Dünyanın 10 ən yüksək dağı
Təbiət

Dünyanın 10 ən yüksək dağı

Planetimizin ən yüksək dağları öz möhtəşəmliyi və əlçatmazlığı ilə daim insanları məftun etmişdir. Onların hər birinin öz tarixi və rekrodları var. Bunlar dünyanın ən hündür 10 zirvəsi - Annapurnadan Everestə qədər olan dağlardır.

Hündürlüyü 8000 m-dən çox olan 14 dağ var ki, onlara tez-tez səkkizminlik deyilir. Onların hamısı Orta Asiyada yerləşir və öz möhtəşəmliyi və əlçatmazlığı ilə heyran edir. Bu yazıda sizi dünyanın ən hündür 10 zirvəsi ilə tanış edəcəyik.

1. EVEREST: DÜNYANIN ƏN YÜKSƏK DAĞI

Hündürlüyü: 8848 m.

Dünyanın ən yüksək dağlarının siyahısına Everest dağı (Comolunqma) başçılıq edir. Düzdür, 2019-cu ildə fransız alimləri təsdiq etdilər ki, dünyanın ən yüksək nöqtəsi Everest yox, Ekvadordakı sönmüş Çimborazo vulkanı hesab edilməlidir. Onlar qeyd ediblər ki, ekvatorda Yerin radiusu qütblərə nisbətən demək olar ki, 20 km daha genişdir və dağların hündürlüyünü planetin mərkəzindən ölçsəniz, Çimborazo Everestdən yüksəkdir - 6381 m-ə qarşı 6384 m.

Ancaq bu bəyanat hələ də mübahisəlidir, çünki dağların hündürlüyü zamanla dəyişə bilər. Belə ki, 2015-ci ildə Nepalda baş verən zəlzələdən sonra çinli tədqiqatçılar ən yüksək dağın vəziyyətini izləyiblər. Məlum olub ki, 2005-ci ildən 2015-ci ilə qədər Everest ildə 4 sm sürətlə şimal-şərqə doğru hərəkət edib və hər il 0,3 sm "böyüyüb". On il ərzində dağ 40 sm irəliləyərək 3 sm yüksəlib. Amma, zəlzələdən sonra Everestin hündürlüyü 2,54 sm azalıb.

Hal-hazırda Everestin rəsmi hündürlüyü 8848,86 m-dir.

 

2. ÇOQORİ – QATİL DAĞ

Hündürlüyü: 8611 m.

Çoqori dünyanın ikinci ən yüksək dağıdır. O, dünyanın 10 ən yüksək dağından Karakorumda yerləşən yeganə dağdır. Ən yüksək 10 dağın qalanları Himalay dağlarında yerləşir. O, elm adamlarına K-2 kimi də tanınır, burada "K" hərfi "Karakorum" deməkdir, 2 rəqəmi isə zirvənin seriya nömrəsidir. K-2 adı ona 1856-cı ildə İngilis polkovniki Tomas Montqomeri tərəfindən verilib. Xalq arasında onu “Qatil dağ” adlandırırlar, belə ki, çox az adam onun zirvəsinə qalxa bilir. 2010-cu ilə qədər Everest 5104 dəfə, K-2 isə 302 dəfə fəth edilib. K-2 dağını fəth etmək istəyən alpinistlərin arasında qadınlar da olub. Belə ki, zirvəyə ilk qalxan 1986-cı ildə polşalı qadın alpinist Vanda Rutkeviç olub. 2011-ci ildə isə avstriyalı qadın alpinist Gerlinde Kaltenbrunner təkcə Çoqori zirvəsini deyil, həm də planetin digər ən yüksək zirvələrini fəth edib və bunu dünyada ilk dəfə olaraq oksigen balonu olmadan edib.

 

3. KANÇENCANQA

Hündürlüyü: 8586 m.

Kançencanqa massivi beş dağ zirvəsindən ibarətdir, onlardan dördü 8 km-dən çoxdur və 1852-ci ilə qədər hündürlüyü 8586 m olan dağ (Kançencanqa) rekordçu hesab olunurdu. Sonralar elm adamları Everestin daha yüksək olduğunu hesabladılar.

Tibet dilindən tərcümədə dağın adı "böyük qarların beş xəzinəsi" deməkdir. Onun ətəyində yaşayan ləpça xalqı ilk insanların Kançencanqanın zirvəsindən götürülən qardan yarandığına inanır və özlərini “qarlı zirvələrin övladları” adlandırırlar.

 

4. LHOTZE: UZUN ZAMAN FƏTH EDİLMƏMİŞ DAĞ

Hündürlüyü: 8516 m.

Lhotze dağı Mahalanqur-Qimal silsiləsində, Nepal və Çinin sərhəddində yerləşir. Lhotze Everestdən 3 km cənubdadır və onları Cənub Aşırımı (7906 m) ayırır. Cənub aşırımından əsas zirvəyə qədər olan hündürlük 610 metrdir.

Lhotze üç uclu piramida formasında olub cənub, şərq və qərb (bəzən şimal-qərb) divarlarına bölünür. Əsas Lhotze (8516 m) zirvəsi ilə yanaşı şərq hissədə əlavə iki zirvə: hündürlüyü 8000 metrdən yüksək olan, müstəqil və alpinistlər üçün daha cəlbedici olan Orta Lhotze (8414 m) və Lhotze-Şar (8383 m) ayrılmışdır. 2001-ci ilə qədər Orta Lhotze hündürlüyü 8000 metrdən yüksək fəth olunmayan dağ kimi Ginnesin Rekordlar Kitabına düşmüşdür.

 

5. MAKALU: QARA NƏHƏNG

Hündürlüyü: 8485 m.

Mahalanqur-Himal silsiləsinin şərq hissəsində yeləşir. Bölgə ümumən mərkəzi Himalaya aid olub Çinlə (Tibet Muxtar vilayəti) Nepalın sərhəddindədir. Zirvəni Everestdən 22 km-lik məsafə ayırır. Dağın zirvəsi dördtərəfli piramidanı xatırladır. Makalu səkkizminliklər içərisində ən çox çətinlik yaradan dağ hesab olunur. Ekspedisiyaların ancaq 30%-i uğur qazana bilir.

Bu dağın yamacları o qədər sıldırımlıdır ki, qar dağa “oturmur”. Bu səbəbdən də dağ uzaqdan qara görünür. Bu, Çin dilində "qara nəhəng" mənasını verən adda əks olunur.

Dağ artıq 19-cu əsrin ikinci yarısında avropalılara məlum idi, lakin ilk dəfə onlar yalnız 100 il sonra, 1950-ci illərin ortalarında dağa dırmaşmağa cəhd olunub. “Qara nəhəngin” bu qədər zaman ərzində diqqətdən kənarda qalmasının səbəbi, Makalunun uzun müddət Everestin "kölgəsində" qalması və çox az alpinistdə onu fəth etmək xəyalının olması idi.

 

6. ÇO-OYU: ƏN POPULYAR ZİRVƏLƏRDƏN BİRİ

Hündürlüyü: 8201 m.

Ço-Oyu dağı səkkizminliklər içərisində altıncı hündür zirvədir. Tibet dilində Ço-Oyu "firuzəyi ilahə" deməkdir. Dağ Nepalla Çinin (Tibet Muxtar Vilayəti) sərhəddində yerləşir. Zirvə Himalaya aid olub Mahalanqur-Himal dağ silsiləsində daxildir. Ümumən bu silsilə Comolunqma dağ massivinin tərkibinə aiddir.

Alpinistlər arasında kifayət qədər təhlükəsiz yamaclara görə bu, Everestdən sonra ən populyar zirvədir.

2019-cu ildə Rusiya Elmlər Akademiyasının Sibir Bölməsinin Arxeologiya və Etnoqrafiya İnstitutunun alimləri Arizona Universiteti və Pekin Onurğalılar Paleontologiyası və Paleoantropologiya İnstitutundan olan həmkarları ilə birlikdə Tibetdə erkən Üst Paleolit ​​mədəniyyətinin əlamətlərini aşkar ediblər.  Tədqiqatlar Everest və Ço Oyu dağı da daxil olmaqla digər səkkizminliklər yaxınlığında aparılıb. Nəticədə mütəxəssislər belə qənaətə gəliblər ki, qədim insanlar dəniz səviyyəsindən 4000 m-dən çox hündürlükdə aktiv fəaliyyət göstərmiş və daş alətlər hazırlamışlar.

 

7. DHAULAGİRİ: 11 ZİRVƏDƏN İBARƏT DAĞ SİLSİLƏSİ

Hündürlüyü: 8167 m.

Dağ silsiləsi 11 zirvədən ibarətdir, lakin yalnız əsas Dhaulagiri I zirvəsi 8000 m-dən çoxdur, qalanları yeddiminlikdir. Çox az adama zirvəyə qalxmaq müyəssər olur. Alpinistlərin əksəriyyəti təxminən 7000 m yüksəklikdə dayanırlar. Burada dik, buzla örtülmüş yamaclar və uçqunların ölüm təhlükəsi yaratma riski çox böyükdür.

Dağ massivi öz adını əsas zirvədən - Dhaulagiridən götürmüş. Əsas zirvənin forması Dhaulagiri sözündə özünü göstərir. Sanskrit dilindən tərcümədə dhvala və ya davala «ağ» mənasını verir. Qiri isə «dağ» deməkdir.

 

8. MANASLU: PANQOLİNLƏRİN YAŞADIĞI DAĞ

Hündürlüyü: 8156 m.

Dağın ikinci adı Sanskrit dilində "ruhlar dağı" mənasını verən Kutanqdır. Yerli sakinlər hesab edirlər ki, dağa dırmaşmazdan əvvəl ağsaqqallardan icazə almaq lazımdır. Yalnız bundan sonra səfər uğurlu olacaq.

1998-ci ildə dağın ətrafında Manaslu Milli Parkı yaradılmışdır ki, bu da hazırda turistlər üçün gəzinti marşrutudur. Gəzinti zamanı turistlər dağların heyrətamiz dərəcədə gözəl fotolarını çəkə, həmçinin panqolinləri, qırmızı pandaları və mavi qoyunları görə bilərlər.

 

9. NANQAPARBAT: ƏN TƏHLÜKƏLİ SƏKKİZMİNLİKDƏN BİRİ

Hündürlüyü: 8126 m.

Annapurna və K-2 ilə birlikdə bu dağ ən təhlükəli üç səkkizminlikdən biridir. Sakit hava şəraiti yarım saat ərzində qar fırtınasına çevrilə bilər. Hava şəraitinin anidən və kəskin şəkildə dəyişməsi bu yerlər üçün tipik bir haldır.

Bunun səbəbi Nanqaparbatın Himalay dağlarının qərbində yerləşməsi və kifayət qədər isti iqlimin hökm sürdüyü düzənliklə həmsərhəd olmasıdır. İsti və soyuq hava kütlələri toqquşaraq havanın kəskin dəyişməsinə səbəb olur.

Dağın adı Urdu dilindən tərcümədə «Çılpaq dağ», Sanskrdan tərcümədə «Tanrıların dağı» mənasını verir.

Nangaparbat dağ massivi Qərbi Himalayada, Hind və Astor çayları arasında yerləşir. Massiv Pakistanın Gilgit-Baltistan (Kəşmir) bölgəsinə daxildir. Dağ massivi aydın seçilən dörd zirvədən ibarətdir.

 

10. ANNAPURNA: "BÖYÜYƏN" DAĞ

Hündürlüyü: 8091 m.

Annapurna — Himalay sıra dağlarında bir zirvədir. 55 km uzunluğunda olan bu silsilə üzərində yerləşən Annapurna I, 8091 metr yüksəkliyindədir və dünyanın on ən yüksək zirvəsindən biridir.

Annapurna massivində 6 əsas zirvə var:

  • Annapurna I 8091 m.
  • Annapurna II 7937 m.
  • Annapurna III 7555 m.
  • Annapurna IV 7525 m.
  • Gangapurna 7455 m.
  • Annapurna Cənub 7219 m.

Annapurna I səkkizminliklər arasında ilk dırmanılan zirvədir. Maurice Herzog və Louis Lachenal'dan ibarət fransız qrup zirvəyə 3 iyun 1950-ci ildə dırmanmışdır. 3 fevral 1987-ci ildə Jerzy Kukuczka və Artur Hajzer'dən ibarət polşalı qrup səkkizminliklərdən birində ilk qış dırmanmasını həyata keçirmişdir.

Dağ silsiləsi eyniadlı milli parkın bir hissəsidir, sahəsi 7629 km²-dir. Yaxınlıqda bir çox göl var, o cümlədən dünyanın ən yüksək göllərindən biri – Tilicho gölü buradadır. Tilicho dəniz səviyyəsindən 4949 m yüksəklikdə yerləşir.

Everest kimi Annapurna da böyüyür. Hesablamalara görə, 2015-ci ildə Nepalda baş vermiş zəlzələ nəticəsində dağ 20 sm yüksəlib.