Azərbaycanı dünya ilə bağlayan neft kəməri - Bakı-Tbilisi-Ceyhan
İqtisadiyyat

Azərbaycanı dünya ilə bağlayan neft kəməri - Bakı-Tbilisi-Ceyhan

Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin təməlinin qoyulmasından 21 il ötür. "Əsrin müqaviləsi" ilə bünövrənin qoyulması, ardınca Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin çəkilişinə xüsusi diqqət ayırması Heydər Əliyev diplomatiyasının və yeni neft strategiyasının mühüm qələbəsi idi.

Dünya dövlətləri sırasında zəngin neft yataqlarına malik ölkələr çoxdur. Amma bu ölkələrin heç də hamısı milli sərvətlərindən lazımi qaydada istifadə etməklə xalqa fayda verə bilməyiblər. Bəzi ölkələr böyük dövlətlərin geosiyasi maraqlarının qurbanına çevrilib. Digərləri isə bu sərvət uğrunda aparılan daxili və qonşuları ilə müharibənin nəticəsində neft iqtisadiyyatını məhv ediblər. Azərbaycan isə imkanlarını layiqincə qiymətləndirərək bu gün Cənubi Qafqazda lider dövlətə çevrilib. "Bakı-Tbilisi-Ceyhan" kəməri və ona qarşı çıxan qüvvələrə rəğmən 1998-ci ildə ATƏT-in İstanbul şəhərində keçirilən sammitində hüquqi status alması layihənin daha da tanınmasına şərait yaratdı. Daha sonrakı hadisələr isə öz məntiqi axarı ilə davam etdi. Belə ki, müvafiq olaraq, 2002-ci il sentyabrın 18-də Bakıda Səngəçal terminalının ərazisində Azərbaycan, Gürcüstan və Türkiyənin dövlət başçıları Heydər Əliyev, Eduard Şevardnadze və Əhməd Necdət Sezərin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təməli qoyulub. 2003-cü ilin fevral ayında Səngəçal terminalından başlayaraq kəmərin tikintisinə start verilib. 2004-cü ilin oktyabrında BTC-nin Azərbaycan hissəsi Gürcüstan ərazisindən keçən hissəsi ilə birləşdirilib. BTC-nin Gürcüstan hissəsi 2005-ci ilin oktyabrında istifadəyə verilib. Kəmərin təntənəli açılış mərasimi isə 2006-cı il iyulun 13-də Türkiyənin Ceyhan şəhərində keçirilib.

Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin çəkilməsi ilə reallaşan, Ulu Öndər Heydər Əliyevin bir neçə onilliklər üçün hesablanan neft strategiyasının uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan dünya birliyində siyasi-iqtisadi inkişafı, qlobal hadisələrə təsir imkanları artan qüdrətli dövlət kimi tanınır, qəbul olunur. Əminliklə demək olar ki, üç dənizin əfsanəsi adlandırılan, minilliyin ən böyük neft ixracı marşrutlarından sayılan Bakı-Tbilisi-Ceyhan haqqında deyilən və "geniş məkan" mənasında işlədilən qlobal layihə sözü ötən müddətdə öz təsdiqini tapıb.

 Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış, yeni neft strategiyasının təməl daşını təşkil edən "Əsrin müqaviləsi"nin imzalanması ilə müstəqil Azərbaycan dövlətinin tarixində milli neft strategiyası həyata keçirilməyə başlandı. Məhz bu müqavilədən sonra dünya dövlətlərinin Azərbaycan iqtisadiyyatına marağı artdı. Ölkəmizin beynəlxalq əlaqələrinə güclü təkan verildi. "Əsrin müqaviləsi"nin mühüm tərkib hissələrindən birini də xarici şirkətlərlə birlikdə hasil olunan neftin nəqlini və xarici bazarlara ixracını təmin edəcək çoxvariantlı boru nəqliyyat infrastrukturu yaradılması təşkil edir. Ümummilli lider Heydər Əliyev məsələdə qətiyyət nümayiş etdirərək Azərbaycan neftini Aralıq dənizi vasitəsilə dünya bazarlarına çıxaracaq Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri ideyasını irəli sürdü. Bu ideyanı qəbul etmək istəməyən bəzi qüvvələrin cəhdlərinə baxmayaraq, ulu öndərin böyük səyləri və gərgin keçən danışıqların məntiqi nəticəsi olaraq bu layihə həyata vəsiqə aldı. Belə ki, ATƏT-in 1999-cu il noyabrın 18-də İstanbul sammitində Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin çəkilişi ilə bağlı Bəyannamə imzalandı. Beləliklə də Bakı-Tbilisi-Ceyhanın reallığa çevrilməsi üçün hüquqi baza yaradıldı. Daha sonra isə layihənin bəzi detallarının dəqiqləşdirilməsi, lazımi maliyyə mənbələrinin müəyyənləşdirilməsi ilə bağlı danışıqlar aparıldı.

 2002-ci il sentyabrın 18-də Bakıda Səngəçal terminalının ərazisində Azərbaycan, Gürcüstan və Türkiyə dövlət başçıları Heydər Əliyev, Eduard Şevardnadze və Əhməd Necdət Sezərin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təməli qoyuldu. Bununla da ümummilli lider Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyasının mühüm tərkib hissələrindən olan Bakı-Tbilisi-Ceyhan layihəsinin reallığa çevrilməsinə başlanıldı. Ulu Öndərin qətiyyətli neft strategiyasının ardıcıl şəkildə həyata keçməsi sahəsində misilsiz xidmətlər göstərən Prezident İlham Əliyev 2003-cü ildə dövlət başçısı kimi fəaliyyətə başladığı ilk günlərdən etibarən layihənin gedişatı ilə bağlı şəxsən maraqlanır, vaxtaşırı olaraq tikinti işləri ilə tanış olurdu. Nəhayət, 2005-ci ilin aprelində tikinti işləri yekunlaşdırıldı. 2006-cı il iyulun 13-də Türkiyənin Ceyhan şəhərində XXI əsrin ən böyük layihəsi olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təntənəli açılış mərasimi keçirildi. Azərbaycan Respublikasının iqtisadi siyasətinin ən böyük uğurlarından sayılan Bakı-Tbilisi-Ceyhan ölkəmizin Avrasiya regionunda mövqeyini xeyli gücləndirib. Bakı-Tbilisi-Ceyhan boru kəməri mühüm texniki iqtisadi əhəmiyyətə malik olmaqla yanaşı, həm də böyük siyasi məzmun kəsb edir. Belə ki, bu kəmər dünya dövlətləri ilə Azərbaycanın yeni münasibətlərinin qurulmasına təkan verib, ölkəmizin xarici siyasətinin güclənməsinə zəmin yaradıb.

Təbii ki, bu boru kəmərinin Azərbaycana qazandırdığı beynəlxalq nüfuz və iqtisadi cəhətdən yüksəliş mənfur qonşumuz Ermənistanı daima narahat edir. Bu narahatlıqlarını isə İkinci Qarabağ müharibəsində daha aydın gördük. Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə işğalçı ölkənin silahlı qüvvələri 6 oktyabr 2020-ci il tarixdə regionun ən böyük strateji layihəsi, Avropanın enerji təhlükəsizliyi sahəsində mühüm yer tutan Bakı-Tbilisi-Ceyhan neft kəmərini hədəfə almaqla kəmərin Yevlax rayon ərazisindən keçən hissəsinə raket zərbələri endirməyə cəhd göstəriblər. 300+ kaset tipli bombaların qəlpələri ətrafa yayılmış, boru kəmərindən 10 metr aralı düşdüyü üçün heç bir ziyan dəyməmişdir. Təbii ki, bu da Ermənistanın müharibədə apardığı çirkin siyasətin açıq təzahürüdür. Məğlub olan ermənilər ikinci bir təxribata da əl atdılar. Ermənistan Müdafiə Nazirliyinin xüsusi təyinatlı kəşfiyyat hərbi hissəsində qrup komandiri Sarqsyan İşxan Aşoti və mühəndis istehkamçı qismində hərbi xidmət keçən Rafaelyan Vladimir Otari 27 may 2021-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini Kəlbəcər rayonu istiqamətində qanunsuz olaraq keçməyə cəhd göstərib, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi həmin ərazidə dislokasiya olunmuş bölmələrinin və digər təyinatlı məntəqələrin Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndi ərazisindən keçən təminat və digər keçid yollarında minalanma işlərini həyata keçirib. Qeyd olunan şəxslərin həmin cinayət əməllərini törətmələri müəyyən edilərək cinayət başında yaxalanıb. Daha sonra baş tutan məhkəmə-istintaq prosesində isə təqsirləndirilən şəxslər onlara verilən tapşırıqlardan birinin Bakı-Tbilisi-Ceyhan kəmərinin partladılması olduğunu bildiriblər. Həmçinin 2020-ci ildə İkinci Qarabağ müharibəsindən əvvəl baş vermiş Tovuz döyüşlərində Bakı-Tbilisi-Ceyhan kəmərini də açıq hədəf almışdılar. Ümumiyyətlə, Tovuz şəhəri bu nəhəng layihə üçün ən strateji mövqelərdən biridir. Azərbaycan Ordusunun Tovuz istiqamətində yerləşən bölmələri daima bu boru xəttinin güclü müdafiə olunmasına çalışırlar.

Layihənin statistika tərəfinə baxsaq, təkcə 2023-cü ilin birinci yarısında Bakı-Tbilisi-Ceyhan kəməri üzrə əməliyyat xərclərinə təxminən 59 milyon dollar, əsaslı xərclərə isə 18 milyon dollar vəsait xərclənib. Avqustun 10-da "British Petrolium"un dərc etdiyi hesabata görə, 1768 km uzunluğunda olan Bakı-Tbilisi-Ceyhan boru kəməri 2006-cı ilin iyul ayında istismara verilən müddətdən 2023-cü ilin birinci rübünün sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 546 milyon tondan çox xam neft nəql edilib və Ceyhan şəhərində 5402 tankerə yüklənərək dünya bazarlarına göndərilib. İlk 6 ay ərzində Bakı-Tbilisi-Ceyhan vasitəsilə ixrac olunmuş təqribən 15 milyon ton xam neft və kondensat Ceyhan terminalında 158 tankerə yüklənib və yola salınıb. Qeyd edək ki, hazırda Bakı-Tbilisi-Ceyhan boru kəməri əsasən Azərbaycandan "Azəri-Çıraq-Günəşli" nefti və "Şahdəniz" kondensatı daşıyır. Bundan əlavə, kəmər vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri də nəql olunur.

Azərbaycan Respublikasının müstəqilliyinin möhkəmlənməsində Bakı-Tbilisi-Ceyhan kəmərinin rolu danılmazdır. Dövlət başçısı İlham Əliyevin dediyi kimi: "Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikilməsi nəticəsində biz artıq pəncərədən başlayaraq böyük qapı açdıq. Azərbaycanı beynəlxalq enerji ailəsinə daxil etdirə bildik. Həm siyasi, həm iqtisadi baxımdan böyük uğurlar əldə edə bilmişik".

Tacir SADIQOV,

"Respublika".