Zəngəzura aparan yollar
Siyasət

Zəngəzura aparan yollar

Otuz il torpaqlarımızı işğal altında saxlayan mənfur düşmən daşı-daş üstündə qoymayıb. Şəhər və kəndlər qəddarlıqla dağıdılıb, yollar bərbad vəziyyətə düşüb, ermənilər işğal etdikləri torpaqlarımızda ancaq xəndək qazıblar, mühəndis-istehkam qurğuları tikiblər, maneələr yaradıblar. Bu da onu göstərir ki, düşmən Qarabağı və Şərqi Zəngəzuru heç zaman geri qaytarmaq fikrində olmayıb, vasitəçilərin və havadarlarının köməyi ilə işğalı dondurmaq, ərazilərə sahiblənmək niyyətində olub. Hiyləgər və başqasının kölgəsində gizlənən düşməni döyüş meydanında məhv edən, silahlı qüvvələrinə ağır, sarsıdıcı zərbələr vuran, torpaqlarımızın hər qarışı uğrunda qanından və canından keçən igid oğullarımızın şücaəti sayəsində işğalçı Ermənistan diz çökdürüldü. Qalib Ali Baş Komandan İlham Əliyev azad edilən torpaqlarda üçrəngli Azərbaycan bayrağını qaldırdı və dünyaya bildirdi ki, mənfur düşmən bizim bütün yaşayış məntəqələrimizi yerlə-yeksan etmiş, tarixi irsimizi silmək istəmişdir. Amma buna nail ola bilmədi. Biz bu torpaqlara qayıtmışıq. Qəhrəman xalq kimi, müzəffər dövlət kimi qayıtmışıq. Düşməni öz doğma torpaqlarımızdan qovmuşuq. Onların bütün təbliğatı yalan, tarixi saxtadır.

İşğalçı Ermənistan üzərində müzəffər silahlı qüvvələrimizin qəhrəmanlığı sayəsində əldə edilən tarixi qələbədən dərhal sonra azad edilmiş ərazilərdə erməni faşistlərin hər tərəfə basdırdıqları minaların təmizlənməsinə, ardınca isə həyat əhəmiyyətli infrastrukturun qurulmasına başlanıldı. Quruculuq və bərpa işləri ilk növbədə işğal illərində yararsız vəziyyətə düşən yolların tikintisi, yol qovşaqlarının qurulması, körpülərin salınması və digər layihələrin icra edilməsi Qarabağa və Şərqi Zəngəzura yeni bir həyatın qayıtmasından xəbər verdi. Qeyd edək ki, Qarabağda və Şərqi Zəngəzurda tikinti-quruculuq işləri təsdiq edilmiş plan əsasında aparılır. Heç yerdən və heç kimdən kömək gözləmədən öz gücümüzlə, iradəmizlə misli görünməyən işlər həyata keçirilir, nəhəng layihələr icra olunur. Haradan başlamalı sualına möhtərəm Prezidentimizin cavabı və göstərişi belə oldu ki, ilkin olaraq qəhrəman ordumuzun mədəniyyət paytaxtımız elan olunan Şuşaya doğru irəlilədiyi cığırların izi ilə Zəfər yolu çəkilsin. Çox çətin relyefdən keçən Zəfər yolu qısa müddətdə başa çatdırıldı. İndi həmin yol işlək vəziyyətdədir.

Tarixi qələbədən 8 gün sonra Füzuli rayonunun Alxanlı kəndindən Şuşa şəhərinə yeni və müasir yolun çəkilməsinə başlanılıb və hazırda ikinci yolda tikinti işləri uğurla davam etdirilir. 44 gün davam edən qanlı müharibəni qələbə ilə başa çatdıran, bölgədə yeni reallıqlar yaradan, ləyaqət, ərazi bütövlüyü və ədalət naminə aparılan mübarizədə öz sözünü deyən və yeni texnologiyalarla müharibə aparan Azərbaycan dünyaya nümunə oldu. Çox böyük və analoqu olmayan layihələrdən biri, 2021-ci ildə Azərbaycan və Türkiyə prezidentləri tərəfindən təməli qoyulan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tikintisi sürətlə davam etdirilir. Təsadüfi deyil ki, bu yol Zəngəzur dəhlizi ilə Naxçıvana getmək üçün əsas qapı hesab olunur. Avtomobil yolu başlanğıcını Füzulinin Əhmədbəyli kəndindən götürməklə layihələndirilib və birinci texniki dərəcəyə uyğun inşa edilir. Yolun ilk 77 kilometrlik hissəsinin 6, qalan 46.6 kilometrlik hissəsinin isə 4 hərəkət zolaqlı olması nəzərdə tutulub. Hərəkət zolaqlarına uyğun yol yatağının eni müvafiq olaraq 29.5 və 21.5 metr təşkil edir. Yolboyu layihəyə uyğun ümumi uzunluğu 6 km təşkil edən və şərti olaraq T1, T2, T3 adlandırılan 3 avtomobil tunelinin inşasında işlər yaxın günlərdə başa çatacaq. Sözügedən tunellərdə qazma işləri partlatma və qırıcı üsulları ilə davam etdirilib.

Uzunluğu 123.6 kilometr olan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu (Zəngəzur dəhlizi) ən iri infrastruktur layihələrdən hesab olunur. Həmin yolboyunca 15 avtomobil körpüsü, 5 yolötürücü, 54 yeraltı keçidin inşası nəzərdə tutulub. Hazırda bu yolda 14 körpü, 3 yolötürücü, 38 yeraltı keçidin tikintisi aparılır. Sel-suların ötürülməsini təmin etmək məqsədilə layihə üzrə 306 dairəvi boru və 120 düzbucaqlı su keçidlərinin inşası başa çatıb. Kommunikasiya xətləri üçün nəzərdə tutulan 60 ehtiyat keçidin böyük əksəriyyətinin inşası bitib, 6 keçidin tikintisi isə davam edir. Hazırda avtomobil yolunun bəzi hissələrində torpaq işləri aparılır. Belə ki, yolun genişləndirilərək profilə salınması və birinci texniki dərəcəyə uyğun yeni torpaq yatağının inşası işləri, paralel olaraq asfalt örtüyünün tikintisi həyata keçirilir. Yolun tikintisi 2024-cü ildə başa çatdırılacaq.

Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu Hacıqabul-Horadiz-Ağbənd Zəngəzur dəhlizi magistral avtomobil yolunun bir hissəsi olmaqla, Zəngilanı Azərbaycanın digər rayonları və Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək baxımından çox böyük əhəmiyyətə malikdir. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd (Zəngəzur dəhlizi) magistral avtomobil yolu bölgədə yeni reallıqdan xəbər verir, şərtləri Azərbaycan diktə edir. Kifayət qədər böyük maliyyə vəsaiti hesabına, həm də yolçəkənlərin, körpüsalanların zəhməti sayəsində yeni, müasir və rahat yollar bizi gələcəyə, daha xoş günlərə aparır. Keçmiş məcburi köçkünlərin Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdışı yeni inşa edilən yollardan başlayıb. Qələbə və Zəfər yolları Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilmiş 300-dən çox kənd və şəhərinə yenidən həyat gətirəcək, bölgəyə firavanlıq, tərəqqi, xoşbəxt gələcək və əmin-amanlıq bəxş edəcək.

Salman ALIOĞLU,

"Respublika".