Zəngin ənənələrə malik olan partiya
Siyasət

Zəngin ənənələrə malik olan partiya

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin dünənin, bu günün və gələcəyin partiyası kimi dəyərləndirdiyi Yeni Azərbaycan Partiyasının təsis olunmasından bizi 30 illik zaman ayırır. 30 il qazanılan uğurların miqyasına görə olduqca zəngin bir dövrdür. Yeni Azərbaycan Partiyasının yarandığı gündən ümumxalq partiyasına çevrilməsi qazandığı ən mühüm uğurlardan biridir.

Yeni Azərbaycan Partiyası hansı zərurətdən yarandı? Bu o dövr idi ki, Azərbaycan dövlət müstəqilliyini yenicə bərpa etmişdi. Müstəqillik yollarında ilk addımlarını atan dövlətin qarşısında dayanan vəzifələrin icrası həmin dövrün iqtidarını düşündürmürdü. İdarəçilik təcrübəsinin yoxluğu, siyasi səriştəsizlik, şəxsi ambisiyaların dövlət maraqlarını üstələməsi vəziyyəti günbəgün ağırlaşdırırdı. Azərbaycan xaos, anarxiya, özbaşınalıq, iqtisadi böhran dövrünü yaşayırdı. Digər tərəfdən isə torpaqlarımızın işğalı xalqın sabaha ümidlərini tamamilə itirmişdi. Dövrün reallıqları ölkəmizi düşdüyü çətin vəziyyətdən xilas edə biləcək bir siyasi qüvvənin yaradılmasını labüd edirdi. 1992-ci il oktyabrın 16-da xalqın böyük əksəriyyətinin istəyinin ifadəsi kimi dəyərləndirilən 91 nəfər ziyalının müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevə Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı "Azərbaycan Sizin sözünüzü gözləyir" müraciəti dövlətçilik tariximizdə dönüş nöqtəsi oldu. Həmin müraciətdə bütün reallıqlar əks olunaraq bildirilirdi ki, indiki vəziyyətdə bu çətin, məsuliyyətli işi respublikada öz öhdəsinə götürməyə qadir yeganə şəxs Sizsiniz! Uzun illər əldə etdiyiniz dövlət quruculuğu təcrübəsinə əsaslanaraq Siz qısa müddətdə Azərbaycada geniş xalq kütləsini əhatə edəcək çox güclü, nüfuzlu və işlək bir partiya yaratmağa qadirsiniz. Müraciətdə bu inam da ifadə edilmişdir ki, əgər bu partiyanın bünövrəsini Sizin kimi güclü dövlət xadimi qoyarsa, o, uzun illər xalqımızın bir neçə nəsli üçün də siyasi yetkinlik məktəbi olar. Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir.

Ziyalıların müraciətinə Ümummilli Liderin "Yeni, müstəqil Azərbaycan uğrunda" cavabı həmin dövrün çətinliklərindən xilas yolunu göstərməklə yanaşı, bugünkü uğurlarımızın başlanğıcı kimi qiymətləndirildi. Azərbaycanın dövlət müstəqilliyini xalqımızın milli sərvəti kimi dəyərləndirən ulu öndər Heydər Əliyev bu çağırışı da etdi: "Heç cür yol vermək olmaz ki, bu, ayrı-ayrı siyasi partiyaların, qurumların, şəxslərin müstəsna səlahiyyətinə, monopoliyasına çevrilsin". Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, milli-demokratik dövlətin, hüquqi cəmiyyətin yaradılması hərtərəfli geniş iş aparılmasını və respublikanın bütün ictimai-siyasi, sosial-iqtisadi potensialından maksimum istifadə olunmasını tələb edir. Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət olur. Ümummilli Lider qarşıda dayanan ən mühüm vəzifələri açıqlayaraq bu inamı ifadə etmişdir ki, Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək yeni müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər. Əgər belə partiya yaradılarsa, onun fəaliyyətində fəal iştirak etməyə hazıram.

Hazırda cəmiyyətin avanqard qüvvəsinə çevrilən, 800 minə yaxın üzvü sıralarında birləşdirən Yeni Azərbaycan Partiyası məhz belə yarandı. Təsis konfransını məlum səbəblərdən Naxçıvanda keçirən partiya yarandığı gündən dövlətə, xalqa xidməti fəaliyyətinin əsas prinsipi kimi öndə saxlayaraq milyonların sevgisini qazandı. Ulu öndər Heydər Əliyevin "Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır" tezisi partiyanın gələcəyinə inamı özündə əks etdirdi. Dahi şəxsiyyət, eyni zamanda, bildirmişdir ki, Yeni Azərbaycan Partiyasına xidmət etmək dövlətə, xalqa xidmət etmək deməkdir.

21 noyabr 1992-ci ildə zamanın tələbi, xalqın istəyi ilə yaranan Yeni Azərbaycan Partiyası artıq 30 ildir ki, respublikamızın ictimai-siyasi həyatında fəal iştirak edir, xalqı arxasınca aparır, ölkədə sabitliyin təminatında avanqard rolunu davam etdirir. Qeyd etdiyimiz kimi, bu gün Yeni Azərbaycan Partiyası öz sıralarında 800 minə yaxın üzvü birləşdirir ki, onların da 40 faizdən çoxu gənclərdir. Bu rəqəm onu təsdiqləyir ki, partiyada gənclərin öz potensialını ortaya qoymaq üçün geniş imkanlar mövcuddur. Yəni, bu gün partiyanın fəaliyyəti, ideyaları, apardığı siyasət gənc nəsil üçün cəlbedicidir. Ümummilli lider Heydər Əliyev Yeni Azərbaycan Partiyasının II qurultayında qarşıya bu hədəfləri qoymuşdur: "Birincisi, gənclər bizim partiyanın sıralarında xüsusi qayğıya malik olmalıdırlar. Onlara qayğı göstərmək lazımdır. İkincisi də, gənclər arasında geniş iş apararaq, partiyanın nizamnaməsini, məramnaməsini və partiyanın gördüyü işləri onlara anlatmaq lazımdır". Bu çağırışları şərtləndirən əsas amil gənclərin müstəqillik yolumuzun hamar olmaması barədə məlumatsızlığı idi. Partiyanın II qurultayının keçirildiyi 2001-ci ilə bir daha diqqəti yönəldən Ulu Öndər bildirdi ki, bu gün 20 yaşı olan adamın 1991-ci ildə 10 yaşı var idi. O vaxtkı ictimai-siyasi vəziyyəti bizim kimi bilməzdi: "Mən bəzən tarixin çox şeylərindən gördüklərimi deyirəm. Ona görə ki, mən bu illəri yaşamışam, çox şey görmüşəm, çox məsələlərlə rastlaşmışam… Amma bu gənc, hansı ki, SSRİ dağılanda onun 10 yaşı var idi, indi 20 yaşı var, onun keçmiş dövr haqqında məlumatı yoxdur. Azərbaycanın müstəqillik yolunun nə qədər ağır dövrdən keçməsindən onun məlumatı yoxdur".

Dahi şəxsiyyətin bu çağırışında Azərbaycanın müstəqillik yolunda üzləşdiyi çətinlikləri dəf edərək bugünkü inkişafa, tərəqqiyə necə gəlib çıxdığının indiki və gələcək nəsillərə çatdırılmasının vacibliyi öz əksini tapır. Eyni çağırışla dövlət başçısı, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev ötən il partiyanın VII qurultayında çıxış etdi. Müstəqillik tariximizin ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu əsaslı şəkildə diqqətə çatdıran ölkə Prezidenti bu reallığı da bildirdi ki, müstəqilliyimizin bərpasının ilk illərində müstəqillik sözdə var idi, amma faktiki olaraq yox idi: "O dövrü bilməyən, o vaxt yaşamayan gənc nəsil bilməlidir ki, nəyin bahasına biz müstəqilliyi qoruyub saxlaya bilmişik. Kimə biz borcluyuq. Əgər Heydər Əliyev o vaxt hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan bəlkə də ancaq kiminsə əlinin altında bir oyuncaq dövlət kimi, bir yarımmüstəmləkə kimi yaşaya bilərdi. Biz bu tarixi bilməliyik, bilirik və bundan sonra öz fəaliyyətimizi bu möhkəm təməl üzərində quracağıq, necə ki, bu vaxta qədər qurmuşuq".

Təhlillər bu reallığı təsdiqləyir ki, hər bir ölkənin gələcək inkişafı ilə bağlı dönüş nöqtələri olur. Yeni Azərbaycan Partiyasının yaradılması müstəqil Azərbaycanın həyatında yeni bir mərhələnin başlanğıcı oldu. Partiyanın çox qısa zamanda, yaranmasından 7 ay sonra iqtidar partiyasına çevrilməsi fəaliyyətini daha da genişləndirməsində stimulverici amil oldu. 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli xahişi ilə hakimiyyətə qayıdışı, həmin ilin oktyabrında xalqın böyük dəstəyi ilə Prezident seçilməsi həm ölkəmizin, həm də Yeni Azərbaycan Partiyasının həyatında yeni bir mərhələnin əsasını qoydu. Yeni Azərbaycan Partiyasını xalqın partiyasına çevirən, qələbələr partiyası kimi tanıdan tutduğu yola sadiqliyi, populizmdən uzaq olması, hər addımında dövlətin maraqlarını üstün tutmasıdır. Qeyd etdiyimiz kimi, Azərbaycanın müstəqiliyinin bərpasının 30 ilinə bələdçilik edən partiya müstəqil Azərbaycanın qurucusu ulu öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasətin son 19 ildə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində əldə olunan nailiyyətlər sayəsində özünə inamı və etimadı gücləndirir.

30 illik zəngin tarixi vərəqlədikcə, Azərbaycanın qazandığı uğurlarla kifayətlənmədiyini, daim irəli baxdığını görürük. Bu isə öz növbəsində dövrün tələblərinə uyğun təkmilləşməni, yeniləşməni bir çağırış kimi qarşıya qoyur. Bu yeniləşməni Yeni Azərbaycan Partiyasının yarandığı vaxtdan ölkədə keçirilən seçki proseslərinə qatıldığı hədəflərdən, şüarlardan da aydın görmək mümkündür. Yeni Azərbaycan Partiyası yaradılanda onun əsas devizi "Yeni müstəqil Azərbaycan uğrunda" idi. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra düşünülmüş və məqsədyönlü siyasət nəticəsində Azərbaycan bu uğura imza atdı. Belə ki, Azərbaycan yenidən quruldu, demokratik, hüquqi, sivil dövlət quruculuğu yolunu seçdi. Azərbaycan hər addımda bu yolun uğurlarını gördü, irəliyə daha da inamla addımladı.

1993-2003-cü illər ölkəmizin həyatında dirçəliş, inkişaf, tərəqqi dövrü kimi xarakterizə edilir. Dövlətçiliyin əsasları yaradıldı. Siyasi islahatlara start verildi, çoxpartiyalı sistem formalaşdı. Ulu öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə işlənib hazırlanan və ümumxalq səsverməsi yolu ilə qəbul edilən milli Konstitusiyamızda əksini tapan müddəaların üçdə iki hissəsi insan hüquq və azadlıqlarının qorunmasına xidmət edir. Bu məqamı da xüsusi qeyd etməliyik ki, daim yeniləşməyə, təkmilləşməyə maraq göstərən Azərbaycan qəbul edilən qanunları, milli Konstitusiyamızı dəyişməz hesab etmir, bütün yeniliklərin burada öz əksini tapmasına səy göstərir. Bu baxımdan Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi məqsədilə 3 dəfə ümumxalq səsverməsi keçirilib ki, biri ulu öndər Heydər Əliyevin hakimiyyəti, ikisi isə cənab İlham Əliyevin Prezidentliyi dövrünə təsadüf edir.

1993-2003-cü illərdə Azərbaycan ulu öndər Heydər Əliyevin uğurlu və gələcəyə xidmət edən siyasəti nəticəsində beynəlxalq təcriddən xilas oldu. Müstəqilliyimizin bərpasının ilk illərində ölkəmiz haqqında məlumatsızlıq erməni yalanlarının ayaq tutub yeriməsinə yol açmışdı. Ölkəmizin ətrafında yaradılan informasiya blokadası onların əsassız iddialarına və dünyanın bu yalanlara inanmasına səbəb olurdu. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra fəaliyyətinin əsas istiqamətlərindən biri ölkəmizin ətrafında yaradılan informasiya blokadasının yarılması oldu. Ümummilli Liderin xarici ölkələrə elə bir səfəri yox idi ki, bu gün tarixə qovuşan Qarabağ münaqişəsi əsas müzakirə mövzusu olmasın, həqiqətlərimiz faktlar əsasında dünyaya çatdırılmasın. Onu da qeyd edək ki, 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycanın diplomatik uğurlarının böyük rolu oldu ki, bunun da əsası məhz o illərdə qoyulmuşdu. Ulu öndər Heydər Əliyev erməni yalanlarını faktlar əsasında ifşa etdi və dünya ictimaiyyətinə çatdırıldı ki, aparılan əsassız təbliğatın əksinə olaraq torpaqları işğal edilən, bir milyondan artıq soydaşı qaçqın və köçkün vəziyyətində yaşayan Azərbaycandır.

Azərbaycanın siyasi mövqeyinin möhkəmlənməsində, yeni dostlar, tərəfdaşlar qazanmasında iqtisadi müstəqilliyi də əhəmiyyətli rol oynadı. 1994-cü ildə ulu öndər Heydər Əliyevin səyləri nəticəsində tarixə "Əsrin müqaviləsi" kimi daxil olan neft sazişi imzalandı. Bu, həm ölkəmizin iqtisadi, həm də siyasi mövqeyini möhkəmləndirdi.

Azərbaycan böyük investisiyalar məkanı kimi tanındı. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi 280 milyard dollara yaxındır. Bu, Azərbaycanın bu gününə və gələcəyinə inamın göstəricisidir. Xalqımızın müstəqillik arzularının əsas tərkib hissələrindən biri də məhz malik olduğu təbii resursların əsl sahibinə verilməsi idi. 1994-cü il sentyabrın 20-də imzalanan "Əsrin müqaviləsi" xalqımızın bu istəyinin reallığa çevrilməsinin təsdiqi oldu. Azərbaycanın iqtisadi inkişafının, dünya iqtisadi sisteminə inteqrasiyasının əsası qoyuldu. Dövlət başçısı İlham Əliyev ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurlarından bəhs edərkən daim bu fikri bildirir ki, "Əsrin müqaviləsi" imzalanmasaydı, bu gün Azərbaycanın iqtisadi imkanlarının, beynəlxalq münasibətlər sistemində yeri və rolunun hansı səviyyədə olacağını təsəvvür etmək çətin deyildi. Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində neft strategiyasının rolu inkaredilməzdir. "Əsrin müqaviləsi" Azərbaycana inamı artırdı, ölkəmiz etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirdi. 2017-ci ildə "Yeni əsrin müqaviləsi"nin imzalanması, 2018-ci ildə Cənub Qaz Dəhlizinin rəsmi açılışı, həmin ilin iyununda TANAP-ın, 2020-ci ilin dekabrında TAP-ın istifadəyə verilməsi Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsinin təqdimatıdır.

 Azərbaycanın iqtisadi imkanlarının genişlənməsi digər sahələrdə, o cümlədən ordu quruculuğunda biri-birindən mühüm addımların atılmasını şərtləndirdi ki, məhz möhkəm təməl tarixi Zəfərimizə gedən yolu addım-addım yaxınlaşdırdı. Azərbaycan Ordusunun gücü, qüdrəti artırıldı, maddi-texniki bazası möhkəmləndirildi, döyüş ruhu artdı. Müharibə şəraitində yaşayan ölkə üçün güclü Ordunun olması atılan addımların əsasına çevrildi. Ulu öndər Heydər Əliyev müstəqillik yolunda ilk addımlarını atan dövlətin qarşısında dayanan vəzifələri açıqlayarkən iki və çoxtərəfli əlaqələrin qurulmasını, yeni istiqamətlər üzrə inkişafını əsas amil kimi irəli sürürdü. Məhz 1993-cü ildən qoyulan möhkəm təməl Azərbaycanın bugünkü uğurlarını şərtləndirir. Belə ki, ölkəmizin dostlarının sayı günbəgün çoxalmaqda, beynəlxalq nüfuzu möhkəmlənməkdə, ən əsası söz sahibi kimi yeri və rolunu artırmaqdadır. Azərbaycanın 2011-ci ildə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi böyük uğur, ən əsası ölkəmizin ədalətli mövqeyinin təsdiqi idi. Azərbaycan ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasəti əsasında haqq səsini dünyaya çatdırdı.

Bütün bu uğurlarda Yeni Azərbaycan Partiyasının öz payı, rolu vardır. Partiya hədəflərini ölkəmizin qazandığı uğurların fonunda müəyyənləşdirir, onların reallığa çevrilməsi üçün bütün qüvvə və bacarıqlarını səfərbər edir. Bu gün Yeni Azərbaycan Partiyasının yeni hədəflərə doğru "İlhamla irəli!" çağırışları, seçkilərə bu şüarla qatılması da deyilənlərin təsdiqidir. Partiyanın qəbul etdiyi qərarların, irəli sürdüyü təşəbbüslərin əsasında Azərbaycanın daha da güclü, qüdrətli dövlətə çevrilməsi, xalqımızın yüksək rifah şəraitində yaşaması dayanır.

Ulu öndər Heydər Əliyevin 2003-cü ildə xalqa tarixi müraciətində yer alan fikirlərə diqqət yetirək: "Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm". Ümummilli Liderin Azərbaycanın gələcək inkişafının təmin edilməsində xalqa növbəti inamın ünvanını göstərərkən cənab İlham Əliyevlə yanaşı, ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan, xalqın partiyası kimi nüfuz qazanan Yeni Azərbaycan Partiyasının adını xüsusi qeyd etməsi partiyanın yarandığı gündən sözlə əməl birliyi sayəsində xalqın sevgisini qazanmasından irəli gəldi.

Bu gün Yeni Azərbaycan Partiyasının hər bir üzvü sevinclidir. Ölkəmiz uğurlarının zirvəsində dayanan tarixi Zəfərə imza atdı. Bu Zəfər Azərbaycanın bu illərdə qazandığı nailiyyətlərin, uğurlu inkişaf modelinin məntiqli nəticəsi oldu. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev adını tarixə torpaqlarımızın bütövlüyünü təmin etmiş Lider kimi qızıl hərflərlə yazmaqla Qələbəni yaxınlaşdırmaq üçün gördüyü işlərin yekununu təqdim etdi. Sübut etdik ki, bu torpaqlar bizimdir, gec-tez ərazi bütövlüyümüzü təmin edəcəyik. Amma bunun üçün güclənməli idik. Azərbaycan 1993-2003-cü illərdə ulu öndər Heydər Əliyevin yaratdığı möhkəm təməl üzərində 2003-2020-ci illərdə daha da inkişaf edərək Qələbəyə yaxınlaşdı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu şanlı tarix yazdı.

Bu gün həmin Zəfərin reallıqlarını yaşayırıq. İşğaldan azad edilmiş ərazilərimiz cənnətməkana çevrilir. Bu gün hansı sahəyə diqqət yetirsək, Zəfərimizin nəticələrini görürük. Ötən il yeni reallıqlar əsasında keçirilən Yeni Azərbaycan Partiyasının VII qurultayında YAP-ın Sədri, ölkə Prezidenti İlham Əliyev proqram xarakterli nitqində gələcək planları açıqladı. Yeni tərkibin formalaşması, qəbul edilən yeni qərarlar tarixi Zəfərimizin reallıqları əsasında qarşıya qoyulan vəzifələri daha yüksək səviyyədə yerinə yetirməyə stimul verir. Bu fikri böyük inamla qeyd edirik ki, görülmüş işlər və aparılan islahatlar sayəsində Yeni Azərbaycan Partiyası regionun ən güclü və nüfuzlu siyasi təsisatına çevrilib. 800 minə yaxın üzvü olan partiyanın fəaliyyəti bütövlükdə ölkənin inkişafı və milli həmrəyliyin təmin olunmasına xidmət edir. Partiyanın VII qurultayında qəbul olunmuş qərarlar Yeni Azərbaycan Partiyasının gələcək inkişaf strategiyasını müəyyən edir. Qurultayda partiyanın yeni Nizamnaməsi və strukturu təsdiq edildi. 2021-ci ildə YAP-ın yeni Proqramı qəbul edildi. Dövlət başçısı İlham Əliyev partiyanın VII qurultayında "Partiyamızın VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir. Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Partiyamızın böyük ənənələri var" söyləyərək bu əminliyi də ifadə etdi ki, YAP bundan sonra da ölkəmizdə gedən proseslərin mərkəzində olacaq.

Ötən il müstəqilliyimizin yenidən bərpasının, bu il isə müstəqillik tariximizə bələdçilik edən Yeni Azərbaycan Partiyasının təsis olunmasının 30 illiyini Zəfər çalmış dövlət, xalq olaraq qeyd edirik. Bu, hər birimiz üçün böyük qürur, xoşbəxtlikdir. Partiyanın çoxminli üzvlərinin hər birini yubiley münasibətilə təbrik edir, onlara Azərbaycanın dünəninin, bu gününün və gələcəyinin əsası olan Heydər Əliyev ideyalarının təbliği işində uğurlar arzulayıram.

Mehdi BALABƏYOV,

YAP Şabran rayon təşkilatının sədri.