Azərbaycan özünün ərzaq təhlükəsizliyini təmin etmək üçün böyük potensiala malikdir
İqtisadiyyat

Azərbaycan özünün ərzaq təhlükəsizliyini təmin etmək üçün böyük potensiala malikdir

Bu gün Azərbaycanda kənd təsərrüfatı və aqrar sektorun inkişaf dinamikası dövlət quruculuğu strategiyasının əsas istiqamətlərindən biridir. Bu baxımdan, ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi illərdə kənd təsərrüfatına göstərilən xüsusi diqqət və qayğı, bu sahədə aparılan ardıcıl və uğurlu islahatlar ölkəmizi beynəlxalq arenada neft ölkəsi olmaqla yanaşı, yüksək potensiala malik aqrar dövlət kimi də tanıdıb. Dahi liderin rəhbərliyi ilə aqrar islahatların konseptual əsasları və qanunvericilik bazası hazırlanmış, ədalətlilik və səmərəlilik tələbləri önə çəkilməklə torpaqlar kəndlinin xüsusi mülkiyyətinə verilmişdir.

Bu sahənin dayanıqlı inkişafını təmin etmək üçün kənd təsərrüfatı istehsalçılarına, fermerlərə və aqrar sektorda çalışanlara vergi güzəştlərinin tətbiqi, kredit və subsidiyaların ayrılması məhsuldarlığın artırılmasına əsaslı təkan verib. Ölkəmizdə sağlam rəqabətin aparılması üçün hökumət strukturları ilə yanaşı, qeyri-hökumət təşkilatlarına, şirkət və sahibkarlara geniş imkanlar yaradılıb. Bu baxımdan, ölkəmizdə fəaliyyət göstərən "Agricola" şirkəti kənd təsərrüfatı sektorunda yüksək məhsuldarlığın əldə olunması üçün torpaq və bitkilərin gübrə ilə təminatını həyata keçirir. Bu günlərdə əməkdaşımız "Agricola" şirkətinin direktoru Xaliq Məmmədovla görüşüb. O, kənd təsərrüfatında keyfiyyətli və yüksək məhsuldarlığın əldə olunması üçün, rəhbərlik etdiyi qurumun həyata keçirdiyi səmərəli tədbirlərdən bəhs edib.

- Xaliq müəllim, rəhbərlik etdiyiniz şirkət ölkəmizdə həyata keçirilən aqrar islahatlara nə kimi töhfələr verir?

 - İlk öncə, qeyd edim ki, ölkəmizin iqtisadi inkişaf strategiyasında aqrar sahə mühüm əhəmiyyət kəsb edir. Azərbaycan iqtisadiyyatında ÜDM-in təxminən 5.6, məşğulluğun isə 45 faizi aqrar sektorun payına düşür.

Sovet dövründən indiyə qədər Azərbaycanda kənd təsərrüfatı sahəsi innovativ texnologiyaların tətbiq edilməsi ilə böyük inkişaf yolu keçib. Birmənalı olaraq qeyd etmək istəyirəm ki, Azərbaycanda bütün sahələrlə yanaşı, kənd təsərrüfatı və aqrar sektorun inkişaf tarixi də ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Onun ölkəmizə rəhbərlik etdiyi illərdə Azərbaycanda kənd təsərrüfatının inkişafına xüsusi diqqət və qayğı göstərilib. Bu strateji hədəf Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirirlir. Belə ki, Azərbaycanda regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramları qəbul olunduqdan sonra, ölkəmizin müxtəlif bölgələrində kənd təsərrüfatı məhsullarının istehsalı xeyli artıb. Yeni istehsal müəssisələrinin inşa edilməsi, sosial-iqtisadi infrastrukturların yaradılması, su kanallarının və ümumi meliorasiya sistemlərinin bərpası, istehsalçıların gübrə, toxum və yanacağa olan tələbatının ödənilməsi üçün subsidiyaların ayrılması aqrar sektorun inkişafına əsaslı təkan verib.

Kənd təsərrüfatı və aqrar sektor çoxsahəli yanaşma tələb edən, dünyada baş verən innovativ yeniliklərin və elmi nailiyyətlərin öyrənilərək tətbiq olunmasını diktə edən sahədir. Ona görə bu sahədə uğur qazanmaq üçün əldə olunan elmi nailiyyətləri zəncirvari izləyib öyrənmək lazımdır. Aqrar sektorla uzun illər məşğul olan mütəxəssis kimi deyə bilərəm ki, torpaqdan istədiyin məhsulu almaq üçün onu hiss edib, səndən nə tələb etdiyini bilməlisən. Daha doğrusu, torpaqla öz dilində danışmağı bacarmalısan. Torpağın insandan ən çox istədiyi onun xarakterinə uyğun gələn gübrə ilə təminatıdır. Torpağın istədiyi gübrə düzgün təyin edilib verilsə, o da yüksək məhsuldarlıq verər. Bu sahədə Hollandiya, Çin, Braziliya və digər ölkələrin təcrübəsindən yararlanmaq lazımdır.

Bu baxımdan, şirkətimiz Azərbaycanda hər bir regionun coğrafi iqliminə uyğun olaraq həmin bölgələrin torpaqlarında olan mineralların tərkibini analiz edir, ona lazım olan gübrənin təyinatını düzgün müəyyən etməklə keyfiyyətli və bol məhsulun əldə olunma imkanlarını həyata keçirir. Düzgün yanaşma, bərəkət gətirər. Məhz buna görə peşəkar mütəxəssisləri cəlb etməklə respublikamızın müxtəlif regionlarında fəaliyyət göstərən fermer təsərrüfatlarının rəhbərləri, kənd təsərrüfatı müəssisələrinin mütəxəssisləri ilə birgə iş aparırıq. Əsas məqsədimiz yerli torpaqların tərkibini müəyyənləşdirib, onun düzgün gübrələnməsini həyata keçirməklə yüksək məhsuldarlığın əldə olunmasını təmin etməkdir. Bu, çox vaxt və zəhmət tələb edən işdir. Amma qarşımıza qoyduğumuz məqsədə çatmaq üçün var gücümüzlə çalışırıq.

 "Agricola" şirkətində uzun illər kənd təsərrüfatı və aqrar sektorda çalışmış peşəkar mütəxəssislər fəaliyyət göstərir. İşimiz kompleks yanaşmanı tələb edən sahədir. Bu baxımdan, biz yüksək məhsuldarlığın əldə olunması üçün ilk öncə torpağın tərkibini öyrənməklə ona lazım olan mineral gübrələri müəyyənləşdiririk. Bununla bağlı mütəmadi olaraq fermer təsərrüfatlarının rəhbərləri ilə görüşlər təşkil olunur, effektli işin əldə olunması üçün kompleks tədbirlər həyata keçiririk. Şirkətimiz mineral və orqanik gübrələrin, bitki mühafizə vasitələrinin idxalı ilə yanaşı, konsaltinq sahəsində də səmərəli fəaliyyət göstərir. Yəni aqrar müəssisələrin fəaliyyətində sahibkarlara və fermerlərə yaxından dəstək verməklə iş əmsalımızı yüksəldirik. Buna sistemli, ardıcıl, elmi-metodiki fəaliyyətimizin nəticəsində nail oluruq. Əlavə olaraq, ailə-fermer təsərrüfatlarına, kiçik və orta biznes subyektlərinə, iri aqroparklara, istehsalçılara gübrə və bitki mühafizə vasitələrindən istifadə qaydaları barədə konsaltinq xidmətləri göstəririk. Misal üçün, torpağın analizini götürdükdən sonra laborator müayinələr aparırıq. Uyğun gübrələmə proqramını tətbiq edib, növbəti mərhələdə yarpaqdan analiz götürərək, mümkün xəstəlik ehtimallarını nəzərdən keçiririk. Əgər hər hansı bir xəstəlik aşkar edilərsə, mütəxəssislərimiz tərəfindən yerindəcə qabaqlayıcı tədbirlər görülür. İşin yüksək peşəkarlıqla aparılması üçün yerli mütəxəssislərlə yanaşı, xaricdən cəlb etdiyimiz mütəxəssislərin təcrübəsindən də yararlanırıq. Təbii ki, əsas hədəfimiz keyfiyyətli və bol məhsulun yetişdirilməsinə nail olmaqdır.

- Bu gün ərzaq və qida təhlükəsizliyi məsələsi dünyada aktual mövzulardan biridir. Bu sahəyə Azərbaycanda da xüsusi diqqət ayrılır. Təbii ki, ərzaq və qida təhlükəsizliyinin təminatı birbaşa aqrar və kənd təsərrüfatı sektorunun inkişafına bağlıdır. Ölkəmizdə ərzaq və qida təhlükəsizliyinin təminatına nə kimi dəstək göstərirsiniz?

- Ərzaq və qida təhlükəsizliyi hər bir insanın sağlam və məhsuldar həyat tərzinin təmin edilməsi deməkdir. Bu problemin həlli ilk növbədə yoxsulluğun azaldılması, ərzaq təminatının və qida məhsullarının səmərəsinin artırılması ilə bağlıdır. Hazırda dünyada 8 milyarda yaxın insan yaşayır. Bu mənada, dünya əhalisinin ərzaq ehtiyacını qarşılamaq, ərzaq və qida məhsullarının istehsal həcmini artırmaq, eləcə də məhsulların kimyəvi və mikrobioloji təhlükəsizliyini təmin etmək dünyanı narahat edən ən vacib amillərdən birinə çevrilib. Bu baxımdan, ölkəmizdə iqtisadi inkişafa nail olmaq üçün ərzaq və qida təhlükəsizliyinin təmin edilməsi qarşıda duran ən mühüm məsələlərdən biridir. Zəngin təbiətə və məhsuldar torpaqlara malik olan Azərbaycan özünün ərzaq və qida təhlükəsizliyi məsələsini təmin etmək üçün böyük potensiala malikdir. Bu xüsusda Prezident İlham Əliyev tərəfindən ölkəmizdə kənd təsərrüfatı və aqrar sektorun prioritet elan edilməsi, hərtərəfli dövlət dəstəyi sisteminin yaradılması və islahatların geniş vüsət alması aqrar sahənin uzunmüddətli dinamik inkişafına təminat verir. 2001-ci ildə Azərbaycanda Ərzaq Təhlükəsizliyi Proqramının qəbul edilməsi, 2017-ci ildə ölkəmizdə Qida Təhlükəsizliyi Agentliyinin yaradılması onu deməyə əsas verir ki, bu sahə dövlətimizin xüsusi diqqət mərkəzində dayanır. Ali Baş Komandanımızın rəhbərliyi ilə Müzəffər Ordumuzun 44 günlük Vətən müharibəsində qalib gəlməsi, ölkəmizin əkinəyararlı torpaqlarının işğaldan azad olunması və ərazi bütövlüyümüzün bərpası isə Azərbaycanda ərzaq və qida təhlükəsizliyinin təmin olunması istiqamətində yeni reallıqlar ortaya qoyub. İşğaldan azad olunan rayonlarda fermer təsərrüfatlarının yaradılması, əkin və otlaq sahələrinin bərpa edilməsi yüksək məhsuldarlıq imkanlarımızı daha da genişləndirəcək.

- "Agricola" şirkəti ölkəmizin rəqabət bazarında hansı üstün keyfiyyətləri ilə seçilir? Fəaliyyət proqramınıza uyğun olaraq respublikamızın bölgələrini gübrə ilə necə təmin edə bilirsiniz?

- Təbii ki, fəaliyyət proqramımızda gübrə idxalı ilə yanaşı, əsas hədəfimiz fermer təsərrüfatlarına səmərəli xidmət göstərməkdir. Çalışırıq ki, xidmət göstərdiyimiz təsərrüfatlar yüksək məhsuldarlığın bəhrəsini görsünlər. Bizim istehsal etdiyimiz məhsullar orqanikdir. Bu, rəqabət bazarı üçün olduqca zəruri amildir. Digər tərəfdən, dünyanın inkişaf etmiş aparıcı şirkətləri ilə əməkdaşlıq edir, onlardan yalnız Azərbaycanın müxtəlif bölgələrində olan torpaqların təyinatına uyğun gübrələr alırıq. Bu da yüksək məhsuldarlığın əldə olunmasına müsbət təsirini göstərir. Bununla bağlı anbarlarımızda məhsulların saxlanma şəraiti Qida Təhlükəsizliyi Agentliyinin normativlərinə cavab verir. "Agricola"nı digər şirkətlərdən fərqləndirən əsas cəhətlərdən biri də konsaltinq fəaliyyəti göstərməsidir. Fermerlərə bələdçilik etmək, onlara hərtərəfli dəstək vermək şirkətimizin uğur piramidası hesab olunur. Yaxın gələcəkdə respublikamızın bütün bölgələrini əhatə etməyi planlaşdırırıq. 

Şirkətimizin mütəxəssisləri mütəmadi olaraq ölkəmizin regionlarına səfər edir, fermer və sahibkarlarla görüşlər keçirirlər. Yaxın günlərdə cənub bölgəsində görüşlərimiz nəzərdə tutulur. Peşəkar mütəxəssislərimizlə birgə ölkəmizin 25-30 faiz torpaqlarının mineral və orqanik gübrələrə adaptasiya olunmasını özündə ehtiva edən proqram layihəsi hazırlamışıq.

"Agricola"nın regionlarda da filialları fəaliyyət göstərir. Yaxın günlərdə cənub bölgəsində çiyələk və kartof istehsalçılarının iştirakı ilə tədbir keçirməyi nəzərdə tuturuq. Cənub bölgəsində və Qarabağ iqtisadi regionunda, o cümlədən digər bölgələrdə fəaliyyətimiz uğurla davam edir. Regionlarda 31 satış məntəqəmiz mövcuddur. Altı adda torpaq gübrəsinin idxalını təşkil edirik. Daha çox kükürdlü gübrələrin tətbiq olunmasını stimullaşdırırıq. Baxmayaraq ki, bu sahə az rentabellidir, bəzən gəlir gətirmir, lakin potensialı çox yüksəkdir. Bu gübrələr Rusiya istehsalıdır və keyfiyyət baxımından tam zəmanətlidir. Yerli qanunvericiliyə uyğun olaraq laborator müayinələrdən keçirilib və yüksək keyfiyyətli məhsullar qrupuna daxil edilib. Ən çox ixtisaslaşdığımız sahə isə pomidor becərilən istixanalar və intensiv bağlardır. Maye gübrələrin idxalı da fəaliyyətimizdə xüsusi yer tutur. Bu gübrələr məhsuldarlığı artırmağa, ekologiyanın daha az ziyan görməsinə imkan verir. Gübrə bitkiyə torpaqdan deyil, yarpaqdan verilir ki, bu da orqanik məhsulların ərsəyə gəlməsinə kömək edir. Əsas hədəfimiz "Aqronomlar klubu"nu yaratmaqla, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən aqrar islahatlara əsaslı töhfələr verməkdir.

Etiraf edim ki, dünyanın heç bir ölkəsində fermerlərə dövlət səviyyəsində göstərilən dəstək, onlara ayrılan subsidiyaların həcmi Azərbaycandakı qədər deyil. Sadəcə yerlərdə icra mexanizminin lazımi və düzgün səviyyədə təşkil olunmaması, fermer və sahibkarlar arasında maarifləndirmə işinin düzgün qurulmaması inkişaf prosesini ləngidir. Fermerlərin gübrələri vaxtında alıb istifadə etməsi zəruridir. Yalnız bu yolla məhsuldarlığın artırılmasına, ərzaq təhlükəsizliyinə, bazarda bolluğa və ucuzluğa nail olmaq mümkündür.

Azərbaycanda əhalinin təxminən 46 faizi kənd təsərrüfatı sahəsi ilə məşğuldur. Hollandiyada isə bu rəqəm 2 faiz civarındadır. Hollandiya bütün dünyaya pendir, gül, gübrə, yağ və digər ərzaq məhsulları satır. Çünki onlar bütün qayda-qanunlara əməl edirlər. Bizdə isə bu məsələlərin həllində bir çox problemlər mövcud olduğu üçün o səviyyəyə qalxa bilmirik.

- Müsahibəyə görə təşəkkür edirik.

Müsahibəni apardı:

Qədir ASLAN,

“Respublika”.