Zəngilanda “ASAN xidmət
Sosial həyat

Zəngilanda “ASAN xidmət" fəaliyyətə başlayıb

4 avqust 2022-ci il tarixində Zəngilan rayonunun Ağalı kəndində Dövlət Xidmətləri Mərkəzi fəaliyyətə başlayıb. Mərkəzdə mövcud olan "ASAN xidmət" köşkü vasitəsilə kənd sakinlərinin dövlət xidmətlərinə rahat çıxışı təmin edilir. Belə ki, "ASAN xidmət" əməkdaşı tərəfindən onlara müəyyən onlayn xidmətlər üzrə yerində, digər növ xidmətlər üzrə isə müraciətləri qəbul edilməklə, Səyyar ASAN xidmət vasitəsilə xidmət göstərilir.

Qurumun mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, müraciətlərin təmin edilməsi məqsədilə avqustun 4-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən operativ xüsusi səyyar qrup Zəngilan rayonuna ezam olunub. Kənd əhalisinin dövlət xidmətləri üzrə zəruri sənədlərə ehtiyaclarının müəyyənləşdirilməsi məqsədilə səyyar qrup tərəfindən 46 ünvanda sorğular təşkil olunub. İlkin olaraq yerində 37 nəfərə məhkumluq arayışının verilməsi xidməti həyata keçirilib.

Həmçinin sorğu nəticəsində 30 nəfərə şəxsiyyət vəsiqəsinin, 3 nəfərə isə ümumvətəndaş pasportunun verilməsi və dəyişdirilməsi, 1 nəfərə sürücülük vəsiqəsinin dəyişdirilməsi, 5 nəfərə isə məhkumluq arayışının verilməsi xidməti üzrə  ehtiyac müəyyən edilib.

Səyyar "ASAN xidmət" tərəfindən 9 avqust 2022-ci il tarixində müəyyən edilmiş ehtiyaclar üzrə növbəti müvafiq xidmətlərin göstərilməsi təmin ediləcəkdir.

Kamil İSMAYIL,

"Respublika".