Avrasiyanın etibarlı nəqliyyat-logistika mərkəzi
İqtisadiyyat

Avrasiyanın etibarlı nəqliyyat-logistika mərkəzi

4-cü Sənaye inqilabı, xüsusilə də pandemiya dövründə yeni çağırışlar  dünyada fərqli ab-hava yaratdı. Belə bir məqamda ölkələrin əksəriyyəti baş verən proseslərin yaxından iştirakçısı olaraq öz maraqlarını təmin etməyə çalışdılar. Azərbaycan da öz növbəsində regionda yeni reallıqların yaradılması üçün imkanlarını səfərbər etdi.

Ölkəmiz Cənubi Qafqazda davamlı sülhün təmin olunmasına töhfə verməklə yanaşı, beynəlxalq platformalardan məharətlə istifadə edərək postmüharibə dövrünün reallıqlarını dünyaya çatdırır.

Bu gün dövlətimizin qarşısında duran əsas məsələ işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərini sürətlə həyata keçirmək, bölgənin iqtisadi inkişafına nail olmaq, keçmiş məcburi köçkünlərin öz doğma yurd-yuvalarına geri dönməsini təmin etməkdir. Bundan başqa, işğaldan azad edilən torpaqlarda inşa edilən yollar, reallaşdırılan layihələr regionun tranzit və logistik əhəmiyyətini artırır.

Dövlətimizin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin formalaşmasında müstəsna xidmətləri olmuşdur. Qədim İpək Yolu üzərində yerləşən ölkəmiz Bakı-Tbilisi-Qars dəmiryol xətti, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Şimal-Cənub beynəlxalq nəqliyyat və Trans-Xəzər tranzit dəhlizləri vasitəsilə Çin ilə Avropa arasında çoxxətli logistik körpü rolunu oynayır. Bu mənada, Zəngəzur dəhlizi xüsusi əhəmiyyət kəsb edir.

Dövlətimizin strateji hədəf və maraqları dairəsində olan Zəngəzur dəhlizi təkcə Azərbaycana deyil, ümumilikdə, regiona böyük fayda gətirməklə, beynəlxalq nəqliyyat layihələrində Cənubi Qafqazın rolunu artıracaq, regionu logistik mərkəzə çevirəcək, digər tərəfdaş ölkələrin maraqlarına, ümumi sosial-iqtisadi inkişafa və xalqlarının rifahının yüksəldilməsinə xidmət edəcək. Bu layihə uğurlu regional əməkdaşlıq nümunəsi olmaqla yanaşı, bölgədə sülhün və sabitliyin möhkəmlənməsinə öz müsbət təsirini göstərəcək.

Zəngəzur dəhlizi, eyni zamanda dünyada yükdaşımaların həcminin artdığı bir dövrdə Xəzər dənizində su nəqliyyatının inkişafına da töhfə verəcək. Çünki dəhlizin Avropa və Asiya ölkələri arasında qitələrarası yeni alternativ nəqliyyat şəbəkəsinin formalaşmasında əhəmiyyəti olduqca böyükdür. Bu baxımdan, Zəngəzur dəhlizi Uzaq Çin ilə Qərb dünyası arasında yeni nəqliyyat yolu, yükdaşımaların fasiləsiz və səmərəli şəkildə daşınmasında önəmli ticarət marşrutu kimi də çıxış etməklə respublikamıza və bütün iştirakçı ölkələrə yeni dividendlər qazandıracaq. Zəngəzur dəhlizi blokada şəraitində yaşamasına rəğmən öz inkişaf yolunu uğurla qət etmiş Naxçıvan Muxtar Respublikasının da Azərbaycanın əsas ərazisi ilə əlaqəsini təmin edəcək. Bu isə muxtar respublika vasitəsilə qardaş Türkiyə ilə əlaqələrin də möhkəmləndirilməsinə gətirib çıxaracaq.

Azərbaycan nəqliyyat infrastrukturunun inkişafı ilə bağlı irimiqyaslı layihələrin icrası üçün böyük həcmdə investisiya ayırıb. Ölkəmizdə avtomobil yollarının və dəmir yolu xətlərinin, xüsusilə, Gürcüstan, Rusiya və İran istiqamətində ölkə ərazisindən keçən magistral yolların beynəlxalq standartlar əsasında yenidən qurulması, paytaxtda, habelə regionlarda beynəlxalq hava limanlarının, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində gerçəkləşdirilən layihələr də nəqliyyat infrastrukturunun müasirləşməsində əhəmiyyətli rol oynayır.

Artıq Azərbaycan Avrasiyanın önəmli nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilib. Bu gün respublikamızın iştirakı ilə Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri səmərəli fəaliyyət göstərir. Şimal-Cənub nəqliyyat dəhlizi isə Şimali Avropa-Rusiya-Azərbaycan-İran-Hindistan ölkələrini əhatə etməklə bu istiqamətdə nəqliyyat təhlükəsizliyimizin təmin olunmasına xidmət edir.

Nəzrin ELDARQIZI,

"Respublika".