VIII GÜN. RETROSPEKTİV
Tarix

VIII GÜN. RETROSPEKTİV

Ötən hər gün, ay və il ölkəmizlə bağlı mühüm əhəmiyyətə malik, maraqlı, tarixi və taleyüklü hadisələrlə yadda qalır. Təbii ki, qəzetimizin saylarında həmin hadisələr barədə operativ yazılar, xəbərlər, rəylər verilir. "Respublika"nın "8-ci gün" rubrikası özlüyündə məram və məqsədlərimizi açıq ifadə edir. Belə ki, 8-ci gün ötən 7 gün ərzində istər ölkəmizin ictimai-siyasi, iqtisadi və mədəni həyatında, istərsə də onun hüdudlarından kənarda baş verənlərə yenidən nəzər yetirməklə Azərbaycanla bağlı ən önəmli 3 hadisəni qısa şərh formasında, lakonik tərzdə, digər mühüm hadisələri isə xronoloji qaydada oxucularımıza təqdim edirik.

5 may

  • Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti erməni qriqorian kilsəsinin əməllərini pisləməyə çağırıb.

6 may

  • Prezident İlham Əliyev Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatorunu qəbul edib.
  • Slovakiya Respublikasının Baş naziri Robert Fitso Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

7 may

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Slovakiya Respublikasının Baş naziri Robert Fitso mətbuata bəyanatla çıxış ediblər.

Əməkdaşlığın üfüqləri müsbət məcrada genişlənir

Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun ölkəmizə rəsmi səfərə gəlməsi iki ölkə arasında əlaqələrin dinamik inkişafı üçün olduqca böyük əhəmiyyət kəsb edir. Qeyd edək ki, bu, baş nazirin respublikamıza birinci səfəridir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Slovakiya Respublikasının Baş naziri Robert Fitso ilə geniş tərkibdə keçirilən görüşdə hər iki ölkə arasındakı əlaqələrin yeni mərhələsini olduqca yüksək qiymətləndirib. Səfər çərçivəsində Slovakiya-Azərbaycan əlaqələrinin perspektivləri haqqında fikir mübadiləsi aparılıb.

  • Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

8 may

  • Prezident İlham Əliyev və Prezident Rumen Radev mətbuata bəyanatla çıxış ediblər.
  • İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Zirvə görüşündə hökumət başçıları Ermənistanda müsəlman mədəni irsinin təhqir edilməsini və dağıdılmasını sərt şəkildə qınayıblar.

9 may

  • Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva faşizm üzərində Qələbə uğrunda həlak olan Azərbaycan övladlarının xatirəsini ehtiramla anıblar.

10 may

  • Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ulu öndər Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət ediblər.
  • Prezident İlham Əliyev Şuşaya qayıdan ilk sakinlərə mənzillərin açarların təqdim edilməsi mərasimində çıxış edib.

Qayıdışın mübarək, əziz Şuşa!

Mayın 10-da Şuşada yaşanan hissləri, duyğuları sözə sığışdırmaq mümkün deyil, kəlmələr, ifadələr bu təntənənin qarşısında çox acizdir. Bir vaxtlar kimsə desəydi ki, Şuşaya qayıdırıq, bu sözlər adama yuxu kimi gələrdi, nə xoş ki, bu yuxu qəhrəman oğullarımızın hünəri sayəsində həqiqətə çevrildi, Şuşa düşmən əsarətindən azad edildi. Prezident, qalib Ali Baş Komandan İlham Əliyev Azərbaycanı təhdid edənlərə, imperialist güclərə, ermənidən çox ermənilik edənlərə və xüsusilə, Fransaya açıq mətnlə mesaj verərək bildirdi ki, biz heç vaxt müharibə istəməmişik, bu gün də istəmirik. Bizə müharibə lazım deyil, bizə torpaqlarımız lazım idi. Minsk qrupunun 28 ildəki fəaliyyəti Azərbaycan xalqına qarşı yönəldilmişdir. Onların yalançı vədləri və fəaliyyətsizliyi təsadüfi deyildi. Onlar məsələni həll etmək istəmirdilər. Onlar bu torpaqları ermənilərə vəd vermişdilər. Bizim siyasətimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır.

  • Prezident İlham Əliyev Laçın rayonunun Sus kəndinə köçmüş sakinlərlə görüşüb.
  • Ölkə başçımız Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub.
  • Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub, birinci tunelin açılışında iştirak edib. Ölkə başçısı Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə də tanış olub.
  • Prezident İlham Əliyev Füzuli rayonunda Köndələnçay su anbarları kompleksinin, Şuşada "Şirin su" hamamının, Laçında kiçik su elektrik stansiyalarının açılışlarında iştirak edib.
  • Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində, Çöl Qala, Aşağı Gövhər Ağa məscidlərində aparılan bərpa işləri ilə tanış olublar. Mamayı məscidinin isə bərpadan sonra açılışında, Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər. Ölkə başçısı və Birinci vitse-prezident, həmçinin Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak edib və şəhərə köçmüş ilk sakinlərlə görüşüblər.

11 may

  • Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada "Xarıbülbül" VII Beynəlxalq Musiqi Festivalının açılışında iştirak ediblər. Dövlətimizin başçısı tədbirdə çıxış edib.

Qətiyyətin, dirçəlişin simvolu

Bu il mayın 11-də Şuşada Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə "Xarıbülbül" VII Beynəlxalq Musiqi Festivalı başlayıb. 13 maya qədər keçiriləcək festivalın açılışında Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak edib. Festivalın açılışında dövlət başçısı, sonra isə ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik çıxış edib. Qeyd edək ki, Şuşanın azad edilməsi ilə bizi tarixi qələbəyə aparan yol açılıb. 2021-ci ildə keçirilən "Xarıbülbül" festivalı ilə bütün dünyaya zəfər səsimiz çatdırılıb. Bu gün də qələbələr davam edir. "Xarıbülbül" Azərbaycanın əzmkar ruhunu və sarsılmaz əzmini əks etdirir. Xatırladaq ki, Şuşa şəhəri 2024-cü il üçün "İslam dünyasının mədəniyyət paytaxtı" elan olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən ilin noyabrında bununla bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Öz növbəsində "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalı da İslam dünyası ölkələri arasında mədəni əlaqələrin inkişafına töhfə verir.

  • Heydər Əliyev Fondu və ICESCO arasında əməkdaşlığa dair memorandum imzalanıb.

“Respublika”.