Zəngəzur dəhlizi regional əməkdaşlığın inkişafı üçün prioritet layihədir
Siyasət

Zəngəzur dəhlizi regional əməkdaşlığın inkişafı üçün prioritet layihədir

Bu, Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 26-cı iclasında bir daha vurğulanıb

egional Əməkdaşlıq və İnkişaf Təşkilatının davamçısı olaraq 1985-ci ildə Türkiyə, İran və Pakistan tərəfindən iqtisadi, texniki və mədəni əməkdaşlığın möhkəmləndirilməsi məqsədilə yaradılmış İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) üzv dövlətlər arasında əlaqələrin gücləndirilməsinə, eyni zamanda tarixi, mədəniyyəti, adət-ənənələri bir olan xalqlarımızın daha da yaxınlaşmasına xidmət edən regional təşkilatdır.

Təşkilat öz fəaliyyətində davamlı iqtisadi artıma nail olunması, iqtisadiyyatın liberallaşdırılması və regiondaxili ticarətin təşviqi, üzv dövlətlərin iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyası, nəqliyyat və kommunikasiya sisteminin inkişaf etdirilməsi missiyasını həyata keçirir. 1992-ci ildə İqtisadi Əməkdaşlıq Təşkilatına Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistanla bərabər, Azərbaycan da üzv qəbul olunmuşdur. Təşkilatın sıralarına qoşulan ölkəmiz İƏT çərçivəsində digər üzv ölkələrlə bir sıra prioritet sahələr, o cümlədən nəqliyyat, enerji, ticarət və investisiya sahələri üzrə mühüm sənədlər imzalamışdır. İmzalanan 10 saziş, o cümlədən "İƏT üzv dövlətləri arasında Ticarət Əməkdaşlığına dair Çərçivə Sazişi", "İƏT regionunda Tranzit Nəqliyyatı haqqında Saziş", "İƏT regionunda investisiyaların təşviqi və qorunması haqqında Saziş" üzv dövlətlər arasında iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi və regiondaxili ticarətin artırılmasında xüsusi əhəmiyyət kəsb etmişdir.

Müsəlman dünyası ilə əlaqələrin genişlənməsinə böyük önəm verən ümummilli lider Heydər Əliyev Azərbaycanın İƏT-ə üzvlüyünü yüksək qiymətləndirmiş və bu əlaqələrin inkişaf etdirilməsini daim diqqət mərkəzində saxlamışdır. Belə ki, 1993-cü il 5-7 iyul tarixlərində İstanbulda keçirilən İƏT ölkələrinin dövlət başçılarının II Sammitində ulu öndər iştirakçılara müraciət ünvanlamış və sammitdə İƏT-in uzunmüddətli inkişafına dair İstanbul Bəyannaməsi qəbul edilmişdir. Bəyannamədə İƏT-in iqtisadiyyat, elm və mədəniyyət sahələrində başlıca vəzifələri və fəaliyyət istiqamətləri müəyyənləşdirilmiş, İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlər Ermənistanın Azərbaycana qarşı ərazi iddialarını pisləmiş, Ermənistandan öz qoşunlarını Azərbaycanın ərazilərindən çıxarmağı və BMT Təhlükəsizlik Şurasının 822-ci qətnaməsini yerinə yetirməyi tələb etmişdilər.

1995-ci il martın 13-də İslamabadda öz işinə başlayan İƏT-in III Sammitində ölkəmiz xarici işlər naziri səviyyəsində təmsil olunmuş və Sammitdə tranzit ticarət, İƏT-ə üzv ölkələrin iş adamlarına viza verilməsi prosedurunun sadələşdirilməsi, İƏT gəmiçilik və hava şirkətlərinin və onların nizamnamələrinin təsis olunması barədə sazişlər imzalanmışdır.

Üzv və digər dövlətlər arasında ticarət maneələrinin aradan qaldırılmasına çalışan İqtisadi Əməkdaşlıq Təşkilatının 1996-cı ildə Aşqabadda keçirilən IV Sammitində 1998-2007-ci illər üçün nəqliyyat və kommunikasiyanın inkişafına dair proqram qəbul edilmişdir. Eyni zamanda, İƏT-in 2000-ci il iyunun 9-da Tehranda keçirilən Zirvə görüşündə Pakistanın keçmiş dövlət başçısı Pərviz Müşərrəf Ermənistanın Azərbaycana qarşı təcavüzünə son qoymaq üçün ölkəsinin hər cür yardım göstərməyə hazır olduğunu bəyan etmişdi.

2021-ci ildə İqtisadi Əməkdaşlıq Təşkilatının enerji üzrə yüksək səviyyəli mütəxəssislər qrupunun və İƏT-in energetika nazirlərinin 4-cü iclasları Azərbaycanın evsahibliyi ilə keçirilmiş və videokonfransda təşkilatın üzv ölkələri ilə yanaşı, bır sıra beynəlxalq təşkilatların yüksək səviyyəli nümayəndələri də iştirak etmişlər. İclasın yekununda İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində enerji əməkdaşlığının möhkəmləndirilməsi məqsədilə "Bakı Bəyannaməsi", həmçinin təşkilatın 2030-cu ilədək "Enerji Strategiyası" və "Fəaliyyət Planı", "Təmiz Enerji Mərkəzinin Nizamnaməsi", "Regional Elektrik Enerjisi Bazarı"nın Yol Xəritəsi qəbul olunmuşdur. Ötən il Aşqabadda keçirilmiş İƏT Xarici İşlər Nazirləri Şurasının 25-ci iclasında Azərbaycanın İƏT Təmiz Enerji Mərkəzinə evsahibliyi rəsmi şəkildə təsdiq edilmişdir.

17 may 2022-ci ildə isə Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransı keçirilmişdir. Qurumun üç komitəsinin iclaslarına evsahibliyi edən Azərbaycan Milli Məclisi dayanıqlı tərəfdaşlıq çərçivəsində işə başlamaq istəyini bildirmiş, təşkilatın İkinci Ümumi Konfransının hesabatı təqdim olunmuş, İcraiyyə Şurası Bakı Bəyannaməsini təsdiq etmiş, Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin nümayəndələrindən ibarət İşçi Qrupu tərəfindən verilən təkliflər dəstəklənmişdir.

İƏT PA-nın "Postpandemiya dövründə əməkdaşlıq: çağırışlar və bərpa imkanları" mövzusuna həsr olunmuş Üçüncü Ümumi Konfransında COVID-19 pandemiyasının qlobal iqtisadiyyata, səhiyyəyə və ictimai həyatın bütün sahələrinə kəskin şəkildə təsir göstərməklə ciddi çətinliklər yaratdığından bəhs olunmuş, Azərbaycanın bu istiqamətdə bir sıra uğurlu qlobal təşəbbüslərlə çıxış etdiyi və pandemiyadan ən çox əziyyət çəkən ölkələrə maliyyə və humanitar yardımlar göstərdiyi diqqətə çatdırılmışdır. Həmçinin, Azərbaycan Prezidenti İlham Əliyevin pandemiyadan sonrakı dövr üçün qlobal tədbirlərlə bağlı konkret tövsiyələr hazırlaya biləcək BMT-nin COVID-19-dan sonra Qlobal Bərpa üzrə Yüksək Səviyyəli Panelinin təsis edilməsi təşəbbüsünü irəli sürdüyü diqqətə çatdırılmışdır.

Konfransda Azərbaycan Respublikası Milli Məclisinin təşkilata sədrliyi dövründə İƏT PA-nın fəaliyyətini gücləndirmək, parlamentlər arasında əməkdaşlığı möhkəmləndirmək, ortaq hədəfləri müəyyənləşdirmək, ticarət həcmini artırmaq, iqtisadi əlaqələri fəallaşdırmaq, ölkələrimizin daha da inkişafına və xalqlarımızın rifahına hesablanmış yeni imkanlar yaratmaq üçün səylər göstəriləcəyinə əminlik ifadə olunmuş və İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasına sədrlik Pakistan İslam Respublikasının Milli Assambleyasından Azərbaycan Respublikasının Milli Məclisinə keçmişdir.

Bu il yanvar ayının 24-də Özbəkistanın paytaxtı Daşkənd şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 26-cı iclası keçirilib. Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov iclasda çıxış edərək 2023-cü ildə Azərbaycanın İƏT-ə sədrliyi dövründə nəzərdə tutulan prioritet və planları açıqlayıb. Ölkəmizin sədrliyi dövründə iqtisadiyyat, enerji, nəqliyyat, gömrük, sərhəd-keçid məntəqələri, ədliyyə, turizm və səhiyyə sahələrində bir sıra yüksək səviyyəli görüşlərin keçiriləcəyi və "İƏT-2025" baxışlarının irəli aparılacağı, həmçinin, Bakıda İƏT-BMT Sənaye İnkişafı Təşkilatı (UNIDO) Təmiz Enerji Mərkəzinin, İƏT İqtisadi Tədqiqatlar Mərkəzinin fəaliyyətə başlaması istiqamətində tədbirlər görüləcəyi, Şuşanın 2026-cı ildə İƏT turizm paytaxtına namizədliyinin irəli sürüləcəyi diqqətə çatdırılıb.

Nazir regional nəqliyyat və tranzit dəhlizlərinin inkişafında mühüm rol oynayan ölkəmizin Şərqi Zəngəzur iqtisadi rayonundan Naxçıvan Muxtar Respublikasına nəqliyyat dəhlizinin yaradılması istiqamətində həyata keçirdiyi tədbirlərin vacibliyini qeyd edərək dəhlizin açılmasının bütün bölgə ölkələri arasında əməkdaşlığın inkişafı üçün xüsusi əhəmiyyət daşıyacağını vurğulayıb.

İclasda təşkilatın illik fəaliyyətinə dair bir sıra mühüm sənədlər imzalanıb. Yekun sənəd - Daşkənd Kommünikesində isə 2020-ci il 10 noyabr bəyanatından irəli gələn Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonundan Naxçıvan Muxtar Respublikasına nəqliyyat və kommunikasiya əlaqəsinin yaradılması istiqamətində həyata keçirilən tədbirlər, habelə ölkəmizin Türkiyə, Özbəkistan və Qazaxıstan ilə birgə həyata keçirdiyi üçtərəfli platformalar üzrə görülən işlər yüksək qiymətləndirilib. Sənəddə həmçinin Azərbaycan ilə Ermənistanın bir-birinin ərazi bütövlüyünü və suverenliyini qarşılıqlı şəkildə tanımasına dəstək ifadə olunub.

İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrlə həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlığın inkişafında maraqlı olan, 30 ildir ki, bu qurumla fəal əməkdaşlıq edən Azərbaycan 2006 və 2012-ci illərdə İƏT-in Zirvə toplantılarına evsahibliyi etmişdir. Bu il isə Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik edəcək.

Mehparə ƏLİYEVA,

"Respublika".