Azərbaycanlı həkimlərlə görüş
Diaspora

Azərbaycanlı həkimlərlə görüş

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Rusiyada fəaliyyət göstərən və hazırda Bakıda olan bir qrup azərbaycanlı həkimlə görüşüb. 23 iyun qurumdan verilən məlumatda bildirilir.

Tədbir iştirakçılarını salamlayan Komitə sədri dünyanın bir sıra inkişaf etmiş xarici ölkələrinin məşhur tibb müəssisələrində böyük müvəffəqiyyətlə fəaliyyət göstərən, öz elmi nailiyyətləri ilə dünya elminə töhfə verən həkimlərimizi Azərbaycanda görməkdən məmnun olduğunu söyləyib.

Azərbaycan Prezidenti İlham Əliyevin mədəniyyət paytaxtımız Şuşada keçirilmiş Dünya Azərbaycanlılarının V (Zəfər) Qurultayında xaricdə yaşayan azərbaycanlı alimlərin qüvvələrinin birləşdirilməsi ilə bağlı tövsiyəsini xatırladan Komitə sədri  bu istiqamətdə həyata keçirilən layihələrə diqqəti cəlb edib.

Komitə sədri dünyanın bir çox ölkələrində fəaliyyət göstərən həkimlərimizin Azərbaycan dövlətinin, xalqının taleyüklü məsələlərinə biganə qalmadığını, Vətənin çətin günlərində öz əməklərini əsirgəmədiklərini qürurverici hal adlandırıb.

Tədbirdə çıxış edən qonaqlar görüşə görə minnətdarlıqlarını bildirib, komitənin xaricdəki alimlərlə bağlı həyata keçirdiyi layihələri yüksək qiymətləndirib, müxtəlif ölkələrdə çalışan azərbaycanlı həkimlərin komitə ilə əlaqələrinin yüksək səviyyədə olmasında maraqlı olduqlarını vurğulayıblar.

“Respublika”.