Dövlət tərəfindən şəhid ailələrinə, müharibə əlillərinə göstərilən diqqət və qayğı Biləsuvar rayonunda da uğurla davam etdirilir. Onlarla bağlı rayonda geniş miqyaslı sosial dəstək tədbirləri həyata keçirilir. Bu tədbirlərin davamı olaraq, ölkəmizin bütün bölgələrində olduğu kimi, Biləsuvar rayonunda da yaşayan şəhid ailələrinə və qazilərimizə fərdi evlər tikilərək təqdim olunur.
Biləsuvar rayonunda Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə əlil olmuş qazilərə və şəhid ailələrinə tikilmiş fərdi yaşayış evlərinin açılış mərasimində Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev şəhid ailələrinə və müharibə əlillərinə yeni fərdi evlərin sənədlərini təqdim etdilər.
Tədbirdə qeyd olunub ki, xalqımıza möhtəşəm Zəfər sevinci bəxş edən qəhrəman şəhidlərimizin ailələrinə, müharibədə sağlamlıqlarını itirmiş igid hərbi qulluqçularımıza daim xüsusi diqqət və qayğı göstərilir. Onların sosial müdafiəsi, o cümlədən mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində ardıcıl olaraq mühüm addımlar atılır.
Qeyd edək ki, 2022-ci ildə Biləsuvar rayonu ərazisində Qarabağ Müharibəsi əlili və şəhid ailəsi üçün 12 fərdi yaşayış evinin tikintisinə başlanmışdır. Tikintisi tam başa çatmış 5 mənzil sahiblərinə təqdim olundu. Qalan mənzillərin də bu ilin sonuna kimi başa çatdırılması planlaşdırılır.
Şəhid ailə üzvləri və Qarabağ müharibəsi əlilləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Ərəstun ABDULOV,
“Respublika”.