Araz Vadisi İqtisadi Zonası: iqtisadi reinteqrasiyanın göstəricisi
İqtisadiyyat

Araz Vadisi İqtisadi Zonası: iqtisadi reinteqrasiyanın göstəricisi

Erməni işğalından azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda bərpa və yenidənqurma işləri öz axarı ilə davam edir. Yenidən həyata qayıdan kənd və şəhərlərimizdə müasir yaşayış məntəqələrinin salınması, genişmiqyaslı infrastruktur layihələrinin icra edilməsilə yanaşı, həm də iqtisadi dirçəliş yaşanır. Füzuli və Zəngilanda istifadəyə verilən hava limanları və Laçında inşası davam edən aeroport da biznes cəlbediciliyi baxımından mühüm rol oynayır.

O cümlədən nəqliyyat-logistika imkanlarının artırılması, müasir tələblərə cavab verən avtomobil və dəmiryolu xətlərinin çəkilməsi də məqsədyönlü iqtisadi reinteqrasiya tədbirlərinin əsas hissəsini təşkil edir. Bundan başqa, Qarabağ və Şərqi Zəngəzurun iqtisadi resursları, təbii ehtiyatları, enerji mənbələri, yeraltı metal filizi yataqları, termal suları, tikinti materialları üçün xammal bazası investor marağının artmasına səbəb olan əsas amillərdir. Bütün bu halları nəzərə alan Azərbaycan dövləti bu ərazilərdə investor və sahibkarlar üçün əlverişli şərait yaradıb. Nümunə üçün Ağdam və Araz Vadisi İqtisadi Zonası sənaye parklarında sahibkarların dövlət hesabına infrastrukturla təmin edilməsini göstərmək olar.

2021-ci il oktyabrın 4-də Prezident İlham Əliyevin imzaladığı Fərmana əsasən yaradılan Araz Vadisi İqtisadi Zonası Sənaye Parkı Cəbrayıl rayonunda yerləşir. Qeyd edək ki, Şərqi Zəngəzur iqtisadi rayonunun Arazboyu ərazisinin əsasən düzənlik relyefə və bölgənin cənub istiqamətində giriş qapısı mövqeyinə malik olması Araz Vadisi İqtisadi Zonası Sənaye Parkının fəaliyyəti üçün əlverişli şəraiti təmin edir. Logistik imkanlar baxımından əlverişli ərazidə təşkil olunması da investorların diqqətini cəlb edən əsas məqamlardan biridir. Sənaye Parkı yeni salınan magistral avtomobil yolu və dəmir yollarının üzərində yerləşir ki, bu da ərazidən həmin magistral yollara birbaşa giriş-çıxışı təmin edəcək. Həmin avtomobil və dəmir yolları 10 noyabr Bəyanatına əsasən açılması nəzərdə tutulan Zəngəzur dəhlizi vasitəsilə ölkəmizdən qardaş Türkiyəyə və əks istiqamətə, eləcə də Azərbaycan ərazisindən Rusiyaya yüklərin daşınması üçün yeni əlverişli imkanlar yaradacaq.

Araz Vadisi İqtisadi Zonası Sənaye Parkına sahibkarlar tərəfindən böyük maraq göstərilir. Artıq 5 sahibkarlıq subyekti Parkın rezidenti kimi, 1 sahibkarlıq subyekti isə qeyri-rezident kimi qeydiyyata alınıb. Bu layihələrin reallaşması nəticəsində, ümumilikdə Sənaye Parkına 32,7 milyon manat investisiya yatırılacaq, 420-dən çox daimi iş yeri yaradılacaq. Bu da öz növbəsində vətəndaşlarımızın daimi iş yerləri ilə təmin olunmasına böyük kömək göstərəcək.

Məlumat üçün qeyd edək ki, Sənaye Parkı 200 hektar ərazini əhatə edir. Parkın prioritet istiqamətləri kimi, logistika və ticarət mərkəzi, anbar kompleksləri, topdan və pərakəndə satış obyektləri, TIR parkı, gömrük, yanacaqdoldurma, avtomobil və digər texnikaların təmiri məntəqələrinin və s. təşkili müəyyənləşdirilib. Sənaye Parkında quruculuq işləri mərhələli şəkildə həyata keçirilir. Parkın ərazisi tam olaraq minalardan və hərbi sursatlardan təmizlənib. Sənaye Parkında fəaliyyət göstərəcək işçilərin və sahibkarların rahatlığının təmin edilməsi məqsədilə mobil şəhərcik salınıb. Şəhərcikdə yataqxana, yeməkxana, ofis, tibb məntəqəsi və aptek, market, qarışıq mallar mağazası, anbar, camaşırxana, bərbərxana, nəzarət-buraxılış məntəqəsi quraşdırılıb, əraziyə asfalt yol çəkilib, abadlıq işləri görülüb. Parkın ərazisində tikinti aparılacaq sahənin su ilə təmin edilməsi məqsədilə subartezian quyusu qazılıb. Ərazidə 630 kilovoltluq transformator məntəqəsi quraşdırılıb. Parkın işıqlandırılmasında günəş enerjisindən qidalanan panellərdən istifadə edilir. Sənaye Parkının ərazisində topoqrafik və mühəndis-geoloji tədqiqat işləri tam olaraq yekunlaşdırılıb.

Araz Vadisi İqtisadi Zonası Sənaye Parkında ölkədəki digər sənaye parklarında olduğu kimi, sahibkarlar üçün əlverişli investisiya mühiti formalaşdırılır. Belə ki, Sənaye Parkının rezidentləri dövlət vəsaiti hesabına hazır infrastrukturla (qaz, işıq, su, kanalizasiya, daxili avtomobil və dəmir yolları, fiber-optik və s.) təmin edilir. Eyni zamanda qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq, gəlir və ya mənfəət vergisindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı əlavə dəyər vergisindən və gömrük rüsumlarından azad olunurlar. Bunlarla yanaşı, İqtisadi Zonaların İnkişafı Agentliyi tərəfindən rezidentlərə hər cür təşkilati dəstək göstərilir. Həmçinin 2023-cü il yanvarın 1-dən etibarən Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərəcək sahibkarlar üçün əlavə güzəştlər tətbiq edilir. Bura sosial sığorta haqlarının subsidiyalaşdırılması, işğaldan azad edilmiş ərazilərdə məskunlaşaraq işləyən mütəxəssislərə güzəştlər də daxildir.

Ötən ilin may ayında Cəbrayıla səfər edən dövlət başçısı Sənaye Parkında "Holcim Azərbaycan" ASC-nin, "Az-Tex-Import" MMC-nin, "Improtex Qarabağ Sənaye Kompleksi" MMC-nin müəssisələrinin təməllərini qoyub və həmin ilin iyul ayında Rusiya Federasiyasının Tatarıstan Respublikasının rəisi Rüstəm Minnixanovla birgə Araz Vadisi İqtisadi Zonası Sənaye Parkında "Avto Lizinq Azərbaycan" MMC-nin açılışında iştirak edib. Nəzərə çatdıraq ki, şimal qonşumuzla Azərbaycanın ortaq müəssəsi olan "Avto Lizinq Azərbaycan" MMC tərəfindən Araz Vadisi İqtisadi Zonası Sənaye Parkının ərazisində texniki servis mərkəzi yaradılıb. Mərkəz yük avtomobilləri və kənd təsərrüfatı texnikalarına xidmət göstərilməsi sahəsində hab rolunu oynayacaq. Mərkəzdə işğaldan azad olunmuş ərazilərimizdə istifadə olunan 1500-dək avtomobilə, həmçinin yüklərin daşınmasını həyata keçirəcək tranzit avtomobillərə və digər texnikalara peşəkar xidmət göstəriləcək.

Musa BAĞIRLI,

"Respublika".