Zəngəzur mühüm nəqliyyat və enerji dəhlizi olacaq
Digər xəbərlər

Zəngəzur mühüm nəqliyyat və enerji dəhlizi olacaq

Zəngəzur mahalı Azərbaycanın ən qədim yaşayış məskənlərindən biridir və tarixi kimi taleyi də keşməkeşli olub, imperiyaların marağına tuş gəlib və VIII əsrdə ermənilər bu bölgəyə köçürülüb. Uzun illər ərzində gəlmə ermənilər havadarlarına arxalanaraq yerli azərbaycanlıları sıxışdırır, onlara təzyiq göstərir, mənəvi sıxıntılara məruz qoyur, qədim yer-yurd adlarını dəyişdirir, əzəli torpaqlarımızı ələ keçirirdilər.  Nəhayət, azərbaycanlılara qarşı deportasiya törədən ermənilər Zəngəzur mahalını işğal etdilər.

Qocaman tarixin haqsızlığına 44 günlük müharibədə son qoyuldu və döyüşlərdə ağır məğlubiyyətə uğrayan Ermənistan kapitulyasiya aktına qol çəkərək üzərinə bir çox öhdəliklər götürdü. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan,  Ermənistan və Rusiya rəhbərləri arasında imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın 9-cu bəndinə əsasən,  regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin blokadadan çıxarılması nəzərdə tutulur.

Bəyanatın adıçəkilən  bəndində deyilir: bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir.  Ermənistan Respublikası vətəndaşların,  nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir.  

Tarixi qələbə Azərbaycanın ən ağrılı probleminin həll edilməsinə çox böyük zəmin yaratdı. Ötən il noyabrın 8-də Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə hərbçilər qarşısında çıxış edən dövlətimizin başçısı İlham Əliyev bildirib ki,  Zəngəzur dəhlizi Ermənistanın öhdəliyidir,  öz üzərinə öhdəlik götürüb.  Biz iki il ərzində Laçın yolu ilə Ermənistandan Qarabağa və əks istiqamətə gedən maşınlara toxunmuruq.  Biz öhdəlik götürmüşük,  yerinə yetiririk,  sərbəst hərəkət.  Ermənistan da öhdəlik götürüb ki,  Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında yol bağlantısı olsun.  İki il keçib üstündən,  nə texniki-iqtisadi əsaslandırma var,  nə hansısa hərəkət var,  nə dəmir yolu,  nə də avtomobil yolu.  Biz nə vaxta qədər gözləməliyik? Ermənistan öz beynəlxalq öhdəliklərini yerinə yetirmir.  Ermənistan İkinci Qarabağ müharibəsində məğlub olub,  ordusu darmadağın edilib.  Məğlub edilmiş ölkə özünü belə apara bilməz.  Ona görə bizim bütün addımlarımız əsaslıdır.  Düzdür,  Ermənistanın bəzi xarici havadarları bizi nədəsə günahlandırmaq istəyirlər.  Onların cavabını da mən vermişəm.  Yenə də nəsə banlasalar,  yenə də cavablarını verərəm.  Bu,  məni dayandırmaz.  Amma fakt odur ki,  biz öz haqqımızı tələb edirik.

Zəngəzur mühüm nəqliyyat və enerji dəhlizi olacaq, artıq bu qaçılmazdır. Nəyin bahasına olursa olsun, Ermənistan həmin dəhlizi açmağa məcbur ediləcək. Halbuki həmin dəhliz Ermənistanın da çox xeyrinədir, düşmən ölkə küncə sıxılmaqdan və blokadadan xilas ediləcək. Təəssüf ki, erməni cəmiyyəti bu adi reallığı qəbul etməkdə acizlik göstərir.

Beynəlxalq yükdaşımalarda Zəngəzur dəhlizinin əhəmiyyəti çox böyükdür,  bu yolla yüklər zaman baxımından mənzil başına daha tez çatdırılacaq.  Zəngəzur dəhlizi təkcə Azərbaycanın əsas hissəsi olan Naxçıvanı deyil,  Türkiyə və Avropanı da nəqliyyat baxımından ölkəmizlə birləşdirəcək.  Çin və Orta Asiya ölkələrindən Azərbaycana daxil olan yüklər Zəngəzur dəhlizi ilə Türkiyəyə,  oradan Avropaya və əks istiqamətə daşınacaq.  Yolboyu texniki xidmət mərkəzlərinin,  mehmanxana və digər iaşə obyektlərinin açılması zərurəti ortaya çıxacaq ki,  bu da əlavə iş yerlərinin yaranmasına və ümumilikdə əhalinin sosial vəziyyətinin yüksəlməsinə müsbət təsir göstərəcək.

Şərqi Zəngəzurda çox böyük təbii ehtiyatlar var və işğalçılar uzun illər həmin ehtiyatları qanunsuz istismar ediblər. Buna baxmayaraq,  bölgənin yeraltı və yerüstü sərvətləri çox böyük potensiala malikdir. Azərbaycanın işğaldan azad olunmuş ərazilərində ümumi gücü 240 meqavat olan 37 kiçik su elektrik stansiyasının tikintisi aparılır. Artıq yeddi elektrik stansiyası sınaqdan keçirilib və onlar tezliklə istismara veriləcəkdir. Artıq Cəbrayılda 69/110 kilovat gücə malik yarımstansiya istismara verilib. Həmçinin, 110 kilovat gücə malik üç yarımstansiyanın və 330 kilovat gücə malik bir yarımstansiyanın tikintisi sürətlə aparılır.  Cari ilin sonunadək yarımstansiyaların tikintisi başa çatdırılacaq.

Bundan başqa, Zəngilan rayonunda Oxçuçay çayında hər biri 10, 5 meqavat gücünə malik dörd su elektrik stansiyasının yenidən qurulması davam etdirilir. Laçın rayonunda üç elektrik stansiyasının yenidən qurulması aparılır.  Həmçinin,  rayonda 19 su elektrik stansiyasının təmir edilməsi nəzərdə tutulub.

 Bakıda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən "Dünya bu gün: Çağırışlar və Ümidlər" mövzusunda X Qlobal Bakı Forumu çərçivəsində “Avrasiya zonasında yeni enerji və nəqliyyat dəhlizlərinin rolu” adlı paneldə energetika naziri Pərviz Şahbazov bildirib ki, Azərbaycan 2027-ci ildən Avropaya qaz ixracını 2 dəfə artıracaq. Bu ilin yanvarından bu istiqamətdə tərəfdaşlarla işlər aparılır. Zəngəzur dəhlizi həm nəqliyyat,  həm də enerji dəhlizi olacaq. Enerjini bu dəhliz vasitəsilə Naxçıvana,  Naxçıvandan Türkiyəyə və Avropaya  ixrac etmək nəzərdə tutulub. Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərin qazlaşdırılması ilə bağlı 4 istiqamət üzrə layihələndirmə işləri həyata keçirilir.  Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən Böyük Bəhmənli-Füzuli-Şuşa, Horadiz-Laçın, Mincivan-Zəngilan-Laçın,  Azad Qaraqoyunlu-Ağdam layihələrinin icrasına bu il 295 milyon manat vəsait xərclənəcək. Ümumilikdə bu layihələrin icrası üçün 357 milyon manat vəsait ayrılıb.

İşğaldan azad edilmiş ərazilərin bərpasında müxtəlif sosial və nəqliyyat obyektlərinin tikintisi,  yol və kommunikasiya infrastrukturu yaradılır. Bu barədə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl,  Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev bildirib ki, Zəngilanda tikilən modul tipli xəstəxananın tikintisi 90%,  Cabrayılda orta məktəbin tikintisi 32% yerinə yetirilib.  Zəngilan Beynəlxalq Hava Limanı tikilib və istifadəyə verilib. Zəngəzur dəhlizində Horadiz-Ağbənd dəmir yolunun tikintisində işlər 48%,  Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tikintisində  68%, Cəbrayıl-Şükürbəyli-Hadrut avtomobil yolunda 70%,  Qubadlı-Eyvazlı avtomobil yolunun tikintisi isə 40% yerinə yetirilib.

Yuxarıda qeyd etdiyimiz kimi, Şərqi Zəngəzurda yaşıl enerjinin inkişafı üçün böyük potensial var və bu istiqamətdə ardıcıl işlər aparılır.  Cəbrayıl rayonunda günəş elektrik stansiyasının tikintisi üçün ayrılmış ərazi minalardan tam  təmizlənib.  Tərəfdaş BP şirkətinin əməkdaşları artıq bu əraziyə baxış keçiriblər. Mütəxəssislərin qənaətinə görə,  Kəlbəcər rayonu ümumi gücü 180 MVt olan "yaşıl enerji"yə malikdir. Bu rayona investorların cəlb edilməsi ilə bağlı işlər aparılır. Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərin elektrik enerjisi ilə təmin edilməsi tam olaraq "yaşıl enerji" əsasında həyata keçiriləcək. Bu ərazilərdə təbii qazdan istifadə məhdud olacaq. Bir sözlə, Qarabağ və Şərqi Zəngəzur bərpaolunan və yaşıl enerji zonasına çevriləcək.  "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" uğurla icra olunur. Göründüyü kimi, Zəngəzurun  mühüm nəqliyyat və enerji dəhlizi olması üçün genişmiqyaslı layihələr həyata keçirilir.

                                             Salman ALIOĞLU,

                                               “Respublika”.