COP29 ölkəmizə yeni dividendlər qazandıracaq
İqtisadiyyat

COP29 ölkəmizə yeni dividendlər qazandıracaq

Azərbaycan son illər daxili imkanları və iqtisadi inkişafı ilə dünyanın diqqət mərkəzindədir. Təbii ehtiyatlar, enerji potensialı baxımından zəngin olan ölkəmiz qeyri-neft sahəsinin inkişafı sahəsində də böyük nailiyyətlər əldə etmişdir. Dövlət başçısı İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində Azərbaycan yüksək sosial-iqtisadi inkişafa və ictimai-siyasi sabitliyə nail olub.

2020-ci il 27 sentyabr tarixində başlayan 44 günlük müharibədə qazandığımız Şanlı Qələbə ölkəmizi dünyada güclü dövlət kimi tanıdıb. Uğurlu xarici siyasət nəticəsində beynəlxalq səviyyədə nüfuzumuz günbəgün artmaqdadır. Bu da qlobal həcmdə layihə və tədbirlərin məhz ölkəmizdə keçirilməsinə zəmin yaradır. Ötən 4 il ərzində Azərbaycanın BMT-dən sonra ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına müvəffəqiyyətlə sədrlik etməsi bunun bariz nümunəsidir. Aktuallığı və miqyasına görə böyük layihələrdən olan COP29-un 2024-cü ildə Azərbaycanda keçirilməsi beynəlxalq aləmin ölkəmizə inamını təcəssüm etdirir.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransı 1995-ci ildən etibarən mütəmadi olaraq hər il keçirilir. Tədbirin keçirilməsində əsas məqsəd dünyada iqlim dəyişikliyi ilə mübarizədə irəliləyişləri qiymətləndirməkdir. Sözügedən konfrans çərçivəsində inkişaf etmiş ölkələrdə istixana qazlarının atmosferə tullantılarının məhdudlaşdırılması ilə bağlı icbari hüquqi öhdəlikləri ehtiva edən Kioto Protokolu müzakirə olunmuşdu. 2011-2015-ci illərdə keçirilən sessiyalarda iqlim dəyişikliyi ilə mübarizədə ən əhəmiyyətli beynəlxalq sənəd hesab olunan Paris Sazişi müzakirə edilib və 2015-ci ildə qəbul olunub. Bu günədək 195 ölkə, o cümlədən Azərbaycan bu razılaşmaya qoşulub. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı ali qərar qəbul edən orqanıdır. Katibliyi Bonnda yerləşir. Keçirilən bütün iclaslarda dünyanın hər yerindən hökumət nümayəndələri COP-da toplaşaraq iqlim dəyişmələrinin qarşısının alınması və fəsadlarının aradan qaldırılması istiqamətində birgə səylər göstərmək üçün çağırışlar edir. Sonuncu COP28 bu il Dubayda baş tutub və BMT-nin tarixində 100 minə yaxın nümayəndəni bir araya gətirən genişmiqyaslı tədbir olub. Konfrans çərçivəsində təşkil edilmiş Zirvə toplantısına 120-dən artıq dövlət və hökumət başçısı qatılıb. Dubayda keçirilən tədbirdə ilk dəfə olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də iştirak edib.

COP-a evsahibliyi müəyyən qayda əsasında həyata keçirilir. Belə ki, evsahibliyi bir qayda olaraq BMT-nin beş regional qrupu arasında rotasiya edir. Növbəti ildə COP29-a evsahibliyi etmək Şərqi Avropa regional qrupuna aid idi. Həmin qrupa daxil olan ölkəmiz konfransın Azərbaycanda keçirilməsi təklifini irəli sürdü. Ölkəmizlə yanaşı, Ermənistan və Bolqarıstan da öz namizədliklərini vermişdi. Lakin cari il dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Ofisi arasında aparılmış birbaşa danışıqların nəticəsi olaraq verilmiş birgə bəyanatda Ermənistan Azərbaycanın xeyrinə öz namizədliyini geri çəkdi. Bundan sonra, Bolqarıstan da eyni addımı atdı. Dekabrın 9-da Şərqi Avropa regional qrupu Azərbaycanı 2024-cü ildə COP-a evsahibliyi edəcək ölkə kimi müəyyən etdi. Sözügedən layihənin ölkəmizdə keçirilməsi növbəti uğurlu addımdır.

Dövlətimiz beynəlxalq qlobal xarakterli mötəbər tədbirləri yüksək səviyyədə təşkil etmək bacarığını dəfələrlə nümayiş etdirib. Sözsüz ki, beynəlxalq birliklər və təşkilatlar da bunu yüksək qiymətləndirirlər. Ələlxüsus da belə tədbirlərin müasir infrastruktur və təhlükəsizlik şəraitində keçirilməsi diqqətdən qaçmır. Hər zaman humanizm prinsiplərini və sağlam həyatı təbliğ edən ölkəmiz sözügedən tədbirə evsahibliyi etməklə ətraf mühitə verdiyi önəmi, böyük mənada isə sağlam bir dünyanı gələcək nəsillərə ərməğan etməyə çalışır. Bu vaxta kimi Azərbaycanın göstərdiyi səylər də bunu sübut edir. Dövlətimiz bu istiqamətdə 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35% azaldılmasını hədəfləyir. Sonrakı proseslərdə isə daha iddialı hədəf müəyyən edilib ki, bu da 2050-ci ilə qədər istixana qazlarının miqdarını 40%-dək azaltmaqdadır.

Azərbaycan Prezidenti işğaldan azad edilmiş torpaqları "yaşıl enerji" zonası elan edib. Bu ərazilərin 2050-ci ilədək "Netto sıfır emissiya" zonasına çevrilməsi nəzərdə tutulur. Bu mənada, ölkəmiz qlobal problemlərdən biri olan iqlim dəyişmələrinə qarşı səyləri səfərbər edərək yeni töhfələr vermək istiqamətində uğurlu addımlar atır. Məlumdur ki, Ermənistan tərəfindən 30 illik işğal dövründə Azərbaycan torpaqları hər cür istismara məruz qalmış, nəticədə Qarabağ bölgəsinin flora və faunasına ciddi zərbə vurulmuşdur. Vətən müharibəsindəki qələbəmizdən sonra ölkəmiz bölgənin təbii relyefinin bərpası və inkişafı istiqamətində bütün səylərini birləşdirib. Ətraf mühitin qorunması və iqlim dəyişikliklərinə qarşı düşünülmüş strategiya yürütmək Azərbaycan dövlətinin qarşısında duran prioritet məsələlərdən biridir. Çünki işğal dövründə meşələr və təbii sərvətlər Ermənistan tərəfindən talanaraq biomüxtəlifliyə ciddi ziyan vurulub. Bununla da bölgənin ekotarazlığı pozulub.

 Prezident İlham Əliyevin tapşırığına əsasən Qarabağ və Şərqi Zəngəzur bölgəsinin yenidən qurulub bərpa edilməsi istiqamətində böyük işlər aparılır. Həyata keçirilən irimiqyaslı layihələr yalnız tikinti-quruculuq işlərini əhatə etmir. Eyni zamanda bölgənin təbiətinə dəymiş ciddi ziyan da aradan götürülür, meşələr yenidən bərpa olunur. Ermənistan tərəfindən kimyəvi tullantılarla çirkləndirilmiş Oxçuçay kimi şirinsulu çaylarımızın təmizlənməsi istiqamətində böyük addımlar atılır. "Yaşıl enerji" zonası, təmiz nəqliyyat, "ağıllı şəhərlər", "ağıllı kəndlər" kimi innovativ yanaşmalar, minlərlə hektar sahədə meşələrin bərpası buna misaldır. Təəssüflər olsun ki, qarşı tərəf yenə də öz xain əməllərindən əl çəkmir. Bu il Naxçıvan ilə sərhəddə Arazdəyən ərazisində Ermənistanın metallurgiya zavodu tikmək cəhdinin qarşısı alındı. Belə ki, qarşı tərəfin regional ekoloji problem yaradan bu cəhdi ölkəmizin ekologiyasına böyük təhdid idi. Ərazidə belə bir zavodun tikilməsi və tullantıların Cənubi Qafqazın ikinci böyük çayı olan Araz çayına axıdılması nəinki bu çayın, həm də Arpaçayın da çirklənməsinə səbəb olardı. Nəticədə, regionun flora və faunasına ciddi zərbə vurulacaq və insanlar arasında bir çox xəstəliklər yaranacaqdı. Azərbaycan tərəfinin etirazları nəticəsində, Ermənistan icazəsiz atdığı addımdan geri çəkildi. Onu da qeyd edək ki, dekabrın 25-də Azərbaycan Respublikasında 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi haqqında Prezident İlham Əliyev Sərəncam imzalamışdır.

2024-cü ildə keçiriləcək COP29 sadalanan faktları dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara çatdırmaq baxımından yüksək tribuna rolunu oynayacaq. Bu mənada, Bakıda keçiriləcək COP29-da iqlim dəyişikliyi, ənənəvi və alternativ enerji resurslarının gələcək istehsalı, istehlakı ilə bağlı bəyanatın imzalanması üçün böyük şans yaranacaq. Gələn il COP29-da təxminən 80-100 min insanın Azərbaycana gələcəyi bu tədbirin önəmindən, mötəbərliyindən xəbər verir və dünyanın diqqətini ölkəmizə yönəldir.

Ramidə YAQUBQIZI,

"Respublika ".