Zəngilan rayonunun Ağalı kəndi daha 58 sakinini qoynuna alıb
Sosial həyat

Zəngilan rayonunun Ağalı kəndi daha 58 sakinini qoynuna alıb

İşğaldan azad edilmiş Zəngilan rayonunda "Ağıllı kənd" konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə 58 nəfərdən ibarət daha 11 ailə köçürülüb. Bununla da Ağalıya qayıdan sakinlərin sayı 201-ə, ailələrin sayı isə 41-ə çatıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 29 ildən sonra Vətənə qayıdan zəngilanlıları Ağalı kəndində Şərqi Zəngəzur İqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev qarşılayıb. Doğma yurdlarına qayıdan zəngilanlılara Ağalı kəndində yaradılan şərait barədə məlumat verilib. Doğma yurda qayıdışın sevincini yaşayan sakinlər Zəngilanın təmiz havasını udub, suyundan içiblər.

Birgə nahardan sonra Ağalı sakinlərinə "Azercell"dən hədiyyələr, "Rahat" marketdən yüz manatlıq kuponlar, "Azərsun Holdinq" tərəfindən ərzaq bağlaması təqdim edilib.

Sonra ailələrə evlərinin açarları verilib və kənd sakinləri yeni evləri ilə tanış olublar.

Ömrünün çox hissəsini Ağalıda keçirən 87 yaşlı Bənövşə Nuriyeva sevincini AZƏRTAC-la bölüşüb. O deyib: "Köçkünlükdə çox çətinliklər çəkmişik. Amma ən böyük çətinliyimiz yurd həsrəti olub. Doğma kəndimizi heç vaxt yadımdan çıxarmamışam. Allaha şükürlər olsun ki, bu günü görmək mənə qismət oldu. İndi kəndimizə övladlarımla, nəvələrimlə qayıdıram. Allah Prezidentimizi, Ordumuzu qorusun. Allah şəhidlərimizə rəhmət eləsin".

Kəndin digər sakini Bəxtiyar Abdullayev isə bildirib: "Ağalı kəndində doğulmuşam, uşaqlığım burada keçib. Kəndimiz işğal olunanda 18 yaşım var idi. Ötən dövrdə Sumqayıt şəhərində məskunlaşmışdıq. Çox sevinirəm ki, 47 yaşım olsa da, bu gün öz torpağımıza, kəndimizə qayıtdım. Bizim üçün burada gözəl şərait yaradılıb. Artıq ikimərtəbəli, beşotaqlı evimiz var. Bundan sonra ailəmlə, övladlarımla öz kəndimizdə yaşayacağıq".

Ata-baba yurdu Ağalıya gəlmək 13 yaşlı Vüsal Abdullazadə üçün ikiqat sevincli idi. Ağalını görməsə də, valideynlərindən kənd haqqında çox şey eşitdiyini deyən Vüsal buraya gəlməyi hər zaman arzuladığını bildirib. "Bu gün bu arzum gerçəkləşib. Doğum günümdə ata yurduma gəlmək mənim üçün ən böyük sevinc oldu. Sevinirəm ki, burada yaşayacaq, burada da məktəbə gedəcəyəm", - deyə o qeyd edib.

Qeyd edək ki, Ağalı kəndinə əhalinin köçürülməsi Böyük Qayıdışın ilk qədəmləridir. İşğala qədər bu inzibati ərazi 3 kəndi birləşdirib. Həmin dövrdə Birinci Ağalıda 40 ailə (154 nəfər), İkinci Ağalıda 60 ailə (245 nəfər), Üçüncü Ağalıda isə 161 ailə (675 nəfər) yaşayıb. Hazırda bu kəndlərdən olan ailələrin ümumi sayı 352-dir (1504 nəfər). İndiyədək Ağalı kəndinə ümumilikdə 41 ailə köçürülüb.

AZƏRTAC