Faktlar və rəqəmlər
İqtisadiyyat

Faktlar və rəqəmlər

ÜDM istehsalı artıb

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar-oktyabr aylarında ölkədə 100,9 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,5 faiz çox Ümumi Daxili Məhsul (ÜDM) istehsal olunmuşdur. Qeyri-neft-qaz sektorunda 3,1 faiz artım var.

ÜDM istehsalının 41,3 faizi sənayenin, 9,9 faizi ticarət və nəqliyyat vasitələrinin təmirinin, 6,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılığın, 6,2 faizi nəqliyyat və anbar təsərrüfatının, 5,0 faizi tikintinin, 2,3 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşənin, 1,7 faizi informasiya və rabitə sahələrinin, 18,0 faizi digər sahələrin payına düşmüşdür. Məhsula və idxala xalis vergilər ÜDM-in 9,4 faizini təşkil etmişdir.

Əhalinin hər nəfərinə düşən ÜDM 9 ayda 9938,7 manata bərabər olmuşdur.

55,6 milyard manatlıq sənaye məhsulu

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2023-cü ilin yanvar-oktyabr aylarında 55,6 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir. Qeyri-neft-qaz sektorunda məhsul istehsalı 7,4 faiz artmışdır.

Sənaye məhsulunun 68,1 faizi mədənçıxarma sektorunda, 26,6 faizi emal sektorunda, 4,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.

Mədənçıxarma sektorunda əmtəəlik qaz hasilatı 3,6 faiz artmışdır.

Əsas kapitala 14,3 milyard manat vəsait yönəldilib

2023-cü ilin yanvar-oktyabr aylarında əsas kapitala 14258,0 milyon manat məbləğində, yaxud 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 17,1 faiz çox vəsait yönəldilmişdir. Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 20,4 faiz, qeyri-neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 15,4 faiz artmışdır. İstifadə olunmuş vəsaitin 8414,6 milyon manatı və ya 59,0 faizi məhsul istehsalı sahələrinə, 5108,0 milyon manatı (35,8 faizi) xidmət sahələrinə, 735,4 milyon manatı (5,2 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 11031,1 milyon manatını və ya 77,4 faizini daxili vəsaitlər təşkil etmişdir.

Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların öz vəsaitləri 45,5 faiz, büdcə vəsaitləri 40,8 faiz, əhalinin şəxsi vəsaitləri 6,3 faiz, bank kreditləri 2,5 faiz, sair vəsaitlər isə 4,9 faiz təşkil etmişdir.

"Respublika".