçinin məlumat mübadiləsi həyata keçirirlər. Müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərən işçi qrupların iclasları mütəmadi xarakter daşıyır.

İşğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri, ilk növbədə, infrastruktur sahələrindən başlanıb. Öz qanı-canı bahasına torpaqlarımızı düşmən tapdağından qurtaran və həmin ərazilərdə daimi yerləşən qəhrəman hərbçilərimizin təchizatının təmin edilməsi ən vacib vəzifə kimi qarşıya qoyulub, bu istiqamətdə zəruri tədbirlər görülüb. Düşmənin dağıdıb məhv etdiyi elektrik enerjisi, içməli su təchizatı, avtomobil yolları şəbəkələrinin bərpasına müvafiq sahələrə cavabdehlik daşıyan qurumlar dərhal başlayıblar. Təkcə bir faktı xatırlayaq: Şuşa işğaldan azad edildikdən bir neçə gün sonra energetiklərimiz bu qədim qala-şəhərin işıqlandırılmasına nail oldular. Sonrakı günlərdə su təchizatı da, ilkin qaydada, sahmana salındı...

Bu gün isə Şuşaya və işğaldan azad edilmiş bütün ərazilərə həyat yenidən qayıtmaqdadır. Təbii ki, təhlükəsizlik tədbirlərinin miqyası genişləndikcə, minalardan və partlayıcı qalıqlarından təmizlənən sahələr çoxaldıqca, bərpa və yenidənqurma işlərinin həcmi artır.

 Prezident İlham Əliyevin Fərmanı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması isə işğaldan azad edilmiş ərazilərin bərpası və gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilməsi üçün mühüm əsasdır. Bu qərar işğaldan azad edilmiş ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə onların tarazlı inkişafı üçün nəzərdə tutulan bütün işlərin vahid proqram əsasında aparılmasına imkan verəcəkdir.

Möhtəşəm Zəfərdən sonrakı müddətdə görülən işlər barədə ən dolğun və dəqiq məlumat Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin birinci xanım Mehriban Əliyeva ilə birlikdə Qarabağa və Şərqi  Zəngəzura davamlı səfərləri ilə bağlı hesabatlarda öz əksini tapır. Dövlətimizin başçısının bu səfərlər zamanı təməlini qoyduğu yollar artıq təkcə Qarabağa deyil, qədim ata-baba yurdumuz Zəngəzura doğru uzanır. Bir neçə gün əvvəl Zəngəzur dəhlizinin - Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməli qoyularkən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yeni çəkilən yolun təkcə Ermənistan sərhədinə qədər deyil, daha irəli gedəcəyini söyləməsi də bölgədə tezliklə gerçəkləşəcək məqsədi aydın ifadə edir.

Yeri gəlmişkən, bu gün işğaldan azad edilmiş ərazilərdə ən intensiv iş gedən sahə avtomobil yollarının çəkilişidir ki, burada da Türkiyə şirkətlərinin fəal iştirakı çox əhəmiyyətli və qürurvericidir. Mürəkkəb coğrafi relyefdən keçən yolların üzərindəki tunellərin inşasında türkiyəli qardaşlarımız xüsusi peşəkarlıqla çalışırlar. Türkiyə şirkətləri tərəfindən, ümumilikdə, 62 kilometr uzunluqda tunel tikilir və hazırda bu şirkətlərdə 6587 işçi çalışır ki, onların da 1832 nəfəri Türkiyə vətəndaşı, 4500 nəfəri Azərbaycan vətəndaşıdır. İşğaldan azad edilmiş ərazilərdə avtomobil yollarının çəkilişinə, ümumilikdə, 13 min 280 nəfər cəlb edilib. Qısa müddətdə tikilən və artıq istifadəyə hazır olan Zəfər yolu - Əhmədbəyli-Füzuli-Şuşa yolu ölkəmizin hərbi gücü ilə iqtisadi qüdrətinin həmahəng olduğunu, bir-birini tamamladığını əyani şəkildə sübuta yetirir.

İşğaldan sonrakı müddətdə həyata keçirilən bərpa-quruculuq işlərinin bir istiqaməti də keçmiş məcburi köçkünlər üçün öz ata-baba yurdlarında yeni yaşayış sahələrinin tikintisinə başlanmasıdır. Bu sahədə Şuşada, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda ilkin tədbirlər həyata keçirilir. Qubadlı və Zəngilan şəhərlərinin yeni baş planlarının hazırlanması üçün tapşırıqlar verilib. Bu ilin aprelində Zəngilan rayonunun Ağalı kəndində təməli qoyulan "ağıllı kənd" layihəsinin icrası da həyata keçirilir. Tikinti işləri 110 hektardan çox ərazini əhatə edir. Burada yüksək ekoloji standartlara cavab verən 200 fərdi evin, ikimərtəbəli 4 qeyri-yaşayış binasının, 360 şagird yerlik məktəbin və 60 yerlik uşaq bağçasının tikintisi sürətlə davam etdirilir. Zəngilanda türkiyəli və azərbaycanlı sərmayədarların birgə layihəsi olan "Dost Aqropark"ın da təməli qoyulub. Bu, genişprofilli və müasir kənd təsərrüfatı müəssisəsində gələcəkdə 500 nəfər işləyə biləcək.

İşğaldan azad edilmiş ərazilərin gələcək inkişafına yeni yaradılmış sənaye mərkəzləri Ağdam Sənaye Parkı və  "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkı da öz töhfələrini verəcəkdir. Əlaqələndirmə Qərargahı nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin İqtisadi Məsələlər üzrə işçi qrupu "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin 2021-2025-ci illər üzrə bərpası və dayanıqlı inkişafı Dövlət Proqramı"nın layihəsinin hazırlandığı barədə də məlumat verib. Onu da qeyd edək ki,  bu il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün təqribən 2 milyard manat vəsait ayrılıb, 2022-ci ildə bu məqsədlə 2,2 milyard manat vəsaitin ayrılması nəzərdə tutulur.

Qarabağın dirçəlişi üçün indiyədək görülmüş işləri və icrası nəzərdə tutulan layihələri əyani şəkildə əks etdirən Birinci Azərbaycan Beynəlxalq "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı"  - "Rebuild Karabakh" sərgisi ölkə həyatında diqqətçəkən hadisələrdən oldu. Sərgiyə gələnlər həm dövlət qurumlarının, həm də yerli və xarici şirkətlərin işğaldan azad edilmiş ərazilərdə mövcud və indiki fəaliyyətləri barədə ətraflı məlumat əldə etdilər.

...Torpaqlarımız işğaldan azad ediləndə bərpa-quruculuq işləri "Bütün yollar Qarabağa aparır" devizi ilə başlamışdı. İndi bu işlər Qarabağla yanaşı, Zəngəzura doğru genişlənməkdədir.

Möhtərəm RƏCƏBOVA,

"Respublika".