Türkiyədə Atatürkü anma, Gənclik və İdman Bayramı günü qeyd olunur
Türk dünyası

Türkiyədə Atatürkü anma, Gənclik və İdman Bayramı günü qeyd olunur

19 may – Atatürkü Anma, Gənclər və İdman Bayramı günü hər il Türkiyədə böyük təntənə ilə qeyd edilir. Bayramın qeyd olunması ölkədə 1919-cu il mayın 19-da Milli İstiqlal müharibəsinin başladığı tarixlə əlaqədardır.

Bu gün Birinci Dünya müharibəsindən məğlub kimi çıxan Osmanlı dövlətinin Antanta qüvvələri tərəfindən işğalına qarşı Mustafa Kamal (1934-cü ildən Atatürk) və silahdaşlarının ölkənin bütövlüyü uğrunda hərbi mübarizəyə başladığı gün kimi tarixə düşüb.

Bu bayramın adı indiyə qədər üç dəfə dəyişdirilib. Atatürkü Anma, Gənclik və İdman Bayramı ilk dəfə 1926-cı ildə Samsunda "Qazi Günü" adı ilə qeyd olunub və 24 may 1935-ci ildə "Atatürk Günü" adı ilə rəsmiləşib. 1938-ci ildə ölümündən bir neçə ay öncə Mustafa Kamal Atatürk bu bayramı gəncliyə ərməğan edib. 20 iyun 1938-ci il tarixli qanunla 19 may "Gənclər və İdman Günü" adlandırılıb. 12 sentyabr çevrilişi ilə hakimiyyətə gələn Kənan Evrenin sədrlik etdiyi Milli Təhlükəsizlik Şurası 1981-ci ili Atatürkün anadan olmasının 100 illiyi kimi qəbul edərək, "Atatürk ili" elan edib. Bayram tədbirləri çərçivəsində "Gənclik və İdman Günü"nün adı dəyişdirilərək "Atatürkü Anma, Gənclik və İdman Bayramı" olub.

İstiqlaliyyət müharibəsinin başlanmasından düz 105 il ötür. Birinci Dünya müharibəsindən sonra vəziyyəti getdikcə gərginləşən Türkiyə çıxış yolları axtarmağa başlayıb. Müharibənin sonunda imzalanan Mudros müqaviləsindən sonra İstanbul, İzmir və digər Osmanlı torpaqlarının xarici qüvvələr tərəfindən işğalı Türk Milli Hərəkatının yaranmasına səbəb olub.

19 may 1919-cu ildə Çanaqqala döyüşünün iştirakçılarından biri olan Mustafa Kamal Paşa Samsuna gələrək, Sevr müqaviləsi ilə irəli sürülən şərtləri ləğv etmiş və ölkənin ərazi bütövlüyünü qorumağı hədəfləyən Türkiyə İstiqlaliyyət müharibəsi başlamışdı.

Qara dəniz bölgəsində yerləşən Samsun şəhəri işğalçılar üçün önəmli nöqtələrdən idi. 1919-cu il 16 may tarixində Mustafa Kamal Paşa 36-cı Osmanlı padşahı IV Mehmet Vahdəddin tərəfindən İstanbuldan "Bandırma" gəmisi ilə Anadoluya göndərilib. Mayın 19-da Samsuna çatan Mustafa Kamal Paşa (Atatürk) Türkiyənin Qurtuluş Savaşına rəhbərlik edib.

Bir çox tarixçilər bu günün müasir Türkiyə tarixindəki önəmini və ölkənin gələcəyində müstəsna rol oynadığını bildirirlər. Mövzu ilə bağlı açıqlama verən tarixçi Enver Demir deyib ki, bu gün Türk Azadlıq mübarizəsinin başladığı bir gündür. "1919-cu il 19 mayda Atatürkün başçılığı ilə 76 nəfərlik heyət Samsuna gəlib. Ölkədə ümidlərin tükənməyə başladığı bir vaxtda Mustafa Kamal "Türk milləti üçün kimdənsə asılı yaşamaqdansa, ölmək daha yaxşıdır" deyənlərlə birlikdə savaşa qalxıb. 1922-ci il 30 avqust tarixində qazanılan böyük zəfərədək davam edən bu müharibədə Mustafa Kamal hər zaman türk millətindən aldığı güclə hərəkət edib. 19 may, həmçinin Atatürkün ad günü kimi də qəbul edilir".

Onu da qeyd edək ki, Mustafa Kamal Atatürkün Samsuna gəldiyi gəmi hələ də Samsun sahilində qorunur. "Bandırma" adlı gəmi - Samsun muzeyinin ən dəyərli eksponatıdır.

Xatırladaq ki, Atatürkü Anma, Gənclik və İdman Bayramı Türkiyədən başqa, Şimali Kipr Türk Respublikasında da qeyd olunur.

Esmira YAZKAN ASLANOVA

"Respublika" qəzetinin

Türkiyə üzrə müxbiri.